- Köhnə - Cəmiyyət
- 29 Oktyabr 2012 07:24
- 7 426
Zəngilanın 400 illik ağacları qırılıb
Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan və diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu.
Həmçinin, ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, "xarı bülbül", səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdı.
Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "ölü zonaya" çevirmiş, nəticədə çay suyunda formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanıb.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırılıb.
Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılaraq daşınıb.
Elnarə Əlosmanqızı
AzNews.az