Ölüsü də, dirisi də qiymətli Firəngistan

Aqil Lətifov


İkinci dünya müharibəsindən sonra Fransa ilk dəfə idi ki, belə bir ağır terrorla sarsılırdı. Təkcə Fransa deyil, eyni zamanda terrorun yaşam tərzinə çevrildiyi, başqa sözlə, terrorla yatıb-qalıxan müsəlman aləmi (!), habelə bütün dünya bu olaydan məyus oldu. Sarsılan dünyanın və müsəlman aləminin içərisində Fransanın birbaşa olmasa da, dolayısı ilə dəstəklədiyi terrordan əziyyət çəkən biz də varıq. Hər halda xalqımıza qarşı dövlət səviyyəsində terror həyata keçirən Ermənistanın havadarları arasında Fransanın ilk yerlərdə dayandığını bilməmiş deyilsiz...

Amma bir çoxumuz buna rəğmən, Fransanın (dolayısı ilə Ermənistanın) yanında olduq. Ya unutqanlıqdan, ya başqa özəl səbəblərdən...

***

Fransada elan olunan üç günlük matəmə görə bizimkilər bir neçə gündür ki, feysbukda yas saxlayaraq, profil şəkillərini üzərində Əlcəzair müsəlmanlarının qanı olan Fransa bayrağı ilə bəzəyiblər. Bu, hər kəsin öz seçimidir və hər kəs profilinə nəyi qoyduğunu, yaxud da başı üzərinə hansı ölkənin bayrağını qaldırdığını özü bilər. İstər bu, Əlcəzairdə müsəlman qırğını həyata keçirən, habelə Azərbaycan müsəlmanlarının soyqırımına göz yuman, düşmənlərimizə havadarlıq edən Fransanın, istərsə də Ermənistanın bayrağı olsun, fərq etməz. Burada maraqlı məqam başqadır. Hər gün müsəlman ölkələrində onlarla terror hadisəsi olur. Bəlkə də, xristian ölkələrində bir ildə ölən insan müsəlman ölkələrində bir gündə terrorun qurbanı olur. Bəs onlarçün niyə matəm saxlamırsız? Niyə profil şəkillərinizə Suriyanın, İraqın, Əfqanıstanın, Fələstinin bayraqlarını yerləşdirmirsiz? Əslində, bunun niyəsi mənə məlumdu... Yoxsa Üzeyir Hacıbəyov felytonlarından birində dediyi kimi, siz ağ pencəyin üzərində qara ləkə görmək istəmirsiz (?), çirk içində olan libasa nə olur-olsun...

***

Tez-tez səsləndirilir ki, terrorun, terrorçunun vətəni, milləti, irqi, dini olmur. Amma mən əminliklə deyirəm ki, bu, yanlış fikirdi. Daha doğrusu, biz müsəlmanlar üçün bu, belədir. Lakin xristian dövlətləri üçün terrorun və terrorçunun vətəni də olur, irqi də, milləti də, dini də, hələ üstəgəl... Bunun dəfələrlə şahidi olmuşuq. Tarixə nəzər salsaq, bunun yüzlərlə örnəyini görərik. Uzaq keçmişə deyil, yaxın dövrlərə baxmaq kifayətdir. Qarabağ hadisələrinimi, Xocalı soyqırımınımı, Türkiyədə baş verən terrorlarımı, yoxsa Yaxın Şərqdə yerləşən müsəlman ölkələrindəki insan qırğınınımı, miqrantların başına gətirilən min bir oyunumu, onların mavi sularda batırılıb öldürülməsinimi deyək?! Məgər xristian dövlətlərinin müsəlmanlara qarşı gözucu yanaşması, yuxarıdan aşağı baxması, bizim ölkələrə qarşı həyata keçirilən qeyri-insani hərəkətləri və ya belə hallara kor, lal olması ilə bağlı faktlar birmi, ikimidir?! Lakin təəssüf ki, biz unutqanıq və bu cür yanaşmanı o dəqiqə unuduruq. Nəinki unudur, hətta Qərb üçün, Avropa üçün sino getdiyimizi hər vəchlə onların gözünə soxuruq. Utanmadan deyən də tapılır ki, siz bizim ölkəmizi və ya başqa müsəlman ölkəsini partladın, millətimizi qarışqa kimi qırın, qorxmayın, biz də sizə dəstək verəcək, sizdən biri olmağa çalışacağıq.

***

Fakt budur ki, zənginin, başqa sözlə, Firəngistanın (Avropanın, Qərbin) ölüsü də qiymətlidir, dirisi də. Qərb, habelə okeanın o tayı bir vətəndaşının burnunun qanamasından ötrü hətta bütün müsəlman dünyasını yerlə-yeksan etməyə hazırdı. Necə ki, ABŞ bir neçə vətəndaşından ötrü (insan həyatından dəyərli olmayan hansısa maraqlara görə) Əfqanıstan müsəlmanlarını bombaladı və bu günə qədər də oradakı vəziyyət hər birinizə məlumdur. Yaxud ABŞ, Avropa hansısa məqsədlər üçün Liviyanı, Suriyanı, İraqı, Fələstini, demək olar ki, xəritədən sildi. Adı olub özü olmayan bu dövlətlərdə hər gün yüzlərlə müsəlman terrora qurban gedir. Lakin müsəlmanların faciəsini, təbii sərvətlərinin talan edilməsini, ərazilərinin xəritədən silinməsini, loru dildə desək, veclərinə belə almırlar. Üstəgəl, səbəb olduqları faciənin qurbanlarının üzərinə sərhədlərini qapayırlar...

***

Onların müsəlmanlara biganə münasibətini "siyasətə qarışmayan" yaşıl meydanlarda belə görmək mümkündür. Deməli, ötən həftəsonu milli komandalar səviyyəsində həm Avropa futbol çempionatına qatılmaq üçün pley-off oyunları keçirilirdi, həm də yoldaşlıq matçları. Diqqətimi çəkən məqam isə bütün futbol komandalarının oyuna qara sarğı ilə çıxması idi. Yadımdadır ki, Türkiyədəki hansısa terror olayına görə UEFA Türkiyə millisinə meydana qara sarğı ilə çıxmağa icazə verməmişdi. Yaxın Şərqdəki insan faciəsinə görə də qara sarğılı oyunlar gözə dəymir. Əslində, bu, kiçik görünsə də, insani münasibətlər müstəvisində böyük və daha acı nəticələrə hamilə olan bir faktdır.

***

Bəzən özümüzə sual veririk ki, biz müsəlman cəmiyyətləri xristian ölkələrindəki terror hadisələrinə üzüldüyümüz kimi, onlar da bizim faciələrimizə acıyırmı? Baş verən proseslərə qısaca nəzər salsaq, bunun cavabını tapmaq çətin olmaz. İnanın ki, onlar müsəlman ölkələrindəki terror olaylarından zərrə qədər bikef olmurlar, əksinə, bundan zövq alırlar. Belə olmasaydı, bizi barbar, vəhşi, terrorçu kimi dünyaya sırımağa çalışmazdılar. Yəni onlar bizi özününkü kimi görmür, özləri ilə bir tərəziyə qoymaq istəmirlər. Biz müsəlmanlar isə istənilən ölkədə baş verən terror olaylarına içdən üzülür, bütün bunları özümüzə qarşı cinayət kimi qəbul edirik. Bu xüsusiyyət yalnız və yalnız bizə xasdır.

Bax, bütün bunlar onların əsl simasıdır. Məhz Fransadakı terror bütün bunları bir daha gün işığına çıxardı. Nə qədər ki, bunu görmək istəməyəcək, onların əlində alət olmaqdan qaçmayacağıqsa, hər zaman əzilən tərəf, onlar isə həm suçlu, həm də güclü olacaq.

***

Təəssüf ki, bütün bunlar azmış kimi, bir çoxu yenə Avropadan, Qərbdən mədəd umur, mərhəmət gözləyir. Üstəgəl, belə yanaşmanı görə-görə Qərbə, Avropaya inteqrasiya etmək üçün dəridən-qabıqdan çıxırlar. Dəyərləri bu cür baş-ayaq olan, dini, irqi, milli ayrıseçkiliyə yol verən cəmiyyətə inteqrasiya etməliyikmi? Bir baxın, hansısa müsəlman ölkəsində terrora, terrorçuya, milli, dini, irqi fərq qoyulurmu?

***

Son olaraq deyim ki, artıq dünya hara gedəcəyi barədə bir qərar verməli: yenəmi terrora, terrorçuya milli, dini, irqi, vətən ayrı-seçkiliyi qoyacaq, yoxsa buna bizim kimi yanaşacaq? Göründüyü kimi, müsəlman ölkələrində terrora qapı açıb, müsəlmanların qırğınına göz yumaraq, çəkilib evində oturmaqla olmur bu işlər. Çünki sən terrorçuya, terrora milli, dini, irqi, vətən ayrı-seçkiliyi qoya bilərsən, amma terrorçu üçün bunun heç bir fərqi yoxdur. Başqa sözlə, sənin terorun, mənim terrorum, sənin terrorçun, mənim terorçum deyə bir şey yox...

P.S. Fransa yaxın günlərdə bayrağına daha bir xalqın, günahsız suriyalı müsəlmanların qanını əlavə etsə, təəccüblənməyin.