"Ali təhsilin bölgələrə yayılması zəruridir" – Məzahir Məmmədli

"Artıq ali təhsil müəssisələrinin Bakıdan kənara köçürülməsi ilə bağlı dəfələrlə müzakirələr aparılıb və bu istiqamətdə müəyyən təkliflər səsləndirilib. Lakin görünən odur ki, Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyasında bu məsələ ilə bağlı Nazirlər Kabinetinə təkliflərin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulub. Bu isə artıq çox ciddi bir qərardan xəbər verir ki, bu istiqamətdə müəyyən addımların atılması zəruri idi. Ancaq biz baxaq görək, Azərbaycan ərazisində yerləşən universitetlərin ən sıx olduğu yer Bakı şəhəridir və bu sıxlığın aradan qaldırılması, universitetlərin köçürülməsi prosesi çox böyük maliyyə tələb edən bir məsələdir. Bununla belə, bizdə bir ənənə də var. Məsələn, regionlarda aparılan müəyyən islahatlar nəticəsində pedaqoji universitetin 6–7 rayonda filialı fəaliyyət göstərir. Həmin filialların ayrı-ayrı universitetlərə çevrilməsi, yaxud da İqtisad Universitetinin Zaqataladakı filialı, Bakı Dövlət Universitetinin Qazaxdakı filiallarının inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi ilə tələbə yükünü azaltmaq olar".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il hesabatına görə, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Hazırda müzakirə olunan strategiya çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bölgələrdə yeni universitetlərin inşası ilə bağlı təkliflər təqdim olunduğu halda, məsələ dövlət investisiya proqramı çərçivəsində büdcə imkanları və prioritetlər nəzərə alınmaqla qiymətləndiriləcək.

Ekspert qeyd edib ki, bu, eyni zamanda regionların iqtisadi inkişafına da töhfə verə bilər.

"Digər tərəfdən, güzəştli addımlar atmaqla və müəllimlərin həmin regionlara cəlb olunması üçün motivasiyaedici tədbirlər görməklə professor-müəllim heyətinin də bu universitetlərdə işləməsinə maraq yaratmaq mümkündür. Əks halda, bu layihənin həyata keçirilməsi bir qədər qeyri-müəyyən görünür. Məsələn, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Texniki Universitet, Slavyan Universiteti, Dillər Universiteti və Memarlıq və İnşaat Universitetinin köçürülməsi ilə bağlı qərarın icrası üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılmalıdır. Lakin daha məqsədəuyğun yanaşma ondan ibarətdir ki, regionlarda mövcud olan universitetlər inkişaf etdirilsin. Məsələn, Qarabağ Universiteti Xankəndidə artıq fəaliyyət göstərir və 2 mindən artıq tələbəsi var. Oranın daha da genişləndirilməsi, tələbə sayının iki-üç dəfə artırılması və regionlardan daha çox tələbənin cəlb olunması mümkündür. Digər tərəfdən, Lənkəran Dövlət Universitetinin də böyük potensialı var, artıq orada kampuslar tikilib, əlavə korpuslar və yataqxanalar yaradılıb. Bu imkanlardan istifadə etməklə Lənkəran Dövlət Universiteti bazasında tələbə kontingentini artırmaq və paytaxtdakı yükü azaltmaq olar. Digər bir məsələ isə özəl universitetlərlə bağlıdır. Hazırda özəl universitetlərin əksəriyyəti Bakıda yerləşir. Regionlarda da özəl universitetlərin açılması üçün torpaq sahələrinin ayrılması, güzəştli kreditlərin verilməsi və biznes mühitinin yaradılması vacibdir. İnkişaf etmiş ölkələrdə özəl universitetlərin çoxu şəhər mərkəzlərindən kənarda yerləşir. Lakin bizdə təhsil daha çox paytaxta meyillidir. Digər bir səbəb isə tələbələrin regionlarda kifayət qədər müasir infrastruktur və cəlbedici mühit görməməsidir. Bu da onların Bakıda təhsil almağa üstünlük verməsinə gətirib çıxarır. Bu kimi tədbirlər uzunmüddətli strategiya ilə həyata keçirilməlidir ki, həm infrastruktur yenilənsin, həm də şəhərlər və universitet mühitləri inkişaf etsin. Nəticədə regionlarda tələbələri cəlb edən kampuslar formalaşar, professor-müəllim heyətinin təminatı da daha yüksək səviyyədə olar. Məsələn, Bakı Mühəndislik Universitetini də qeyd etmək olar. Tələbə qəbul imtahanından sonra seçim mərhələsində bir çox tələbə bu universiteti seçir. Aşağı ballı tələbələr də əsasən şəhərdən kənarda yerləşdiyi üçün bu universitetə yönəlirlər. Yəni bütün bunlar nəzərə alınmalıdır. Məsələn, Gəncədə artıq üç universitet fəaliyyət göstərir. Lənkəranda böyük bir universitet var. Mingəçevirdə yeni universitet yaradılır. Pedaqoji Universitetin 6–7 filialının da böyük universitetlərə çevrilməsi mümkündür. Qısası, bu təşəbbüsü alqışlayıram, lakin hələ problemlər az deyil. Onların həyata keçirilməsi uzun müddət tələb edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az