- İslamda islahat, Quranı dəyişməyə çağırış deyil! - “İslam terroru qadağan edir” deyənlər haqlıdırlarmı: Quran terror haqqında nə deyir? - Cihad nədir: İslama görə savaş necə aparılmalı, müdafiə necə qurulmalıdır? - Müsəlman düşmən qarşısında aciz duruma düşəndə, dinə görə nə etməlidir? - İslam dünyası adına hökm verən institut hardadır: onun hazırki qaynar proseslər dövründə ortada görünməməsi nə ilə bağlıdır? - Yaranmış problemli durum barədə Quranda işarətlər varmı: qarşıda nə gözlənilir? - İslamda islahat, Quranı dəyişməyə çağırış deyil! - “İslam terroru qadağan edir” deyənlər haqlıdırlarmı: Quran terror haqqında nə deyir? - Cihad nədir: İslama görə savaş necə aparılmalı, müdafiə necə qurulmalıdır? - Müsəlman düşmən qarşısında aciz duruma düşəndə, dinə görə nə etməlidir? - İslam dünyası adına hökm verən institut hardadır: onun hazırki qaynar proseslər dövründə ortada görünməməsi nə ilə bağlıdır? - Yaranmış problemli durum barədə Quranda işarətlər varmı: qarşıda nə gözlənilir?

Terror lənətdir - İslam bunu bəşəriyyət əleyhinə cinayət sayır...- Necə savaşmalı?

- İslamda islahat, Quranı dəyişməyə çağırış deyil! - “İslam terroru qadağan edir” deyənlər haqlıdırlarmı: Quran terror haqqında nə deyir? - Cihad nədir: İslama görə savaş necə aparılmalı, müdafiə necə qurulmalıdır? - Müsəlman düşmən qarşısında aciz duruma düşəndə, dinə görə nə etməlidir? - İslam dünyası adına hökm verən institut hardadır: onun hazırki qaynar proseslər dövründə ortada görünməməsi nə ilə bağlıdır? - Yaranmış problemli durum barədə Quranda işarətlər varmı: qarşıda nə gözlənilir?


AzNews.az dinşünas alim Nəriman Qasımoğlunun Milli.Az-a müsahibəsini təqdim edir:


Paris terroruna verilən reaksiya son 15 ildə baş verən qanlı-qadalı hadisələrin uzun müddət öncə qurulmuş ssenari əsasında getdiyi versiyasını qüvvətləndirir. 90-cı illərdə populyar olan Fukuyamanın "Tarixin sonu", Hanqtinqtonun "Sivilizasiyaların toqquşması" və digər əsərlərində nəzəri yanaşma kimi ortaya qoyulan hadisələr bu gün praktiki baxımdan gerçəkləşir, İslam-Xristian qarşıdurması yönündə deyilənlər ictimai rəydə kök salır. Müharibəni başlayanlar, xristian mənşəlilər üstün mövqedə, təcavüzə məruz qalanlar - İslam mənşəli dövlətlər isə məğlub durumdadır. Müdafiəni möhkəmləndirmək üçün səsləndirilən təkliflər isə müxtəlifdir. Fundamental İslama qayıdışı, İslam həmrəyliyini artırmağı təklif edənlərlə yanaşı, islahat aparmağa, dəyişməyə, yenilənməyə çağırışlar da var. Hansı yolu seçməli? Mövzunu dinşünas alim Nəriman Qasımoğlu ilə müzakirə etdik.

- Son illərdə dünyanı silkələyən qarşıdurmalarda, müharibələrdə, terror aktlarında, konkret Əfqanstanda, ərəb ölkələrində, Fransada baş verənlərdə dini faktların çəkisi nə qədərdir?

- Baş verənləri heç bir halda dini dünyagörüş, dini ideologiyalarla bağlamaq düzgün deyil. Müharibələri başlayanlar, terroru törədənlər və idarə edənlər öz hərəkətlərinə bəraət qazandırmaq üçün dini-ideoloji qaynaqlara müraciət etməyə çalışırlar. Təəssüf ki, bu yolla özlərinin əsl məqsədlərini gizlədə, insanları aldadıb ambisiyalarının girovuna çevirə bilirlər...

- Nədir məqsədləri, kimdir bu prosesləri idarə edənlər?

- Açığı, konspirologiya təmayüllü təfəkkür tərzinə sahib şəxslərdən fərqli olaraq, məndən ötrü daha maraqlı təhlil konkret faktlara söykənən təhlildir. Ortada belə faktların yoxluğu, yaxud təsdiqlənməmiş təqdimatı var. Bu baxımdan belə məsələlərə şərh vermək mənlik deyil. İxtisaslaşdığım sahə müasir islam teologiyasıdır ki, buna da əsasən yalnız onu deyə bilərəm ki, indiki savaşlar mahiyyətcə din savaşları deyil, geosiyasi maraqların təmin edilməsi uğrunda baş verən məşum hadisələrdir.

- Amma İŞİD terror aksiyasını dini qisas zəminində törətdiyini bəyan edir... Fransa tərəfinin reaksiyası da buna adekvatdır. Fransanın daxili işlər naziri Bernar Kaznev baş verənlərdə müsəlman inancını hədəf görür. O, ölkədəki məscidlərin qapadılacağını, ölkə sərhədlərinin müsəlman miqrantların üzünə bağlanacağını bəyan etdi. Bu, yaşanan faciələrin əsasında dini dünyagörüşün durduğunu isbatlamırmı?

- Bəzi qərb dairələri öz ölkələrində məskunlaşmış müsəlman mühacirlərin Avropa cəmiyyətlərinə adaptasiya ola bilmədiklərini qabardırlar. Bunu bəzən onların dini-milli mənsubiyyəti ilə əlaqələndirməyə də çalışırlar. Haqlı olduqları məqamlar da var. Eləcə də müsəlman icmalarının adaptasiya olunmalarında problemlər də yaşanmaqdadır. Bu problemlərin körüklənməsində müsəlman ölkələrinin də xüsusi payı var. Məsələn, bəzi ərəb dövlətlərinin siyasi dairələri qərb ölkələrində yerli müsəlmanlar üçün həmvətənlərinin marginallaşmağına gətirib çıxaran infrastruktur yaratmağa rəvac verirlər. Məscidlərin tikilməsini, müsəlmanların ticarət şəbəkələrini və s.-ni maliyyələşdirir, beləliklə, özlərinin sosial bazalarını yaratmağa çalışırlar. Əlbəttə, bu sosial bazanın da dünyagörüşü ənənəvi, islahatlara məruz qalmamış, orta əsrlərin şəriət normaları çərçivəsində müəyyənləşdiyindən belələrinin qərb cəmiyyətlərinə ciddi mənada və ən azından mədəniyyət müstəvisində inteqrasiyasına əngəl yaranır. Problemin bir kökü buradadır. Xatırlayıram, ABŞ-da Kaliforniya Dövlət Universitetində çalışırdım. Dinlərarası dialoq tədbirlərinin birində Los-Anceles müsəlmanları icmasının lideri ilə tanış oldum. İslam və tolerantlıq, çoxmədəniyyətlilik məsələlərinə dair fikirlərimizi bölüşürdük. Həmin şəxs sonra mənə arzusunu bildirdi ki, onların icması qarşısında da imkan düşərsə çıxış edim. Razılıq verdim. Sonra dəvətini "unutdu", mənə bildirdilər ki, Quran prizmasından islahatçılığa yönəlik araşdırmalarım onu qane etmədiyindən fikrindən vaz keçib. Ehtiyat edibmiş ki, müsəlman icmasının üzvləri fərqli söz eşidərlər, deyəcəklərim onları təsir altına salar və s. Hətta mənim amerikalı həmkarlarım da məsələnin mahiyyətini anlamışdılar. Tamamilə ciddi olaraq deyirdilər qal burada, bizim müsəlmanların cəmiyyətimizə inteqrasiyasına yardıma yaxşı töhfə verə bilərsən... Təsəvvür etmək çətin deyil ki, saxtalaşdırılmış, cağdaşlıq dəyərlərinə cavab verməyən və ən əsası da bu gün daha yaxşı dərk olunan Quran məntiqilə bir araya sığmayan təsəvvürlər müsəlmanların əksəriyyətinin şüurunu doğma ölkələrində necə zədələyirsə, mühacirət etdikləri qərb ölkələrində də bu zədələnmiş şüurun əsiri olmaqda davam edirlər. Digər yandan Qərbin sağ təmayüllü siyasətçiləri də mühacir müsəlmanların Avropa cəmiyyətlərinə inteqrasiyasını əngəlləyən siyasətlər də yürüdürlər. Son zamanlar bəzi qərb dairələrində multikulturalizm əleyhinə səslənən bəyənatlar bu siyasətləri ifadə edir. Götürək elə Fransanı. Əlbəttə, Parisdə baş vermiş faciə ayrı bir söhbətin mövzusudur, günahsız insanlar xaricdən idarə olunan İŞİD adlı cinayətkarların qurbanı olmuşlar. Söhbəti ona gətirmək istəyirəm ki, orada yaşayan şimali Afrika mənşəli müsəlmanların fransız cəmiyyətinə inteqrasiyasında problemlərin bir səbəbi də fransız millətçiliyinin ölkənin bütün mədəniyyət sferasına hakim kəsilməsilə, multikulturalizm siyasətinin düzgün qurulmaması ilə bağlıdır. Bu istiqamətdə islamafobiya da öz mənfi təsirini göstərir. İŞİD-ə gəldikdə isə, ümumiyyətlə, onun mahiyyət etibarilə hər hansı dinə aidiyyəti barədə düşünmək belə yersizdir. Günahsız insan qatilləri necə dindar ola bilərlər axı? İslam dini, ümumiyyətlə, terroru bəşəriyyət əleyhinə cinayət sayır...

- Quranda, həqiqətənmi terroru qadağan edən ayə var, yoxsa Avropada yaşananlar fonunda İslamın adı ləkələnməsin deyə bu tezis quraşdırılıb?

- Xeyr, sonradan quraşdırılma deyil. Məsələn, bu barədə yəhudilərin kitabı və müsəlmanların da din borcu olaraq iman gətirməli olduqları Tövratda keçən, həmçinin Quranda da təkrarlanan bir ayədə deyilir: "Bir kimsəyə qıymayan, yer üzündə pozğunçuluq yaymayan adamı kim qətlə yetirirsə, sanki, bütün insanlığı öldürmüş olur. Və kim həyat versə, ona, sanki, bütün insanlara can vermiş olur" (Quran, Süfrə surəsi, 32-ci ayə). Digər bir ayədə Rəbbimiz intiharı qadağan edir. Bu intihar hətta başqasına nifrət üzündən olursa belə Quranda qınanır: "...Özünüzü öldürməyin. Heç şübhəsiz, Tanrı sizə rəhimli. Kim bunu eyləyərsə, düşmənçilik, zülm ilə, od içinə salarıq o kimsəni..." (Quran, Qadınlar surəsi, 29-30-cu ayələr). Diqqət edin, bu sonuncu ayədə terrorçu kamikadze cəhənnəmlə, necə deyərlər, müjdələnir. Belələri həm öz canlarına, həm də başqalarının canlarına qıydıqları üçün nəhəng bir suç yiyəsinə çevrilirlər ki, aqibətləri cəhənnəm əzabı olacaq deyə Quran bildirir.

- Təbii, İŞİD-in hərəkətlərini hər kəs lənətləyir, çünki teraktlarda ölən insanlar heç də müharibə bölgəsində döyüşənlər deyillər, dinc sakinlərdirlər. Amma ortada bir fakt var ki, Yaxın Şərq ölkələrində, o cümlədən İraq, Suriya kimi ölkələrdə yaranmış fəlakətli durumda Qərbin müdaxiləsi ciddi rol oynayır. Adamlara öz ölkələrində sabitlik yaratmağa imkan vermirlər, onları tarixi inkişaf reysindən çıxarıblar. Xaricdən gələn bu güclü müdaxilə qarşısında gücsüzdürlər, gücləri terorra çatır. Terroru da din qadağan edir. Nə etsinlər?

- Yuxarıda qeyd etdiyim ayələr hansı səbəbdən qaynaqlanmasından asılı olmayaraq və deyildiyi kimi, hətta nifrətdən qaynaqlanırsa belə, terroru lənətləyir...

- Amma Quran onu da deyir ki, vətən sevgisi imandandır. Onu qorumalısan...

- "Vətən sevgisi imandandır" ifadəsi Məhəmməd peyğəmbərə məxsusdur, Quranda keçmir. Ancaq bu məntiqi təsdiqləyən Quran ayəsi var ki, vətəni qorumağı vacib bir şərt kimi irəli sürür: "Tanrı yolunda savaşın sizinlə savaşanlarla. Təcavüzsə etməyin. Tanrı sevməz təcavüz edənləri" (Quran, İnək surəsi, 190-cı ayə). Get günahsız insanları öldür əmri yoxdur.

- Peyğəmbər cihadı vacib buyurub, ailə, din, vətən uğrunda bütün vasitələrlə, silahdan istifadə etməklə də döyüşə icazə verib...

- Peyğəmbərin hədisi var cihad barədə. Əvvəla onu deyim ki, "cihad" sözünün "cəhd etmək, səy göstərmək, çalışmaq, çarpışmaq, zəhmətə qatlaşmaq" feilindən düzəlmə ismi-məsdərdir və sadaladığım mənaları ifadə edir. Cihad peyğəmbər təsnifatında dörd mərhələyə bölünür: birincisi, nəfslə cihaddır ki, bu, "böyük cihad" adlandırılır; ikincisi, sözlə cihaddır, yəni sən ilahinin buyurduğu dəyərləri təbliğ etməlisən, insanları xeyirxahlığa, gözəl işlərə səsləməlisən; üçüncüsü, əməldə cihaddır ki, bu, sözlə cihaddan sonra gəlir və car cəkdiklərin sənin öz əməlində təsdiqini tapmalıdır; dördüncü mərhələ silahla cihaddır ki, bu, "kiçik cihad" adlandırılır. Bu sonuncu mərhələyə gəlib çatan insan mənən paklanmış, sözündə-əməlində bütöv olan şəxsdir ki, ailəsini, evini, malını-mülkünü, yaşadığı vətənini qorumaqda heç bir çətinliyi yoxdur. Bu, müdafiə olunma cihadıdır ki, tətbiqi son dərəcə təbiidir. Böyük cihaddan keçən insan üçün vətəni qorumaq ən asan bir vərdişə çevrilir deyə bu, "kiçik cihad" qəbilindən tərif alır. İndi İslam adına iddia edənlər əvvəlki üç mərhələni keçiblərmi? Qəlbləri pak, sözü-əməli birdirmi belələrinin? Təcavüzə məruz qalan yerlər xilas üçün, ilk növbədə, cəhalətdən qurtarmalıdırlar. Elmə, maarifə üstünlük verməli, modernləşməlidirlər. Ərəb ölkələrində isə hökm sürən cəhalət insanları saxtalaşdırılmış dini qaydaların qaranlıqlarından çıxmağa imkan vermir. Bu mühitdə istənilən kənar qüvvələr asanlıqla öz siyasətlərini yürüdə bilirlər. İslam dünyasının dini-mədəni reformasiyasına böyük ehtiyac var.

- Yəni Siz də o fikirdəsiz ki, İslam dininə bağlılıq cəhalət yaradır?

- Qətiyyən! Dinimizi onun ana qaynağı Qurandan öyrənmək lazımdır. Müsəlmanların dini-ideoloji problemləri tarixən Qurana paralel olaraq təşəkkül tapmış kənar qaynaqlardan qidalanır.

- İslamda islahat deyəndə nəyi nəzərdə tutursuz? İslam Quran əsasındadır, Quranı necə dəyişmək, islah etmək olar? O, Tanrıdan gələn bir kitabdır...

- Bunu heç kim iddia edə bilməz, elə mənim dediklərimin də məğzi ondadır ki, müsəlmanlar üçün islahatçılığın generatoru qismində də məhz müqəddəs kitabımız Quran ola bilər. Din islahatçılığı deyiləndə söhbət ondan gedir ki, biz dinimizə baxışlarımız Quran məntiqi işığında, Quran fəlsəfəsinin müddəaları müstəvisində dəyişə bilərik. Əlbəttə, dini baxışlarda islahatçılıq üçün zəmin həm də o zaman yaranır ki, cəmiyyətdə buna tələbat olur və cəmiyyətin inkişafı reformasiya hadisəsini labüd edir. Azərbaycan bu mənada islam dünyası üçün yaxşı nümunə ola bilər. Buraya dövlət siyasətini də əlavə edərdim. Məsələn, 1995-ci ildə bizdə yeni Konstitusiya qəbul ediləndə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə bu ana yasaya olduqca vacib, uzaqmənzilli bir maddə əlavə edildi. Bu, din xadimlərinin siyasi proseslərdə iştirakını əngəlləyən və beləliklə, dinin siyasətə alət edilməsinin qarşısını almaqda hüquqi baza yaradan bir maddədir və işləkliyi dini durumda sabitliyin qorunmasına xidmət edir.

- Məncə, İslamda islahatlar deyəndə heç də hamı Sizin kimi dinin dövlətdən ayrı saxlanılmasını nəzərdə tutmur... Söhbət İslamda islahatdan gedir, buna bir az aydınlıq gətirək. İslam necə islah edilməlidir, Quranda bu barədə nə isə deyilirmi?

- İslamda hüquqi məsələləri ehtiva edən fiqh var. Mahiyyəti ilahi qanunlara istinad etməklə cəmiyyəti idarə edən qanunlar, şəriət qaydalarını tənzimləməkdir. Bu sonuncular, yəni şəriət qaydaları isə Quran ayələrindən daha çox hədislər üzərində tarixən özüllənmiş olaraq formalaşmış, ötən zamanların siyasətlərinin, adət-ənənələrinin sirayət etdiyi bir məzmun qazanmışdır ki, Qurana zidd mahiyyət kəsb etməsi də buradan qaynaqlanır. Məsələn, qadınların daş-qalaq edilməsi Quranda yoxdur, amma şəriət qaydalarında var. Bu, hansısa zamana və hansısa marağa görə verilmiş qaydadır. Belə qaydalar onlarla, yüzlərcədir. Uzun əsrlər boyu dinə istinad edilərək Quran fəlsəfəsinə zidd qaydalar, təsəvvürlər yaradılıb. Dəyişməli, müasirləşdirilməli olan bu yanlış qaydalardır, təsəvvürlərdir. Quran bütün zamanlara xitab edir, "Quran" sözünün mənası "oxu" deməkdir, insana oxumağı, inkişaf etməyi, dəyişməyi hökm edir.

- Quranda dəyişməyi, islahat aparmağı, yeni dövrə uyğunlaşmağı hökm edən ayələr varmı?

- "Göy gurulusu" surəsi, 11-ci ayədə bu, belə səslənir: "Tanrı heç dəyişdirməz bir qövmdə olanı ta o vaxta qədər ki, dəyişələr özlərində, canlarında olanı". Müsəlman cəmiyyətləri dəyişməyincə, müasirləşməyincə, ağıllanmayınca gerilik durumunda qalacaqlar. Terror etməklə vəziyyətdən çıxmaq olmaz. Yaxşı ki, Qərbdə də ağıllı siyasətçilər var, deyirlər terrorun islamla əlaqəsi yoxdur. Ancaq deməklə deyil ki... İslamafobiya da yaranır axı. Zərbəsi də, ilk növbədə, dəyir müsəlman aləminə. Bütün problemlərin həlli yolu reformasiyadan keçir. Türkiyə, Azərbaycan kimi dövlətlərin timsalında bəzi müsəlman ölkələri ümumilikdə reformasiya ab-havası olsa da, bütövlükdə İslam dünyasında bu, hələ baş verməyib. Roma Papası II İohann Pavel 2000-ci ildə, yeni minilliyin başlanğıcında xristianlığın insanlıq əleyhinə işlətdiyi günahlara görə rəsmi üzrxahlığını bəyan etdi. Bu, çox yaxşı qarşılandı. Müsəlmanlarda isə köhnə ənənələr hələ də ehkamçılıq əsirliyində qalmaqdadır.

- Xristian dünyası adından çıxış edən vahid institut var: məsələn, Roma Papası. O, zamanın nəbzini tutur, islahatlar keçirir, ümumi maraqların müdafiəçisi kimi çıxış edir və sair. İslam aləmində kim daşıyır bu missiyanı, varmı institutlaşmış mərkəzlər?

- Qahirədə, Nəcəfdə, Qumda və xeyli başqa şəhərlərdə dini mərkəzlər var, islam tədrisinin mərkəzləri kimi tanınırlar. Amma onlar da yanlış hökmlər üzərində formalaşmış şəriət qaydalarının, vaxtı ötmüş streotiplərin müdafiəçiləri kimi çıxış edir, islahat çağırışlarına biganədirlər.

- Kim tərtib etməlidir islahat paketini, kim həyata keçirməlidir onu?

- Hər bir xalq, hər bir dövlət, hər bir millətin ziyalıları özləri aparmalıdırlar bu işi. Ziyalılar maarifləndirmə işlərinin öncülləri olmalı, dövlətlər islahatların dəstəkçilərinə çevrilməlidir.

Müşfiq Ələsgərli