Niyə məhz Nardaran?

Nardaran kəndində iki polis əməkdaşı qətlə yetirildi.


Nardaranda törədilmiş bu terror aktından sonra yenə də kənd sakinlərini iğtişaşlara çəkmək istəyən qüvvələr aktivləşdilər.

Nə üçün məhz Nardaran kəndində İslam dini ilə pərdələnən radikal ekstremistlər ifrat dərəcədə fəallaşmağa çalışırlar, kənd küçələrini dini atributikalı şüarlar, çağırışlar və yazılar "bəzəyir"?

Niyə məhz Nardaranda dövlət qanunlarını tanımayan, hakimiyyətə aşkar meydan oxuyan qrup kəndi "fəth olunmamış məkan" təki tanıtmağa çalışır?

Nə üçün Nardaranda Bakının digər kəndləri ilə müqayisədə qanun pozuntuları, narkomaniya, qatı xuliqanlıq halları daha çoxdur?

Hansı səbəblərdən Nardaranda "Şəriət modelli idarəetmə" mexanizmlərini işə salmağa can atanlar var və onların gerçək məqsədləri nədir?

Və ən nəhayət, niyə Azərbaycanda "Şəriətlə idarə olunan dövlət qurmaq" çağırışları Nardaranda səslənir, radikal və ekstremist şüarların ardı-arası kəsilmir, dövlətə, cəmiyyətə, qanuna, dünyəviliyə, hüquqa meydan oxuyanların səsi məhz bu kənddə daha "gur" çıxır?

Suallar çox olsa da, onlara cavab vermək zamanı çatıb.

Baş verənlərdə nardaranlıları ucdantutma suçlamaq yanlışdır.

Onları küçələrə çıxardanlar var və aksiyaların əvvəlcədən planlaşdırılaraq məkrli, hiyləgərcəsinə reallaşdırılması günlər keçdikcə aydın görünür.

Di gəl, həmin görüntüyə o qədər çalar qarışıb ki, həqiqəti yalan kimi qələmə verənlər sinələrinə döyür, qışqırır, "dövlət bizə qarşıdır" iftirasını xəbərdarlıq kimi səsləndirirlər.
Nardaran indi Azərbaycandan kənardakı qüvvələrin ölkəmizin içinə uzanan əllərinin dartdıqları iplərlə oynadılan marionetkaların sıravi dindarların adından çıxışlar edərək məhdud, kiçik məkanda siyasi dalan yaratmaq niyyətlərinin əyan olduğu bir yerə dönüb.



Ağsaqqallar şurası niyə aciz qalıb?

Sakinlərin sosial problemlərinin həllinə yardım məqsədilə Nardaranda Ağsaqqallar Şurası yaradılıb. 11 nəfər daimi üzvü olan Şuranın sədri məşədi Natiq Kərimovdur.

Ayda bir neçə dəfə yığışan Şuranın işinə gəldikdə, məşədi Natiqin dediyinə görə, kənd sakinlərinin problemlərindən danışır, müşküllərə çarə arayırlar.

Nardaranlıların dediklərinə görə, kənd dini etiqada, islama sadiq məkandır: "Bəziləri Nardaranı İrana meylli, İranın təsiri altınlda olan kənd kimi təqdim elirlər. Belə deyil. Bəlkə, etiraz aksiyalarında "Allahu-əkbər" dediyimizə görə belə söyləyirlər, bilmirəm".

Nardaran ağsaqqalları kəndi düşünür, sakinlərin problemlərinri həll etməyə can atırlar. Buna əsla şübhəm yox, çünki o ağsaqqaların çoxunu tanıyıram və harasa, nəyəsə, nəyə görəsə qulluq edən adamlar olduqlarını zənr etmirəm.

Lakin bəhs etdiyim şəxslərin özlərini də xəbəri olmadan Azərbaycandan kənardakı qüvvələrin ambisiyalarına, ölkəmizlə bağlı çox təhlükəli planların reallaşdırılması üçün vasitəyə çevirməyə can atırlar.



Nardaranda son illər baş verən olayların xronologiyasına baxsaq, hadisələrin tam əksəriyyətinin Ağsaqqallar Şurasından xəbərsiz başladığını görərik.

Məşədi Natiq Kərimov "baş verənlər nəzarətimizdədir" deyə bilər, amma gerçəklik tərsini sübut edir.

Nardaranda bir qrup insan var ki, onlar kəndlilərin inanclarından, etiqadlarından, hisslərindən və istəklərindən sui-istifadə edir, islam dini mövzusunu, Əhli-Beyt anlamını, Hüseyniyyə qavramını istismara uğradırlar.

Hər olaydan sonra Nardaran ağsaqqallarının narahat simalarını, əndişəli davranışlarını görmək ağrılıdır, çünki onlar, gerçəkdən də, kənd sakinlərinin qayğısını çəkən adamlar olsa da, hadisələri idarə etmək əvəzinə, yalnız gənclərin bir qisminə - hamısına, təbii ki, yox - söz deyib sözü eşidilən insanlara dönürlər.

Nardaran gənclərinin hiss və emosiyaları ilə mahircəsinə oynayan, manipulyasiyalarını peşəkarcasına reallaşdıranlar heç bir halda Ağsaqqallar Şurası deyil və ola da bilməz.
Nədən ki, kənd ağsaqqalları belə intriqaların genezisini, Azərbaycan hakimiyyətinə aşkar meydan oxumağı ustacasına islam və məişətlə bağlamağı bacarmayıblar, indi də bilmirlər.

Bacaranlar, bilənlər isə

Tamamən ayrı fiqurlar

sayılmalıdırlar. Nardaranı Azərbaycan hakimiyyətinə qarşı sürəkli etiraz edən məkan, "üsyankarların kəndi" kimi tanıtmaq istəyən, ölkə və xarici ölkələrin mediasında "Nardaran fenomeni", "Fəth olunmamış Nardaran" kimi qələmə verən, Azərbaycanın daxili siyasətində "Nardaran sindromu"nun olduğunu iddia edənlər də məhz həmin fiqurların təlimatçıları və idarəedənləri, baş verən olayları məharətlə rejissura edən qüvvələrin yerli nümayəndələridir.

Onların kimə, necə qulluq etdikləri bəllidir, lakin mimikriya etdiklərindən, daim din pərdəsi altında fəaliyyət göstərdiklərindən zərərsizləşdirilmələri nardaranlıların etirazlarına səbəb olur.

Sualım var: nədən Nardaranda hər hansı aksiya keçirilən kimi paralel olaraq və ən yaxşı halda ertəsi gün Gəncədə "dəstək aksiya"ları başlanır?

Nardaranda polis daşa tutulursa, mütləq şəkildə Gəncədə həmin olay təkrarlanır.
Nardaranda polisə əl qumbarası atılırsa, Gəncədə də "qəzəbli dindar"lar həmin teraktı təkrarlamaq istəyirlər.

Nardaranda hansısa məmurun ünvanına təhdidlər səslənirsə, "təxirəsalınmaz" şəkildə Gəncənin icra hakimiyyətinin rəhbərliyinin ünvanına təhqirlər və hədələr yağdırılır.
Fəlsəfədəki səbəb və nəticə arasındakı bağlılıq qanununu xatırlasaq, baş verənlərin sırf təsadüf, yaxud da komplo nəzəriyyəsi olduğunu söyləmək çətinləşər.



Gerçək budur ki, "Nardaran fenomeni" və ya "Nardaran sindromu" yoxdur - bu ifadələr süni olduğu qədər, absurd və təhlükəlidir.

Nardarandakı dindarların obıvatel sayılaraq onlardan etiraz aksiyalarında "kütləvi səhnəciklərin fiqurantları" qismində istifadə olunmasına gəldikdə isə, dövlət qurumları, hüquq-mühafizə orqanları, rəsmi şəxslər hər hansı müdaxilə, danışıqlar və ya təsirlər vasitəsilə fəsadın qarşısını ala bilməzlər.

Səbəb sadədir: bunu nardaranlıların özləri istəməlidir, onların özləri kəndə kənardan məkrli təsirlərə son qoymalıdır.

Dövlət mənsublarının nardaranlılarla danışıqlar aparmaq cəhdlərinin hələlik uğursuzluqla nəticələnməsinin vəsilələrindən ən önəmlisi də Nardarandakı dindarlara çox ustalıqla maskalanaraq məhz "kənd sakinlərinin adından danışdıqlarını" iddia edən qrupun təsirinin mövcudluğudur.

Bu qrup mənsubları özlərini az qala "həqiqət mücahidi, ədalət fədaisi" kimi tanıtdırmağa çalışırlar.

Onların məqsədi isə

Nardarandan sürəkli olaraq rəsmi Bakıya təzyiq vasitəsi qismində istifadə etməkdir. Bu kənddə hansısa kütləvi həbslər və ya cəza tədbirinin keçirilməsi heç zaman planlaşdırılmayıb, bundan sonra da olan deyil. Lakin hansısa olaydan sonra jurnalistlər kəndə yollananda oradakı "usta aktyor"lar dərhal ön plana çıxır, "Nədir, hakimiyyət hamımızı tutmaq, öldürmək istəyir? Bu cavanların günahı nədir?!" söyləyir, coşub-kükrəyirlər.

Teatrşünaslar aktyorların belə davranışına "kütləyə oynamaq" deyirlər və bəhs etdiyim məqam siyasətdə də geniş yayılıb.

Nardaranda da kütləyə oynayanlar kütlədən yararlanaraq Azərbaycanda dini zəmində ayrı-seçkiliyin, dindarlara məhz inanclarına görə təzyiqlərin olduğunu göstərməyə çalışanlardır.

Kəndə kənar təsirlərin olmadığını deyənlər təki, "Nardaran bütünlüklə İranın nəzarətindədir" söyləyənlər də yanılırlar.

Doğrudur, Nardaranda namaz zamanı belə, az qala, İran saatı ilə düzənlənir, kənddəki dini atributika İranın Qum və ya Nəcəf şəhərlərindəki analogiyalardan əsla fərqlənmir.



Amma bir incə məqam var ki, o da Nardaranda istənilən aksiya başlamazdan əvvəl "fəal"ların bir-birlərilə borulara dəmir parçaları vuraraq səslər çıxarmaqla "xəbərdarlıq" yaymalarıdır.

Bu taktikadan müasir dövrdə Şərqdə ilk dəfə İranda 1976-cı ildə Qum şəhərində istifadə olunmuşdu. Azərbaycanlı siyasətçi, sonradan Ayətulla Xomeyninin baş nazir postuna təyin edəcəyi və həmin vəzifədə cəmi 9 ay çalışacaq Mehdi Bazərganın təşəbbüsü ilə etiraz aksiyasının başlanacağından kütləni xəbərdar etmək, habelə SAVAK təhlükəsizlik xidmətini duyuq salmamaq üçün qumlular əllərinə dəmir parçaları alıb evlərindəki boruları döyəcləyirdilər.

Qumlular bu səslərə "zənge-enqelab" deyirdilər ki, sonradan "döyəcləmə" taktikası bütün İrana yayıldı və "sədaye mazluman", yəni "məzlumların səsi" kimi tanındı.

Boruları döyəcləmə həm də həbsxanalarda geniş yayılmış "xəbərləşmə" metodudur və bu ideyanı Nardaranda "işə salan"lar həm də "cümləmiz inancımıza görə buraya həbs edilmişik" messicini verməyə can atırlar.

Bu, kiçik faktdır.
Nardaranlıları küçələrə çıxaran, onları sürəkli olaraq etirazlara və narazılığa səsləyənləri zərərsizləşdirməyin yalnız bir yolu var: kənd sakinlərinin dini məcrada təsirdən qurtarılması üçün effektiv addımlar atılmalıdır.

Əhli-beyt aşiqliyi, Hüseyniyyə anlamları ilə pərdələnərək nardaranlı gənclərin beyinlərini zəhərləyən, onların şüurlarında hakimiyyətin "taqut", itaətsizliyinsə "irşad və ictihad" olması yanlışlığı yaradanların qarşısının alınmasının yolu din xadimlərimizin nardaranlılarla daha sıx təmaslar quraraq onlara gerçək və yanlış yollar arasındakı fərqləri anlatmalarından keçir.

Qeyri formada heç bir təsir, xəbərdarlıq, nəzarət effekt verən deyil.

Nardaran adamları və problemlər

Nardaran kəndi bir sıra tanınmış şəxslərin kiçik vətənidir.

Kənddə bir hamam, iki məscid və bir neçə ovdan tikdirən, vaxtilə yaşadığı məhəlləyə adı verilən Şeyx Məhəmməd Əmin ağa, din xadimi Şeyx Əhməd Nardarani, kəndin axundu olmuş Şeyx Rəsul ağa Nardarani, kəndlilərin dediklərinə görə, ayətulla Xomeyninin ustadı olmuş axund Cavad ağa Nardarani, qəzəl xiridarı Hacı Mail, ən nəhayət, müğənni Məmmədbağır Bağırzadə tanınmış nardaranlılar arasında adlarını unudulmazlar sırasına yazmış zatlardır.

Kəndin indiki sakinləri isə yaşamlarından narazı qaldıqlarını deyirlər və bu narazılığın başlıca səbəbinin də məişət problemləri olduğunu vurğulayırlar.

Nardaranlılar işsizlikdən, mənzil-kommunal təsərrüfatındakı çətinliklərdən, hətta kənddəki ara yolların bərbad vəziyyətdə olmasından gileylənirlər.



Dediklərinə görə, dövlət qurumları bu problemləri həll etmək istəmirlər.
Amma vəziyyət tam əksinədir.

1. İş tələbi. Nardaran sakinlərinin işlə təmin olunması məsələsinin həlli çox asandır və bununla bağlı müvafiq dövlət qurumlarının indiyədək sakinlərə ünvanladığı təkliflərin sayı az deyil. Fəqət, nardaranlıların fikirlərini və mövqelərini izhar etdiklərini söyləyənlərin dediklərinə görə, "kəndlilər kənddə işləmək istəyirlər".

Bu isə iqtisadiyyatın təməl qaydalarına uyğun olmayan məsələdir. Yəni deyilənlər məntiqi sayılarsa, onda xırdalanlılar ancaq Xırdalanda işləməli, şüvəlanlılar kənddən kənar çıxmamalı, mərdəkanlılar yalnız kənd ərazisindəki şirkət və müəssisələrdə çalışmağa razılıq verməli, binəlilər və yainki qobulular isə ümumiyyətlə, Bakıya iş üçün getməkdən boyun qaçırmalıdırlar.

Həmin kəndlərin sakinləri, bəlli, ən müxtəlif sahələrdə, şəhərlərdə, hətta ölkələrdə işləyirlər və bu prosesdə heç bir problem görmürlər.

Eyni uğurla Bakı şəhərinin rayonlarının sakinləri də həmin kəndlərdə, o cümlədən Nardaranda işləyirlər.

"Nardaranlılar ancaq Nardaranda işləməlidirlər" tələbi, göründüyü kimi, məntiqdən kənar olmaqla yanaşı, demaqogiya təsiri bağışlayır.



2. Mənzil-kommunal təsərrüfatı, elektroenerji, işıq, su və qaz problemləri. Azərbayanda indi belə problemlərin çox sərt, hətta müşkül səviyyəyə çatdığı yaşayış məntəqələri çox az qalıb və həmin çətinliklərin də aradan qaldırılması üçün gərəkli tədbirlər görülür. Problemlərin yalnız Nardaranda olması iddiaları, yaxud da "dövlət qurumları Nardaranda bilərəkdən problemlər yaradır" açıqlamaları əsla inandırıcı təsir bağışlamır. Bakı kəndlərinin işıq, qaz və su təminatı ilə məşğul olan dövlət qurumlarının rəhbərlərini bir kənara qoysaq, həmin təşkilatlarda çalışan fəhlələr də deyə bilərlər.

3. Yolların durumu. Kənddəki ara yolların tam təmiri və normal hala salınması üçün gərəkli işlərin görülmədiyini iddia edənlər həmin işlərə başlamağa mane olanlardır. 2004-cü ildən bəri dəfələrlə təmirə başlanıb, amma hər dəfə bəlli şəxslərin "narazılıq müdaxiləsi"ndən sonra dövlət qurumları münaqişəyə səbəb yaratmamaq üçün işləri yarımçıq dayandırıblar.

Hər dəfə "səhnə"də eyni adamlar olduğundan, bu prosesin əvvəlcədən hazırlandığı və yaxşı idarə olunduğu da görünürdü.

... Nardaran probleminin həlli, bəhs etdiyim kimi, asan deyil. Amma nə zamansa başlamaq gərəkdir və o zaman artıq yetişib.

Kənd ağsaqqalları ilə danışıqlarda ortaq məxrəcin tapılması, ümumi nəticəyə gəlinməsi üçün onların təkziblərinə rəğmən, Nardaranda bir dəstə adamın kənardan idarə olunaraq İmam Hüseyn meydanında ortaya düşmələri, meydanı yalanla sulamaları fakt qismində ortaya qoyulmalıdır.

Məhz o adamlardır ki, özlərini bütün nardaranlılarla eyniləşdirərək mediada "nardaranlılar etiraz edirlər" anlayışının formalaşmasına can atırlar.

Nardaranlılar küçələrə çıxırlar, aksiyalar keçirirlər - doğrudur. Amma "kütlə psixologiyası" anlamı bu şəxsləri özlərinin cəmin toplananı, ümuminin parçası kimi hiss etmələrinə rəvac verir.



Fərdlərin kütləyə çevrilməsi fəsadlıdır, amma həlli mövcud problemdir.

Kənddəki durumun çözümü də ayrı-ayrı kəndlilərin təsir altına düşmələri, yalanı gerçək sanmaları, təlimatları məsləhət bilmələridir.

Nardaran Abşeronda bir kənddir. Şüvələn, Fatmayı, Corat, Maştağa təki.
Sadaladığım kəndlərdən fərqli olaraq Nardaranın "fəth olunmamış məkan" kimi qələmə verilməsinin səbəbi də məhz bu kəndi başqalarından ayırmaq, əlahiddə tutmaq və ətrafa təsir vasitəsinə çevirmək cəhdidir.

Nardaranlılarsa artıq onlardan yararlanmaq istəyən məkri görməlidirlər.
Problemin həlli elə bundan başlanır.

Elçin Alıoğlu
Milli.az