Notarius olmaq istəyənlər imtahan verdi

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, «Notariat haqqında» Qanunun tələblərinə cavab verən namizədlərlə noyabr ayının 28-də test imtahanı keçirilib.


AzNews.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə aşkarlıq şəraitində kompüterdən istifadə edilməklə vakant olan 6 notarius vəzifəsi üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləyib, həmçinin tədbirin gedişi internet vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb.

"Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünaygörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

Yekun nəticələrə görə imtahanda 51 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb (siyahı Nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib). Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olub və bu barədə bildirişi yerindəcə əldə ediblər.

Növbəti müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.