Yaponiyanın kibertəhlükəsizlik naziri kompüterdə işləməyi bacarmır

Nazirin etirafı deputatların çoxunu şoka salıb.

Yaponiyanın Nazirlər Kabinetində kibertəhlükəsizlik məsələlərinə cavabdeh olan nazir Yoşitaka Sakurada parlamentin aşağı palatasında keçirilən debatlar zamanı fərdi kompüterdən istifadə etməyi bacarmadığını etiraf edib.

Müxalifətdən olan deputatların suallarını cavablandıran nazir gənclik illərində əzmlə çalışdığını və buna görə də kompüterdən istifadəni öyrənməyə vaxtı qalmadığını bildirib. Bundan sonra vəzifə pillələri ilə uğurla irəliləyən Y.Sakurada əməkdaşlara və katiblərə müvafiq tapşırıqlar verərək işi idarə edib. Buna görə də onun kompüteri öyrənməsinə ehtiyac qalmayıb.

Nazirin etirafı deputatların çoxunu şoka salıb. Müxalifətdən olan deputat Masato İmai bildirib ki, belə bir şəxsə ölkənin kibertəhlükəsizliyinin etibar edilməsi inanılmazdır.

Y.Sakurada bəyan edib ki, böyük siyasi təcrübəyə malik olması ona verilən tapşırıqları uğurla yerinə yetirməyə imkan yaradır. Lakin atom elektrik stansiyalarının kiberterrordan qorunması ilə bağlı suala cavab verərkən o, bu məsələnin detallarını bilmədiyini etiraf edib.

Bundan sonra müxalifət nazirin istefasını tələb edəcəyini bildirib.(AZƏRTAC)

© AzNews.az