Muzeydə səhvən mindiyi lift tarixi aydınlatdı

Mədəniyyət və Turizm Nazirliyinin bu vaxta qədər həmin çinilərdən xəbərdar olmadığı deyilir.

İngiltərənin paytaxtı Londonda yerləşən “Victoria and Albert” muzeyində səhvən mindiyi liftlə tarixi çinilərin olduğu anbara enən müəllim Hayal Güleç buradakı 44 əsərin Türkiyədəki tarixi abidələrdən götürüldüyünü arxiv sənədləri ilə müəyyənləşdirib.

AzNews.az xəbər verir ki, Süleyman Demirel Universitetinin müəllimi Hayal Güleç Londonda yerləşən “Victoria and Albert” muzeyində səhv liftə minərək muzeyin anbarına enib. Minlərlə çinini anbarda görən Güleç bunlara baxmaq üçün muzeyin səlahiyyətli şəxslərindən icazə istəyib. İlk mərhələdə icazə ala bilməyən Güleç qayıdandan sonra da muzeylə yazışmağa davam edib.

16-cı əsr çinilərini özünə tezis mövzusu seçən Güleç davamlı təkidlərindən sonra muzeydə araşdırma aparmaq üçün icazə ala bilib.

Hayal Güleç 16-cı əsrə aid və heç vaxt sərgiyə qoyulmayan çiniləri incələyib.

Anbardakı Osmanlı dövrünə aid 67 çininin şəkillərini çəkib araşdıran Güleç Türkiyə torpaqlarında olan tarixi əsərlərdən sökülən 44 çinini arxiv sənədləri ilə müəyyənləşdirib.

Hayal Güleçi və elm dünyasını ən çox təəccübləndirən də fransızca məktub olub. Güleç muzeyin anbarında əsərlərin keçmişindən danışan məktubu dosent Süreyya Eroğlu ilə araşdırıb. O, məktubun Bursada 1855-ci ildə baş verən zəlzələdən sonra Bursa Yaşıl Məscid və türbəsində yaranan zərərin qarşılanması üçün 1863-cü ildə Ahmet Vefik Paşa tərəfindən göndərilən Fransız restorasiya mütəxəssisi Leon Parville ilə əlaqəsini tapıb.

1923-cü ildə Ahmet Haşimin Parvillenin çinilərin bir hissəsini apardığına dair yazı yazdığını bildirən Güleç bunu o dövrdə sübut etməyin mümkün olmadığını qeyd edib.

Güleç Parvillenin apardığı çinilərdən başqa Topqapı Sarayı, Yeni Məscid, Diyarbakır Səhabələr Türbəsindən və 16-cı əsrə aid 4 məsciddən, Erməni Katolik kilsəsindən, Takkeci İbrahim Ağa məscidindən çinilərin də bir-birindən fərqli adamlar tərəfindən muzeyə satıldığını göstərən arxiv sənədləri olduğunu deyib.

Mədəniyyət və Turizm Nazirliyinin onu çağırıb araşdırması haqqında məlumat aldığını deyən Güleç, nazirliyin bu vaxta qədər çinilərdən xəbərdar olmadığını bildirib.

Pərvanə Ağazadə

AzNews.az