Uçan boşqab sandılar, ancaq... - VİDEO

Qeyri-adi bir şey idi, görəsən bu, nə idi?

Rusiyanın Ural və Volqa bölgələrində göy üzündə görünən badminton topu şəklində bir obyekt, sosial medianı bir-birinə qatıb. İnsanların uçan boşqab və ya bir meteorit olduğunu düşündükləri bu cismin nə olduğu qısa müddət ərzində ortaya çıxıb.

İngiltərənin “Daily Star” qəzetinin xəbərinə görə, Ural və Volqa bölgələrinin sakinləri səmada mavi badminton topu böyüklüyündə bir cisim görüblər.

Saratov şəhərində yaşayan bir sosial media istifadəçisi “Bu, bir növ uçan boşqabdır. Başqaları da gördümü onu? Qeyri-adi bir şey idi, görəsən bu, nə idi? Parladı və bir anın içində yox oldu”, - deyə öz hesabında təəssüratlarını paylaşıb.

Ufa şəhərində yaşayan Sofiya Salova adlı sosial media istifadəçisi isə “uşaqlarla gəzməyə getmişdik və birdən səmada uçan boşqab gördük. Çox gözəl idi", - deyə bildirib.

Rusların uçan boşqab və ya bir meteorit olduğunu düşündüyü naməlum obyektin nə olduğu tezliklə ortaya çıxıb.

Ballistik raket sınaqları

Göydəki mavi işıq şüasının Rusiyanın sınaqdan keçirdiyi Topol-M qitələrarası ballistik raketinə aid olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdən də aydın olur ki, Volqa çayının sahilində, tam olaraq Həştərxan şəhərində yerləşən “Kapustin Yar” adlı kosmos hərbi bazasında təlim atışları aparılıb.

Topol-M strateji qitələrarası ballistik raket sistemi Sovet hakimiyyətinin son illərində istehsal edilib.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu raketlər 800 kiloton döyüş başlığı daşıya bilir və 800 min ton TNT məhv etmə gücünə malikdir.

Raketlərin məhvetmə gücünün 1945-ci ildə Naqasakiyə atılan atom bombasından 40 dəfə çox olduğu bildirilir. (musavat.com)

AzNews.az