“Koronavirus daha çox siyasi problemdir”

Məşhur İsrail tarixçisi Yuval Hararidən maraqlı fikirlər

Koronavirus pandemiyasından sonra ortaya necə bir toplum çıxacaq? Ölkələr daha çox əməkdaşlıq edəcəklər, yoxsa izolyasiyaya üstünlük verəcəklər? Polis nəzarəti və məhdudlaşdırma tədbirləri vətəndaşları qorumaq, yoxsa onlara təzyiq etmək vasitəsinə çevriləcək?

AzNews.az xəbər verir ki, bu suallarla BBC İsrail tarixçisi, “Heyvanlardan tanrılara: bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Hoah Hararinin fikirlərini öyrənib. O deyib ki, koronvirusa qarşı mübarizədə bugünkü seçimlərimiz gələcəkdə də dünyanı formalaşdırmağa davam edəcək. “Bu böhran bizi böyük qərarlar verməyə və onları tez bir zamanda reallaşdırmağa məcbur edir”, – Harrari belə deyib.

“Siyasi böhran”

“Bəlkə də ən vacib seçimlər bunlardır: indiki böhrana qarşı təcridlə, yoxsa millətlərarası iş birliyi və həmrəyliklə mübarizə aparmalı? Daha bir ciddi məsələ isə budur – ayrı-ayrı ölkələrin timsalında problemi totalitar üsulla, mərkəzləşmiş nəzarət və yoxlamalarla, yoxsa ictimai həmrəylik və vətəndaşlara səlahiyyət verməklə həll etmək?”

Yuval Noah Harari qeyd edib ki, pandemiya həm elmi, həm də siyasi problemləri üzə çıxarıb və birinciylə bağlı bəzi məsələlərin həlli istiqamətində çalışmalar başlasa da, ikinci istiqamətdə ciddi fəaliyyət hiss olunmur.

“Bu, bir səhiyyə problemindən daha çox siyasi böhrandır. Bəşəriyyət pandemiyanın öhdəsindən gəlmək üçün lazım olan bütün imkanlara malikdir. Orta əsrlərdə yaşamırıq, vəbayla üz-üzə deyilik. Doğrudur, insanlar ölür, ancaq bunun səbəbini və nə etmək lazım olduğunu bilirik” – Harari belə deyib.

Çin alimləri “Sars-CoV-2” adı verilmiş koronavirusun DNT ardıcıllığını tapıblar, digər ölkələrdə də oxşar araşdırmalar aparılır. “Covid-19” xəstəliyinin müalicəsi hələ tapılmasa da, araşdırmaçılar tibbi texnologiyalar və yeni kəşflər vasitəsilə peyvənd hazırlamaq istiqamətində önəmli addımlar atırlar.

Əl yumaq və məsafə saxlamaq kimi üsullar virusdan qorunmağa və onun yaılmasını azaltmağa kömək edir. Harari qeyd edir ki, “Nəylə üz-üzə olduğumuzu bilirik və onun öhdəsindən gələcək texnologiyamız da, iqtisadi gücümüz də var. Əsas məsələ əlimizdəki gücdən necə istifadə edəcəyimizdir və bu, ilk növbədə siyasi məsələdir”.

Təhlükəli texnologiya

“Financial Times” qəzetinə yazdığı məqalədə Harari vurğulayıb ki, fövqəladə vəziyyətlərdə tarixi proseslər sürətlənir, adi vaxtlarda illərlə edilən götür-qoydan sonra verilən qərarlar bir gecədə qəbul edilir. Sürətlə inkişaf edən izləmə texnologiyaları onlar üzərində araşdırma aparılmadan və ya ictimai müzakirəyə çıxarılmadan təcili surətdə tətbiq edilməyə başlanır.

Harari deyir ki, hökumətlər bu texnologiyalardan “hər bir şəxs haqqında informasiya toplamaq və qeyri-şəffaf qərarlar verən izləmə rejimlərini institutlaşdırmaq” üçün istifadə edə bilərlər.

Məsələn, İsraildə təkcə səhiyyə sisteminin deyil, gizli xidmətlərin də fərdlərə aid lokasiya məlumatlarını əldə etmək hüququ bir müddət genişləndirilmişdi. Harari bunun Cənubi Koreyada pilot layihə olaraq gerçəkləşdirildiyini, ancaq orda daha şəffaf addımlar atıldığını bildirir.

Dünyanın ən inkişaf etmiş izləmə texnologiyasına malik Çində isə karantin tədbirlərini pozan vətəndaşları müəyyənləşdirib cəzalandırmaq üçün üztanıma cihazlarından istifadə edilir.

Harari deyir ki, yaxın zamanda haqlı səbəblər görə belə izləmələrə son verilə bilər, ancaq bu üsul qalıcı olacağı təqdirdə ortaya yeni risklər çıxacaq: “Həm tibbi, həm də iqtisadi baxımından hökumətlərin güclü və bəzən də radikal addımlar atmasını dəstəkləyirəm. Ancaq bunu bütün xalqı təmsil edən hökumətlər edə bilər. Normal situasiyalarda ölkəni əhalinin 51%-nin dəstəyilə idarə edə bilərsiz, belə zamanlardasa cəmiyyətin bütün üzvlərini təmsil etmək məcburiyyətindəsiz”.

İzolyasiya, yoxsa birgə mübarizə?

Harari deyir ki, son illərdə hökumətlər milliyyətçilik və populizm dalğasına qapılıblar və bu, toplumları iki düşmən düşərgəyə ayırıb, digər millətlərə qarşı nifrəti artırıb.

Ancaq bütün planet miqyasında ortaya çıxan sağlamlıq problemi göstərdi ki, epidemiya qruplar və ölkələr arasında fərq qoymur. Hararinin sözlərinə görə, bu cür çətinliklər qarşısında birgə əməkdaşlıq və bölünmək arasında seçim etməli oluruq.

Bir çox ölkə epidemiyaya qarşı təkbaşına mübarizə aparmağa, tibbi avadanlıqları və ləvazimatları özəl şirkətlərdən almağa üstünlük verir. ABŞ maska, kimyəvi preparatlar və tənəffüs cihazları tədarükündə digər ölkələri üstələməyə çalışdığına görə tənqid edilir.

Bundan başqa, varlı dövlətlərin laboratoriyalarında hazırlanan peyvəndlərin yoxsul və inkişaf etməkdə olan ölkələrə çatdırılmayacağıyla bağlı narahatlıqlar var.

Hararinin sözlərinə görə, birgə əməkdaşlıq hamı üçün virusla mübarizə imkanı yaradır: səhər çinli alimlərin gəldiyi nəticə axşam İranda insanları ölümdən quratara bilər.

Dünya miqyasında əməkdaşlığın “daha rasional” olduğunu vurğulayan Harari deyir ki, koronavirusdan zərər çəkən bütün ölkələr arasında informasiya mübadiləsi, kadr və maddi yardım təminatının bərabər bölüşdürülməsi vasitəsilə buna nail olmaq olar: “İnsanların təcrid yoluyla qorunmasının ən son nümunələrini görmək üçün dönüb daş dövrünə baxmaq lazımdır. 14-cü əsrdə vəba epidemiyası oldu, yəni orta əsr sistemi bizi qoruya bilməz”.

İnsanın təbiəti dəyişə bilərmi?

Harari deyir ki, indiki seçimimiz nə olur-olsun, biz “sosial heyvan” olmaqda davam edəcəyik, bu xüsusiyyətimiz dəyişməyəcək: “Virus bizi yoluxdurmaq üçün insan təbiətinin ən yaxşı xüsusiyyətlərindən istifadə edir – xəstələrə qarşı mərhəmət duyğumuzdan, onlara yaxın durmaq instiktimizdən. Ona görə də məntiqli davranaraq sosial izolyasiyaya əməl etməymiz lazımdır. Ancaq sosial heyvanlar olduğumuz üçün çətin ki, bunu bacaraq. Böhran bitəndən sonra insanlar sosial bağlara daha çox ehtiyac duyacaq. Mən bu epidemiyanın insan təbiətini dəyişəcəyini düşünmürəm”.