- Maraq dairəsi
- 25 Noyabr 20:30
- 2 737
"Frontal lob taleyin qələmidir." - Psixoterapevt
İnsan əsrlər boyu “Alın yazısı” deyilən sirli mətnin harada yazıldığını axtarıb. Kimi bunu ilahi bir lövhədə, kimi ulduzların düzülüşündə, kimi də dəyişməz tale qanunlarında görüb. Amma müasir neyroelm fərqli bir pəncərə açır:
Biz “Alın yazısı” dediyimiz o görünməz ssenarini çox zaman öz beynimizin alın payında frontal lobda yazırıq.
Frontal pay insan şüurunun mərkəzi səhnəsi, qərarların, seçimin, iradənin laboratoriyasıdır. Bu bölgə yalnız düşünmək üçün deyil, tale yaratmaq üçün işləyir. Çünki bizim gələcəyimizi dəyişdirən bir cümlə var: Hansı qərarı verdinsə, onun nəticəsi taleyinə çevrilir.
Frontal payın əsas funksiyaları planlaşdırma, impulsları idarəetmə, gələcəyi dəyərləndirmə, davranışın seçimi insan həyatının gizli rejissorudur. Biz bir addım atmazdan əvvəl beynin bu hissəsi saniyənin içində yüzlərlə ehtimalı ölçür, riskləri hesablayır, nəyin bizə uyğun olduğunu seçir.
Başqa sözlə, “Alın yazısı” kimi adlandırdığımız şey metaforik deyil, fizioloji bir prosesdir. Beynimiz hər qərarla yeni sinaptik yollar qurur, davranış trayektoriyamızı dəyişdirir və həyatın istiqamətini yenidən çəkir.
Bir insanın taleyi deyəndə çox vaxt doğulduğu mühitdən genetik mirasdan danışırıq. Amma elə həmin genetik çərçivələrin içində yönü dəyişdirən güc frontal lobun özüdür, o, biologiyanın sərhədlərini davranışla yenidən yazır.
Taleyimiz alın yazısı deyil, alın payımızın işləmə keyfiyyətidir. İnsan həm impulsla, həm zəkayla, həm də emosiyayla yaşayır. İmpuls bizi indi istədiyimizə aparır, frontal lob isə “İndi” ilə “Sonra” arasındakı körpünü çəkir. Kim bu körpüdən ağılla keçirsə, taleyini dəyişir, kim kor-koranə addımlayırsa, taleyini şansa buraxır. Məsələn, eyni travmanı yaşayan iki insan düşünək. Biri qərar verir ki, bu ağrı onu dəyişdirəcək, digəri isə ağrının içində qalır. Onları ayıran yazı deyildi, frontal payın seçimi idi.
İki gənc eyni mühitdə böyüyür. Biri riskləri hesablayır, digəri emosiyalarının dalınca gedir. Birinin taleyi yüksəlir, o birinin yolu dolaşa-dolaşa uzanır. Aradakı fərq qərar mexanizmləridir. Taleyimiz bir zamanlar alnımıza yazılmış sərt mətn deyil; o, hər gün yenidən yazılan, düzəliş edilən, cümlələri dəyişdirilən neyrobioloji bir prosesdir.
Hər seçimin arxasında frontal lobun qısa bir dialoqu var:
“Bu riskə dəyərmi? Bu davranışın nəticəsi nə olacaq? Özümü bu istiqamətdə görürəmmi?”
Bu dialoqlar bəzən o qədər sürətli gedir ki, biz onları hiss etmirik, amma onların hər biri gələcəyimizin xəritəsinə yeni bir xətt çəkir.
Bəzən biz taleyi kənarda axtarırıq, çünki məsuliyyət daşımaq çətindir. “Alın yazısıdır” demək insanı bir anda sakitləşdirir. Amma elmi həqiqət başqadır: Tale məsuliyyətini daşımağa hazır olan insanın beynində yazılır. Bəli, həyat gözlənilməzdir, amma yönünü seçmək bizim işimizdir. Sinirlərimizin çəkdiyi yollar, hər gün verdiyimiz qərarlar, özümüzü necə tənzimləməyimiz, hansı davranışı seçməyimiz- bütün bunlar alın payının işidir.
Deməli, taleyimiz bizə verilməyib. Taleyimizi beynimizin önündə özümüz yazırıq.
Psixoterapevt Dilbər Bəhmənli