“O iclas keçirilməyə bilər” - Mübariz Əhmədoğlu

“Əsir və itkin düşmüşlər üzrə Ermənistan və Azərbaycan işçi qruplarının Tbilisi iclası keçirilməyə bilər”

Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, buna səbəb, planlaşdırılan görüş ərəfəsində Baş nazir N.Paşinyanın Ermənistanda bu komissiyanı müvəqqəti də olsa ləğv etməsidir:

"Bundan az öncə Ermənistan tərəfi əsir və girovların “hamının hamıya” dəyişdirilməsi barədə Azərbaycanın təklifini rədd etmişdi. Bəhanələri guya Azərbaycan tərəfinin rəsmi təklif irəli sürməməsidir, Ermənistan Müdafiə Nazirliyinin rəsmən belə təklif almamasıdır. Noyabrın ortalarında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanın Müdafiə naziri, həm də Əsir və itkin düşmüşlər üzrə dövlət komissiyasının sədri David Tonoyanla görüşdü. D.Tonoyanla görüşdükdən dərhal sonra N.Paşinyan bu işçi qrupu ləğv etdi. İşçi qrupunu buraxmasının səbəbi barədə isə heç bir izah vermədi:

I. Seçki dövrü olduğu üçün N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində heç bir inam yaratma tədbirlərinə razılıq verə bilməz.

II. Berdavan şəhərinin əhalisinin Karen Kazaryanın geri tələb etməsi ilə bağlı aksiyalarını sərtləşdirmələridir. Onlar artıq Ermənistan-Gürcüstan avtomobil yolunu kəsirlər. Ermənistan mətbuatı, eləcə də baş nazir N.Paşinyan berdavanlıları İ.Əliyevin göstərişi ilə və yaxud Azərbaycanın marağına addım atmaqda ittiham edirlər. Berdavanlıların öz yerliləri K.Kazaryanın müdafiəsinə qalxması sübut edir ki, Azərbaycanın K.Kazaryanla bağlı mövqeyi düzgündür. N.Paşinyanın işçi qrupu ləğv etməsi isə beynəlxalq aləmi çaşdırmaqdan başqa bir şey deyil. Azərbaycan “hamının hamıya” dəyişmək təklifini irəli sürməklə inam yaratma tədbirlərini daha da möhkəmləndirmək istəyir. Düşənbə görüşündən sonra Azərbaycan və Ermənistan arasında birbaşa əlaqə mövcuddur və N.Paşinyan bir neçə dəfə yeni qurumun mexanizminin effektli olduğunu bildirib. İndi də yeni inam yaratma tədbiri, xüsusilə hərbçilər arasında inam daha da möhkəmlənə bilər, N.Paşinyana isə bu sərf etmir. S.Sərkisyan, E.Nalbandyan və R.Köçəryan etiraf ediblər ki, Dağlıq Qarabağ tənzimlənməsi prosesi çox incə materiyadır. N.Paşinyan artıq bu incə materiyanı demək olar ki, dağıdıb. Ona görə Dağlıq Qarabağ tənzimlənməsi prosesi N.Paşinyanın hakimiyyətdə olduğu dövrdə ona ən ciddi zərbəni vuracaq. Bunun seçki dövründə və yaxud seçkidən sonra olması isə elə də böyük təsirli hadisə deyil. Azərbaycan tərəfi ümid edirdi ki, Azərbaycan və Ermənistanın əsir və itkin düşmüşləri üzrə birgə işçi qrupunun Tbilisi iclası bu məsələni həll edəcək. Görünür, N.Paşinyan bu işçi qrupu buraxmaqla həm də Azərbaycanın Tbilisidə görüş keçirmək təklifinə də yox dedi. Bu, Azərbaycanın dinc sülhməramlı təşəbbüslərinin azalmasına deyil, əksinə artmasına təkan verəcək".

AzNews.az