“Səfirin “qanuni oğrular”la işbirliyi Avropanın mərkəzində Almaniyanın milli maraqlarını təhdid etmək anlamına gəlir” “Səfirin “qanuni oğrular”la işbirliyi Avropanın mərkəzində Almaniyanın milli maraqlarını təhdid etmək anlamına gəlir”

Alman KİV araşdırmasını davam etdirir - Ermənistan XİN “qanuni oğrular”a himayədarlıq edir

“Səfirin “qanuni oğrular”la işbirliyi Avropanın mərkəzində Almaniyanın milli maraqlarını təhdid etmək anlamına gəlir”

Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.

Bu, Almaniyanın "Der Spiegel” dərgisi və "MDR” televiziyasının birgə apardığı araşdırma zamanı üzə çıxıb. Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada "qanuni oğruların” başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib.

Qeyd olunub ki, erməni mafiyasının əməlləri bu ölkədəki erməni diasporunun nüfuzuna də mənfi təsir göstərib, eyni zamanda, məhkəmə işinin başlamasına və rəsmi Berlinlə Yerevan arasında diplomatik gərginliyə səbəb olub. Bildirilib ki, yerli polis etibar etmədiyindən erməni diasporu ilə əməkdaşlığı məsləhət görməyib.

Bu etimadsızlığa səbəb Ermənistanın dövlət qurumlarında və diplomatik strukturlarında işləyən şəxslərin "qanuni oğrular”la sıx əməkdaşlıq etməsi göstərilib. Almaniya Federal Kəşfiyyatı səfir Aşot Smbatyanı qaçamalçılıq və 2008-ci ildə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilir. Həmin dövrdə o, səfir olmasa da, Ermənistanın Almaniyadakı səfirliyində işləyirmiş. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2015-ci ildə Aşot Smbatyanı ölkəsinin Almaniyadakı səfiri təyin edib. Səfirin aqibəti ilə bağlı Almaniya mətbuatında fikir ayrılığı var. Onların fikrincə, Ermənistan hakimiyyəti A.Smbatyanı dəstəkləyir. Ancaq bu ölkədəki dəyişikliklər onun da mövqeyini laxlada bilər. Rusiya KİV-ləri yazıb ki, Almaniyadakı mütəşəkkil erməni cinayətkarları bayker dəstələri və İtaliyanın Kalabriy əyalətinin cinayətkar "Ndrangeyt” qrupu ilə birlikdə fəaliyyət göstərib.

Xatırladaq ki, bir müddət əvvəl İspaniya təhlükəsizlik qüvvələri də Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində, erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçaqmalçılığı, çirkli pulların yuyulması və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.

Məsələ ilə bağlı danışan deputat Sahib Alıyev deyib ki, Ermənistandakı əvvəlki Serj Sarkisyan rejimi də, hazırkı Paşinyan rejimi də kriminal ünsürlərdən ibarət olub:

"Biz bunu dəfələrlə bəyan etmişik. İndi Ermənistanın Almaniyadakı səfiri ilə bağlı yayılan informasiyalarla bu öz əksini tapmaqdadır. Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın Berlindəki və digər şəhərlərdəki mafiya qrupları ilə əlbir olması ilə bağlı xəbərlər məhkəmə prosesindən sonra daha da dəqiqləşəcək: "Görünən odur ki, Almaniya höküməti məsələni ciddi nəzarətə götürüb. Biz hər fürsətdə Ermənistan hakimiyyətinin mafioz idarəçiliyi haqqında beynəlxalq təşkilatlarda məsələlər qaldırmışır. İndi Avropada anladılar ki, Ermənistan rəsmiləri hansı işlərlə məşğuldurlar. Onların ən böyük kriminal hərəkəti isə Azərbaycan torpaqlarını işğal etmələri idi. Bu işğal indi də davam edir”.

Millət vəkili hesab edir ki, Azərbaycan Aşot Smbatyanla bağlı məsələni diqqətdə saxlamalıdır:

"Almaniya üçün də bu çox ciddi məsələdir. Səfirin "qanuni oğrular”la işbirliyi Avropanın mərkəzində Almaniyanın milli maraqlarını təhdid etmək anlamına gəlir. Düşünmürəm ki, Almaniya höküməti belə bir məsələyə səthi yanaşacaq. Unutmayaq ki, Almaniya hüquq dövlətidir. Güman ki, Berlin indiki məqamda məsələnin hüquqi müstəvidə həllini gözləyir”.(sherg.az)

© AzNews.az