Güzəşt Paşinyan iqtidarı üçün ən son seçimdir. Güzəşt Paşinyan iqtidarı üçün ən son seçimdir.

Paşinyan sülh üçün bütün qapıları bağlayır - Elxan Şahinoğlu

Güzəşt Paşinyan iqtidarı üçün ən son seçimdir.

Bu gün Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni regional çağırışlar fonunda Qarabağ danışıqları” mövzusunda mətbuat konfransı keçirib.

AzNews.az xəbər verir ki, konfrans Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilib.

Konfrans zamanı Elxan Şahinoğlu Azərbaycan ətrafında baş verən hadisələrdən və həmin hadisələrin ölkəmizə təsirindən danışıb.

O, Qarabağ problemindən danışarkən Paşinyanın danışıqlardan qaçdığını və hakimiyyətə gəldikdən sonra Ermənistanın mövqeyinin daha da sərtləşdiyini bildirib.

“Paşinyan danışıqlarda haqsız tərəfdir. O, eləcə də bütün erməni xalqı qeyri-qanuni yolla Azərbaycan torpaqlarını işğal etdiklərini bilir. Buna görə də danışıqların irəliləməsi üçün güzəştə getmək zəruridir. Ancaq Paşinyan güzəştə gedə bilməz, çünki o, daxili narazılıqdan çəkinir. Qarabağ klanı bu gün passiv görünsə də onların əlində kifayət qədər imkan var. Paşinyan da bunu bilir və Qarabağ klanının pusquda olduğunu görür. Belə bir zamanda güzəşt Paşinyan iqtidarı üçün ən son seçimdir”.

Politoloq bildirib ki, Azərbaycan-Ermənistan müharibəsi başlayarsa, KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcək:

“KTMT elə bir siyasi institutdur ki, burada sistem işləmir. KTMT üzvləri arasında vahid birlik yoxdur. Və bura üzv olan dövlətlər bir-birilərinə dəstək olmurlar. KTMT-yə üzv olan Belarus, Qazaxıstan kimi dövlətlər Azərbaycanla bir çox sahədə sıx əməkdaşlıq edir və bu məsələdə onun haqlı mövqeyini müdafiə edirlər. Ona görə də Dağlıq Qarabağ probleminin həllində KTMT-nin rolunun çox zəif olduğunu düşünürəm. Hətta, Azərbaycan-Ermənistan müharibəsi baş tutsa, KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər. Çünki KTMT Ermənistanın ərazi bütövlüyünə cavabdehdir, Dağlıq Qarabağ isə Ermənistan ərazisi deyil”.

 E. Şahinoğlu yayda Ermənistanda vəziyyətin daha da gərginləşə biləcəyini qeyd edib:

“Paşinyan seçkidən öncəki kampaniyalarda erməni xalqına verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Ölkə iqtisadiyyatı pis vəziyyətdədir. Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. İranın da öz iqtisadi durumu günü-gündən pisləşir. Rusiyaya gəldikdə isə Ermənistan bu ölkədən həm iqtisadi, həm də hərbi cəhətdən asılıdır. Paşinyanın Avropadan gözlədiyi yardımlar da gəlmədi. Bütün bunların müqabilində Paşinyan Dağlıq Qarabağ probleminin həllində sülh üçün bütün qapıları bağlayır. Növbəti aylarda kiçik miqyaslı hərbi əməliyyatların başlanması artıq Ermənistanda daxili böhranın meydana gəlməsinə səbəb ola bilər. Belə hesab edirəm ki, Ermənistanda bu yay vəziyyət gərginləşə bilər”.

Pərvanə Ağazadə

AzNews.az