Paşinyan İsrail vasitəsilə rəsmi Vaşinqtona yaxınlaşmaq istəyir - Mübariz Əhmədoğlu

O, İrandan qayıtdıqdan dərhal sonra İsrailə iki rəsmi nümayəndə heyəti göndərdi

Ermənistanın İsraillə münasibətlərində aktivliyin keyfiyyətcə yeni mərhələsi başlayıb. Ermənistan rəsmiləri bu aktivliyin aparıcı elementləridir. Ermənistan Xarici İşlər Nazirinin müavini Q.Ovannisyanın rəhbərlik etdiyi Ermənistanın İsraildəki qeyri-rezident səfiri Armen Sumbatyan və İsrailin Ermənistandakı fəxri konsulu Aşot Şahmuradyanın daxil olduğu nümayəndə heyətinin səfərinin rəsmi formatı keçirilən mədəni tədbirlərdə iştirak idi. Amma əslində 2 ölkə arasındakı əlaqələrin gücləndirilməsi məsələsi kifayət qədər ciddi müzakirə olunub. Ən əsas müzakirə olunan məsələ İsrailin Ermənistanda səfirlik açmasıdır. Paşinyan hökumətinin fikrincə, İsrail Ermənistanda səfirlik açarsa və rezident səfir təyin edərsə bu iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına daha ciddi təkan verə bilər. Qriqor Ovannisyan İsrail mətbuatına “Yerusəlim post” qəzetinə verdiyi müsahibədən də bu başa düşülür. Eləcə də Ermənistan özü də İsraildə səfirlik açmaq niyyətindədir. Amma Q.Ovannisyan Ermənistanın İsraildə səfirlik açmasını İsrailin Ermənistanda səfirlik açması ilə əlaqələndirmək istəmir. Beləliklə ən əsas məsələ hal-hazırda Ermənistanın İsraildə səfirlik açmasıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti qayıtdıqdan sonra Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan Yerusəlimin erməni patriarxı Arxiyepiskop Nurxan Manukyanın dəvəti ilə İsraildə oldu, patriarx və yerli erməni icması ilə görüşdü. Nazirin görüşündə kifayət qədər ciddi tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub. Bunlardan biri Yerusəlim konqreqasiyası ilə erməni varislərinin seminariyası ilə tanışlıq və nəticədə erməni irsinin saxlanılmasına kömək etməkdir. Eləcə də rəsmi Təl-Əvivlə ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində sənədlərin imzalanmasıdır. Nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan, parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə komissiyasının sədri Mxitar Ayrapetyan, Müdafiə nazirinin müavini Qabriel Balayan və təhsil və elm nazirinin müavini Luiza Arakelyan daxil idi.

Ermənistanın İsrailə artan marağında, Ermənistanın İsraildə səfirlik açması məsələsində ikinci mühüm istiqamət bu addımların N.Paşinyanın İrana səfərindən sonra atılmasıdır. N.Paşinyan İranda çox dəbdəbə ilə qarşılandı. Az qala İran rəhbərliyi N.Paşinyanın qarşısında yaltaqlandı və görünür Paşinyan bundan İranın kifayət qədər zəif olduğu nəticəsini çıxardıb. Görünür, İrandakı ermənilər də N.Paşinyanı inandıra biliblər ki, İran söykəniləsi dövlət deyil.

N.Paşinyan hökumətinin ABŞ-la problemləri var, münasibətlər qura bilmir. ABŞ-dakı erməni lobbisi acizdir. Ona görə Paşinyan hökuməti İsrail lobbisi vasitəsilə rəsmi Vaşinqtona yaxınlaşmaq istəyir. Çünki Ermənistan-İsrail münasibətlərinin heç bir iqtisadi tutumu yoxdur. Eləcə də İsrailin hal-hazırda anti-Türkiyə platsdarm kimi Ermənistandan istifadə etməsi məsələsi də gündəlikdə deyil. Çünki Türkiyə ilə İsrail arasındakı neqativ, gərgin münasibətlər artıq vərdiş halı alıb. Türkiyə və İsrail bu gərgin münasibətlər sisteminə yeniliklər daxil etmək istəmir. Ona görə Ermənistan İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi təhdid yaratmadan İsraillə əlaqələr qurmaq və beləliklə lazım gələrsə İsrailin diktəsi ilə İrana qarşı siyasət aparmaq kursunu götürə bilər.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq