Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa, Ermənistan dövləti mövcud ola bilməyəcək

N.Paşinyanın bir illik hakimiyyəti ərzində onun bütün hay-küyləri, beynəlxalq aləmə göndərdiyi mesajlar cavabsız qalıb

Azərbaycan və Ermənistan Xİ nazirlərinin Moskva görüşü prezidentlərin 2016-cı il Sankt-Peterburq görüşünü yenidən aktuallaşdırdı.

Azərbaycan və Ermənistan Xİ nazirlərinin Moskva görüşü bu vaxtadək keçirilən analoji görüşlərdən qat-qat üstün əhəmiyyətə və təsirə malikdir:

ı. Bütün görüşlərdə sülh danışıqlarına ümid yaratmaq və bununla da gərginliyin qarşısını əsas məqsədlərindən biridir. Amma Moskva görüşünün yaratdığı ümid kifayət qədər inandırıcıdır və tənzimlənmədə irəliləyiş üçün əsas yaradır.

ıı. Moskva görüşü tənzimlənməni Dağlıq Qarabağ regionunun içərisinə daxil edə bildi. Qohumları D.Əsgərov və Ş.Quliyevi Şuşa həbsxanasında ziyarət edəcəklərsə, Dağlıq Qarabağ ermənilərinin yeni nəslində bu regionun Azərbaycana məxsusluğu ilə bağlı informasiya və şərhlərə ciddi stimul yaradacaq. Onları ziyarət edəcək qohumlarının və ziyarətlərin sayı barədə də konkret bir söz yoxdur. Ş.Quliyev və D.Əsgərovun Şuşa həbsxanasında qalması nəticədə Dağlıq Qarabağın müstəqilliyinə birbaşa təhlükə kimi dəyərləndiriləcək. Ehtimal ki, Ermənistan rəhbərliyi belə görüşün baş tutmasına imkan verməyəcək, hətta Ş.Quliyev və D.Əsgərovu Azərbaycana qaytarmaq daha sərfəli variant olacaq.

Jurnalistlərin Dağlıq Qarabağ erməniləri ilə görüşlər keçirib, müzakirələr aparması da öz təsirini göstərəcək.

ııı. Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın əsas tezislərini Xİ nazirlərinin Moskva görüşü legitimləşdirdi. Ermənistanın irəli sürdüyü Dağlıq Qarabağın statusu və təhlükəsizliyi tezisləri Azərbaycan tərəfinin irəli sürdüyü Ermənistan Silahlı Qüvvələrinin çıxması və məcburi köçkünlərin qayıtması tezisləri ilə birlikdə müzakirə üçün qəbul edildi. N.Paşinyanın bu 2 tezisi kontekstindən geriyə baxdıqda, əslində Ermənistan tərəfinin belə tezisinin sayı 3 idi. R.Köçəryan və S.Sərkisyanın dövründə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tələbi 3 idi. Bunlardan ikisi indi N.Paşinyanın dedikləri və əlavə də Dağlıq Qarabağın qeyri-anklav olması idi. Yəni, Dağlıq Qarabağla Ermənistan arasında hökmən quru əlaqəsi olmalıdır. N.Paşinyan üçün bu o qədər də böyük əhəmiyyət kəsb etmir. O kontekstdən Paşinyan üçün Dağlıq Qarabağın daxilinə yönəli addımlar daha güclü effekt verməlidir. Paşinyanın Qarabağ klanının ortalığa qoyduğu 3 tələbi 2 tələbə çevirməsi Dağlıq Qarabağ ermənilərinə mesaj və ya təzyiq vasitəsidir.

ıv. Tənzimlənmənin Dağlıq Qarabağın içərisinə salındığı dedikdə həm də N.Paşinyanın öz ambisiyasını reallaşdırmasını nəzərdə tuturuq. Paşinyan başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa Ermənistan dövləti mövcud ola bilməyəcək. Çünki N.Paşinyanın bir illik hakimiyyəti ərzində onun bütün hay-küyləri, beynəlxalq aləmə göndərdiyi mesajlar cavabsız qalıb. Hətta diaspor erməniləri Ermənistandan üz döndərib. N.Paşinyan demokratiyasını Avropaya, Qərb dünyasına baha qiymətinə sata biləcəyinə inanırdı. Paşinyanın demokratiyası qəlp pula çevrildi, heç bir maliyyə dəyərinə malik deyil. ABŞ-ın Ermənistanla əlaqələri bütün tarix boyunca ən minimaldadır.

Belə vəziyyətdə N.Paşinyan başa düşür ki, Ermənistanın siyasi, iqtisadi həyatına yeni nəfəsi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə vermək olar; Münaqişə tənzimləndikdən sonra Azərbaycanla iqtisadi əlaqələr qurula bilər. Amma söhbət Azərbaycanla iqtisadi əlaqələrin qurulmasından getmir. Söhbət beynəlxalq münasibətlərin normallaşmasından və bu normallaşmış beynəlxalq münasibətlərin iqtisadi kapitallaşmasından gedir. N.Paşinyan bunu dərk edir və ona görə Dağlıq Qarabağ məsələsini həll etməlidir.

Paşinyan Qarabağ məsələsini də Dağlıq Qarabağ ermənilərininəli ilə həll etmək istəyir. Xİ nazirlərinin Moskva görüşü bitən kimi Dağlıq Qarabağ adlanan separatçı qurumun de-fakto rəhbərinin mətbuat xidmətinin rəhbəri D.Babayan açıqlama yaydı. Açıqlamadan bəlli oldu ki, guya 11 il bundan qabaq Dağlıq Qarabağ belə humanitar aksiyalara hazır imiş. Dağlıq Qarabağda gözləyirlər ki, azərbaycanlılar gəlsin, bunları təmtəraqla D. Əsgərov və Ş. Quliyevin yanına göndərsinlər. N.Paşinyanın ciddi təzyiqləri özünü göstərir.

N.Paşinyan Qarabağ ermənilərinə tənzimlənmə variantını qəbul etdirib, sonradan özü bu tənzimlənmə variantını beynəlxalq aləmdə müzakirə etdirə biləcək.

v. Moskva görüşünün digər vacib əlamətlərindən biri də ermənilərin susmasıdır. Prezidentlərin Vyana görüşünün səhəri, şənbə günü olmasına baxmayaraq Ermənistanda 3-4 mətbuat konfransı təşkil edildi. Amma Moskva görüşündə heç kimsə Sankt-Peterburq görüşünə eyham vurmaq istəmir. Hətta Moskva görüşündən sonra Ermənistan parlamentinin iclaslarında gur debatların olması da Dağlıq Qarabağ tənzimlənməsini və yaxud Moskva görüşünə diqqəti çəkmədi.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq