- Mədəni adam
- 18:10
- 851
Rasim Balayevi öldürən zədələr...
Film rejissorun, ssenari müəllifinin əsəridir. Elə aktyorlar da var ki, onlar film içində muxtar bir müəlliflik qazanır... Rasim Balayevin yaratdığı bütün baş rollarda ayrı bir aktyoru təsəvvür etmək, doğrudan da, çətindir. Sənət nümunələrini müqayisə etmək qüsurdur, lakin bu yerdə qüsura baxmayaq: məsələn, “Nəsimi” və “Babək” filmləri uğurlu alındıqdan sonra “Nəsimi”dən ssenari müəllifi kimi İsa Hüseynov, “Babək”dən rejissor kimi Eldar Quliyev “Nizami” filminə cəlb edilir. Lakin “Nizami” özündən əvvəlki tarixi filmlər seriyasındakı uğur silsiləsini davam etdirə bilmir... Alınmayanda, alınmır... Bəlkə də, “Nizami” filminin uğursuz alınmağının ilk səbəbi şeyx Nizami rolunda Müslüm Moqamayevin oynaması idi...
Dünya kinosuna da baxsaq, nadir akyorların taleyinə bir neçə müsbət tarixi şəxsiyyət obrazı yaratmaq yazılıb. Nəsimi, Babək, Beyrək... Bəlkə də, bu qəhrəmanların heç biri Rasim Balayevə oxşamayıb, ancaq hər üçü Rasim Balayev simasında gözümüzün önünə gəlir və əbədiyyən belə xatırlanacaq.
Rasim Balayevi şanslı aktyor hesab edə bilərik, ancaq onu əbədiyyən yaşadacaq obrazlar ömründən də yeyiblər. Təkcə “Babək” filmində aldığı zədələri ömrünün sonuna kimi canında gəzdirib. Son müsahibələrinin birində həkiminin qənaətindən danışanda deyir ki, onu əldən salan, ölümə aparan ağrıların əksəriyyəti “Babək” filmində aldığı travmalardan qaynaqlanır. Bəlkə də, Babəkdən daha çox atdan yıxılıb, əlini xəncər kəsib. Özü deyir ki, bir dəfə az qala filmdə Şahmar Ələkbərovun başını qılıncla kəsəcəkmiş... Onu faciədən millimetrlər xilas edir...
Bəlkə də, Beyrək həyatda heç vaxt aslanla qarşılaşmayıb, amma Rasim Balayevin yaratdığı Beyrək aslanla döyüşüb. Fəqət, bu bir həqiqətdir ki (nümunəsi Rasim Balayevdən uzaq) bir aktyorun Beyrəyi oynayıb Yalıncığı yaşamaq haqqı var.
Deyim var, qanunları saat kimi işləyən məmləkətlərdə lotular yaranmayıb, çünki qanun işləyən yerdə vətəndaş lotu kimi yaşayır. Qafqaz, Şərq ölkələrində müğənnilərdən, aktyorlardan daha artığı gözlənib. Yəni sən Babəki yaradırsansa, həyatda da Babək olmalısan... Niyə?
Bir aktyor, artist necə Babək ola bilər? Ümumiyyətlə, bu nə çarəsizlikdir? İncəsənətlə məşhurluq qazanan birindən siyasi bəyanatlar gözləmək, ondan ictimai düşüncəyə təsir edəcək fikirlər diləmək köz görüb kabab istəmək qədər uşaqlıqdır. Hansısa bir məşhur sənət adamının xarakterində liderlik varsa, yaxud özünü siyasi arenada görürsə, illah da bir yol tapıb bu qabiliyyətini realizə edəcək. Əks halda sənət adamının əsas borcu cəmiyyəti siyasi-istisadi platformalarda təmsil etmək deyil. O, yalnız mədəni, estetik tərbiyədə vasitəçi ola bilər.
Dünya siyasətində də onlarla şəxs görmüşük ki, siyasi arenanı teatr səhnəsi, film meydançası ilə səhv salıb, sonda özünü də, auditoriyasını da qırğına aparıb. Bu daha pisdir, nəinki yalnız sənətinlə məğul sakitcə Allahın rəhmətinə qovuşmaq. Filmdə ağzından dürr tökülən bir aktorun real həyatda ağzı pendir kəsməyə bilər. Çünki həyatda hər ağzından dürr tökülən də film qəhrəmanı olmur.
Bütün bu nümunələr onu təsdiqləmir ki, Rasim Balayev birmənalı şəkildə ictimai proseslərə qoşulmayan, az aşım, ağrımaz başım deyib həyatını yaşayan şəxs idi, xeyr, o da cəmiyyətə təkcə bədii film kameralarının arxasında, başqa obrazlarda yox, məhz elə Əhməd kişinin oğlu Rasim kimi dəfələrlə müraciət edib, hansısa yanlış hesab elədiyi nəsnəyə etiraz edib. Təəssüf ki, aktyor məhz belə hallarda topa tutulub, adı sosial şəbəkələrdə mənfi şərhlər içində müzakirə edilib. Bu nümunə bir daha göstərir ki, insanları olmadıqları obrazlara sürükləmək, sosial sifarişlərlə onları danışdırmaq heç kəsə başucalığı gətirmir. Rasim Balayevin ən gözəl bacardığı iş tarixi şəxsiyyət obrazları yaratmaq və çəkildiyi filmlərin kadrarxası barədə maraqlı xatirələr bölüşmək idi ki, bunu yaxşı bacaran aktyor da rahatlıqla kino tarixinə düşür.
Yəqin, çoxunuz razı olarsınız ki, qocalan kino camiəmizin sağ qalan ən məşhur siması Rasim Balayev idi. Geriyə kim qalır? Fəxrəddin Manafov, Şəfiqə Məmmədova, Hacı İsmayılov və başqaları... Təəssüf ki, demoqrafik böhran yaşayan kino xadimləri əksilə-əksilə gedir və yeri dolmur... Bu mırıq reallıqda, əfsus ki, yenə də məşhurlarımızı Nəsimi kimi soyulmamaqda suçlaya bilənlər yox deyil.
Rasim Balayev MDB ölkələrinin hamısında tanınan simamız idi. Almaniyada, İranda, Türkiyədə bədii filmlərdə rol alıb...
Bir dəfə Moskvada sənət yoldaşları ilə gəzişəndə köşkdə satılan bir şəxsin fotosunu görürlər. Dostları zarafatyana deyirlər ki, Rasim, bu eynən sənə oxşayır, gəl bunu alaq. Şəkli alırlar... Bir az zarafatlaşandan sonra görürlər ki, şəklin arxasında Rasim Balayevin adı və bioqrafiyası var...
Sonda... Hər şey unudulsa, yalnız bu epizod Rasim Balayevi və Azərbaycan kinosunu zirvədə saxlayacaq - Azərbaycan kinosundakı bu hayqırtı Rasim Balayevin səsi və siması ilə sovetin üzünə çırpılırdı:
“Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq!!! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman edirdim ki, sən də bu yolun yolçusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”./qafqazinfo
Sərdar Amin
Aznews.az