Ordumuzun nümayiş etdirdiyi güc, müasir döyüş vasitələri düşmən tərəfindən daim izlənilir Ordumuzun nümayiş etdirdiyi güc, müasir döyüş vasitələri düşmən tərəfindən daim izlənilir

Budəfəki təlimlər göstərdi ki... - Hərbi ekspert

Ordumuzun nümayiş etdirdiyi güc, müasir döyüş vasitələri düşmən tərəfindən daim izlənilir

“Təlimlər daha çox hücum ssenariləri üzərində qurulub və bu, təbii olaraq düşmən ökədə də narahatlıq yaradıb. Çünki Ermənistan çox yaxşı bilir ki, bu təlimlərin əksəriyyəti Ermənistan üzərində praktik şəkildə yoxlamalara hədəflənib”.

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə 4 gündür davam edən genişmiqyaslı əməliyyat-taktiki təlimlərini AzNews.az-a şərh edərkən belə dedi.

Onun sözlərinə görə, 2013-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq aktiv şəkildə hərbi təlimlər keçirir. Bu təlim də birlik səviyyəsində keçirilən genişmiqyaslı təlimlərdən biridir:

"Təlimlər il ərzində palnlaşdırılmış qrafik üzrə keçirilir. Hər bir təlimdə müxtəlif ssenarilər həyata keçirilir. Amma silahlı qüvvələrin əsas amalı işğal olunuş torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Ona görə də bütün təlimlərin məqsədi məhz bu istiqamətə yönəlib. Burada hər hansı bir üçüncü dövlətə müharibə elan etməkdən, yaxud digər məsələlərdən söhbət getmir. Budəfəki təlimlər, eyni zamanda, müxtəlif ordu birliklərini əhatə edir. Bu təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi silahların bir qisminin sınaqdan çıxarıldığını da müşahidə etdik. Bu barədə hələ ki, detallı məlumat verməyəcəm. Çünki təlimlər davam edir. Ən çox diqqət çəkən məqamlardan biri də gecə şəraitində döyüş atışlı təlimlərin həyata keçirilməsidir. Bilrisiniz ki, müharibələrin başlanması adətən gecə vaxtına təsadüf edir. Digər tərəfdən, təlimlər qoşunların koordinasiyasının təşkilində böyük rola malikdir. Bu zaman ehtimallar üzrə müxtəlif ssenarilər nəzərdən keçirilir. Çünki ordunun bir müharibə planı olmur. Bir neçə ehtiyat variantlar olur – deyək ki, A-B-C kimi planlar... Müdafiə Nazirliyinin açıqladığı məlumatlardan da göründüyü qədər bu təlimlər daha çox hücum ssenariləri üzərində qurulub. Bu da təbii olaraq düşmən ökədə narahatlıq yaradıb. Çünki Ermənistan çox yaxşı bilir ki, bu təlimlərin əksəriyyəti onun üzərində praktiki şəkildə yoxlamalara hədəflənib. Ona görə də Azərbaycan Ordusunun nümayiş etdirdiyi güc, müasir döyüş vasitələri ermənilər tərəfindən daim izlənilir, analiz edilir və haqlı olaraq da biz erməni mətbuatında onların narahatlığını hiss edirik".

Hərbi ekspert xüsusilə onu da qeyd etdi ki, bu təlimlərdə daha çox diqqət həm də düşmənin yaratdığı radioelektron şəraitdə döyüşlərin aparılmasına yönəlib. Bu isə onu göstərir ki, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşləri və ona qədər baş verən hadisələr zamanı mövcud olan müəyən boşluqlara diqqət çəkir və düşmənə daha tutarlı zərbə yetirmək, onu daha çox tələfata uğratmaq istiqamətində təlimlər aparır.

Qeyd edək ki, mayın 20-dən etibarən başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır.

Elgün
AzNews.az