Rusiyalı politoloq: İrəvan Bakının bu addımları nəticəsində çox narahat vəziyyətə düşüb Rusiyalı politoloq: İrəvan Bakının bu addımları nəticəsində çox narahat vəziyyətə düşüb

Ermənistanla sərhədlər gücləndirilir - Azərbaycan DSX-nin uğurlu əməliyyatları işğalçıya sərt mesajdır

Rusiyalı politoloq: İrəvan Bakının bu addımları nəticəsində çox narahat vəziyyətə düşüb

Ermənistanla sərhədimizin Qazax istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) bölmələrinin yeni mövqelər tutmasından sonra cəbhə xəttinin xeyrimizə dəyişməsi son günlərin əsas müzakirə mövzularından biri olaraq qalır. Rəsmi qaynaqlar cəbhə xəttinin bu istiqamətində baş verənlərin detallarını açıqlamasa da, azərbaycanlı hərbi ekspertlər öz mənbələrinə istinadla bildirirlər ki, DSX hərbçiləri Babakər dağında dörd yüksəklikdə möhkəmlənib. Nəticədə Qazax rayonunun təmas xəttinə ən yaxın olan İkinci Şıxlı kəndinin əhalisi indi daha təhlükəsiz şəraitdə yaşamaq imkanı qazanıb.

Yerli və əcnəbi ekspertlər Azərbaycan tərəfinin bu uğurlu irəliləyişini həm də Qarabağ konfliktinin mümkün hərbi həll kontekstində izah edirlər.

*****

“Dövlət Sərhəd Xidməti çətin, çoxfunksiyalı, spesifik və qapalı orqanizmdir. Hər dövlət onu tam həcmdə ayrıca qurum kimi yarada bilmir. Azərbaycanda buna nail olunub - hansı ki, bu da qeyd edilən məsələdə ölkənin öz suverenliyini təmin etmək imkanlarını sübuta yetirir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva Sərhəd İnstitutunun keçmiş müəllimi, rusiyalı tarixçi Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan DSX-sinin qarşısında duran əsas məsələlər dövlət sərhədinin Gürcüstan hissəsinin delimitasiyası, Ermənistan hissəsinin taleyinin həll edilməsindən ibarətdir.

“Bu istiqamətlərin hər biri ayrıca müzakirə tələb edir. Ermənistanla dövlət sərhədlərinin mühafizəsini hazırlıq səviyyəsi və təchizatı adi ordu bölmələriylə müqayisədə yüksək olan Azərbaycanın DSX-nin xüsusi təyinatlıları həyata keçirir. Ərazidən çıxarılan, dövlət sərhədinin mühafizəsi ilə bağlı spesifik və zəngin təcrübəyə malik Müdafiə Nazirliyi hissələri isə Dağlıq Qarabağ konflikti zonasına dislokasiya ediləcək və burada düşmənin minimum ön müdafiə xəttində yüksək səviyyədə kəşfiyyat aparmaq qabiliyyətləri ilə Azərbaycanın ordu bölmələrini gücləndirəcək. Hərbi peşəkarlar bunun sizin düşmənin cəbhə xəttində nə ilə nəticələnə biləcəyini yaxşı anlayırlar”, - deyə analitik qeyd edib.

oleq Kuznetsov ile ilgili görsel sonucu

Kuznetsov hesab edir ki, sərhəddəki ordu bölmələrinin sərhəd qoşunları ilə əvəzlənməsi nəticəsində Azərbaycanın bütün dünya üçün başadüşülən, çox vacib bir siyasi arqumenti yaranır: “İndi təkcə təmas xəttində atışmalardan yox, həm də sərhəddəki hərbi provokasiyalardan danışmaq mümkün olacaq. Əgər Ermənistan konflikt zonasından kənarda atışmanı davam etdirsə, o zaman Dağlıq Qarabağda lokal konfliktin olmaması, əvəzində Azərbaycan və Ermənistan arasında təkcə Qarabağda yox, həm də sərhəd xətti boyundan genişmiqyaslı müharibənin olmasıyla bağlı əsas yaranacaq. Bu halda Azərbaycan sərhədçilərinə hücuma əl atan təcavüzkar ölkə Ermənistan olacaq. Bununla da geosiyasi ritorikanın tonu dəyişəcək və Azərbaycanın istənilən beynəlxalq meydançada Ermənistanın aqressiv fəaliyyətləri ilə bağlı faktlarda bəhs etmək imkanı peyda olacaq”.

Rusiyalı analitikə görə, Azərbaycanla Ermənistan sərhədində ordunun sərhədçilərlə əvəz edilməsi, sözsüz, Bakı tərəfindən edilən çox uğurlu siyasi gediş olacaq ki, bunun da sayəsində Bakı beynəlxalq arenada çox güclü “kozır”lar əldə edəcək: “Mən hətta deyərdim ki, bu, ardınca mümkün nəticələr gətirəcək usta gedişdir. Paşinyan və Köçəryan Bakının bu addımı nəticəsində çox narahat vəziyyətə düşüblər”.

*****

Azərbaycanın Ermənistanla sərhədin mühafizəsini gücləndirməyə yönəlik addımları şübhə yox ki, Qarabağda mümkün müharibə variantı nəzərə alınaraq atılır. Eyni dərəcədə “anklav” Naxçıvanda zəruri tədbirlər görülür - o cümlədən qardaş Türkiyənin hərbi və iqtisadi potensialı cəlb olunmaqla. Söhbət təkcə muxtar bölgədə Türkiyə hərbi bazasının daimi əsasda yaraılmasından deyil, həm də Naxçıvanın iqtisadi vahid olaraq qardaş ölkəyə inteqrasiyasını, təhlükəsizliyini gücləndirməkdən gedir.

Bu xüsusda Qarsdan Naxçıvana dəmir yolunun çəkilişi barədə Türkiyə hökumətinin qərarı çox mühüm önəm kəsb edir və yerinə düşür. Nəzərə alsaq ki, Bakı-Tiflis-Qars dəmir yolu artıq fəaliyyət göstərir, o zaman muxtar bölgəyə nəinki qardaş ölkədən, elə Bakıdan da hərbi və digər xarakterli yüklər daşına bilər. Bu da bölgənin təhlükəsizliyi baxımdan düşmən qüvvələr üçün əlavə çəkindirici faktor olacaq və Azərbaycanın Qarabağda daha rahat şəkildə antiterror əməliyyatları aparmasına zəmin yaradacaq.

Ancaq bu əməliyyatlara ehtiyac qalmaya da bilər, əgər işğalçı ölkənin rəhbərliyi beynəlxalq hüquqa, BMT qətnamələrinə hörmət edib öz xalqını Azərbaycanla böyük sülh sazişi imzalamağa hazırlasa. Əfsus ki, bunun əksini müşahidə etməkdəyik. Düşmən tərəf ölkəmizə qarşı işğalçı siyasəti və təxribatlarını davam etdirir.

qazaxla sərhəddə ile ilgili görsel sonucu

Yeri gəlmişkən, İrəvan bu arada Azərbaycana qarşı daha bir təxribata əl atıb. Belə ki, “Armen Press”in xəbərinə görə, qondarma “DQR”-in Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb (APA). İcmal qondarma respublika hökumətinin “demokratik və dayanıqlı ölkə qurulmasına, ölkənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyə yönəlmiş ümumi siyasətini” təqdim edir.

İcmalda həmçinin davamlı inkişaf sahəsində Azərbaycan tərəfindən ciddi təhlükəsizlik çağırışlarına, təhdidlərə baxmayaraq, xüsusi məqsədlərin həyata keçirilməsi üzrə irəliləyişlər haqda məlumat verilir. Məlumatda bildirilir ki, icmal qondarma “DQR”in “Xarici İşlər Nazirliyi”nin təşəbbüsü ilə hazırlanıb və saxta qurumun “Davamlı İnkişaf üzrə Milli Şurası” tərəfindən təsdiqlənib.

Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunmuş sənəd BMT-nin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu ilin aprelində də Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib və bu sənədlər BMT-nin rəsmi səhifəsində yayımlanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib. (Musavat.com)