Həmsədrlərin oktyabr bəyanatı tənzimlənmədə format dəyişikliyinin və praktiki mərhələsinin bünövrəsini qoyur Həmsədrlərin oktyabr bəyanatı tənzimlənmədə format dəyişikliyinin və praktiki mərhələsinin bünövrəsini qoyur

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni mühit yaranıb

Həmsədrlərin oktyabr bəyanatı tənzimlənmədə format dəyişikliyinin və praktiki mərhələsinin bünövrəsini qoyur

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq münaqişə ilə bağlı cərəyan edən son proseslərlə bağlı fikirlərini bölüşüb.

Onun tədbirdə söylədiklərini tezis şəklində təqdim edirik:

1. ATƏT MQ həmsədrləri nəhayət ki, regiona səfər etdilər. Onların regiona səfərlərini Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında Aşqabadda MDB sammiti çərçivəsində keçirilən görüşün nəticəsi kimi qəbul etmək olar. MDB sammitlərində artıq Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı yeni mühitin yarandığını iddia etmək olar. Üzv ölkə prezidentlərinin yaratdığı mühit Dağlıq Qarabağ danışıqlarına şərait yaradır. Ermənilərin dillərində əzbər olan “lift diplomatiyası” da Bişkekdə MDB sammiti zamanı baş verib. Ona görə ATƏT-in Minsk Qrupu həmsədrləri anons etmədən prezidentlərin Aşqabad sammitində əldə olunmuş razılaşmanı dərhal reallaşdırmaqdan ötrü regiona səfər etdilər. 3 vacib məqam diqqəti öz üzərində möhkəm saxlayır:

I. İkitərəfli format-Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında danışıqlar Dağlıq Qarabağ tənzimlənməsində daha mühüm əhəmiyyətə malik olur və tənzimlənmənin gedişinə daha ciddi təsir edir. İkitərəfli format ATƏT MQ formatından daha vacib olur və artıq vasitəçilər də bu formatı özləri üçün legitim qəbul edirlər.

Ehtimal ki, Ermənistan və Azərbaycan rəhbərlərinin iki ölkənin dövlət sərhədində görüşü ideyası aktuallaşdırıla bilər. Bu halda ATƏT MQ stenoqrafçı funksiyasını reallaşdıracaq.

II. Əsirlər və itkin düşənlərin mübadiləsi ermənilərin razılaşdığı ssenari üzrə baş verəcək. Ermənistan D.Əsgərov və Ş.Quliyevi Dağlıq Qarabağdan almaqdan ötrü nəsə vəd verməli idi. ER Xİ naziri Z.Mnasakanyanın uzun müddət öhdəliklərin mütənasibliyi adı ilə gündəlikdə saxladığı mövzu nəhayət ki, həllini tapdı. Azərbaycan Kaspşikin missiyasının sayını daha 6 nəfər artırılmasına razılıq verir, əvəzində isə Ermənistan Dağlıq Qarabağdan D.Əsgərov və Ş.Quliyevi gətirir. Əslində Ermənistan kifayət qədər ciddi riskli dövrə qədəm qoydu. Yəni belə alınır ki, əgər erməni tərəfi “hamının hamıya dəyişdirilmə” prinsipindən imtina edəcəksə demək, ermənilər üçün Azərbaycanın ağrıması onların özlərinin təhlükəsizliyindən qat-qat vacib məsəldir. Çünki A.Kaspşikin missiyasının genişləndirilməsi məsələsi prezidentlərin Vyana və Sankt-Peterburq görüşü zamanı razılaşdırılmış məsələ idi. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu təklifindən geri çəkilmişdi. Azərbaycan Respublikasının Prezidenti hələ əvvəlki rəhbərliklə dialoqda Kaspşik missiyasının 6 nəfər artırılaraq 13 nəfərə çatdırılmasına etiraz etmədiyini bildirmişdi.

III. Həmsədrlərin Xarici İşlər nazirlərinin dekabr ayında Slovakiyada görüşünü təşkil etməklə bağlı fikirləri ilk növbədə onların geri çəkilməsi kimi başa düşülməlidir. Çünki artıq ATƏT-də həmsədrlər yox, həmsədr ölkə nümayəndə heyətlərinin başçıları daha həlledici rola malik olur.

Beləliklə, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşünün təşkili ilə bağlı siyasi iradə Rusiya, ABŞ və Fransa Xİ nazirlərinə məxsusdur. Həmsədrlərin bunu bildiyi halda öz üzərinə belə missiyanı götürmək, hətta bunu ehtiyatlı formada təqdim etmək onların öz perspektivlərinə inanmadığının göstəricisidir.

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi özünün sonuna yaxınlaşır.

2. Zatulin üçün Ermənistanın marağı həmişə Rusiyanın marağından üstün olub.

RF Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini K.Zatulin erməni mövzusunda yenidən aktivləşib. Əslində bu adamın dünya görüşü və siyasi təfəkkürü Rusiya kimi çox millətli dövlət üçün uyğun deyil. Rusiyanın MDB məkanındakı münaqişələrə yanaşmasını vaxtilə formalaşdıran siyasətçilərdən biri də Zatulin olub. Çox millətli və çox dinli dövlət olan Rusiya prizmasından separatizmdən yayınmaq daha cəlbedicidir. Amma K.Zatulin enerjisini həmişə bütöv MDB məkanında separatçılığı gücləndirmək istiqamətində sərf edib. Özü də başa düşmək istəmir ki, bununla haçansa o, Rusiyanın da ərazisinə separatizm üçün münbit zəmin yaratmaq istiqamətində fəaliyyət göstərir.

Amma K.Zatulinin Abxaziya və Cənubi Osetiya, Krım, Dnestryanı münaqişədə oynadığı rolla onun Dağlıq Qarabağ münaqişəsində oynadığı rol prinsipial fərqlənən məsələlərdir. O, Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında özünü erməni siyasətçisi kimi aparıb. Bəlkə də bu onun Soçidə anadan olub, böyüməsi ilə əlaqədardır. Çünki Soçi Rusiyada erməni millətçiliyinin, erməni separatizminin dəyirmanı, bünövrəsi olub və bu gün də Soçi ermənilərinin oynadığı rol Rusiya hökumətinə artıq bəllidir. Nəzərə almaq lazımdır ki, o ermənilərin əməllərindən biri də məhz K.Zatulindir. K.Zatulin dəfələrlə sübut edir ki, Ermənistanın marağı onun üçün Rusiyanın marağından üstündür. Ermənistanda ABŞ səfirliyinin binası həcminə görə dünyada 2-ci binadır. Binanı R.Köçəryan tikdirdi, həmin dövrdə R.Köçəryanla o səfirliyin binasının tikintisində baş verənlərdən ən çox məlumatı olan adam məhz K.Zatulin idi. Zatulin Rusiyanın müvafiq dövlət orqanlarını səfirliyin binasının tikintisi ilə bağlı aldadıb və ya çaşdırıb -bu onlara aid məsələdir.

Ermənistanda yaxın illərdə rus dilinə qarşı çox təhqirli və güclü kampaniya aparıldı. Hətta Baltikyanı dövlətlərdə rus dilinə qarşı kampaniya belə təhqirli hal almamışdı. K.Zatulin özü həmin dövrdə tutduğu mövqeni deyə bilər. Biz də deyə bilərik, Zatulin Ermənistanın mövqeyini dəstəklədi. Ermənilərin rus dilini, mədəniyyətini təhqir etməsində Kremli günahlandırdı ki, gərək ermənilər nə çalırsa, Kreml ona oynamalı idi.

RF Xarici İşlər Nazirliyinin rəsmisi M.Zaxarova son açıqlamasında həm Dağlıq Qarabağ məsələsində, Qaregin Njde və K.Zatulinlə bağlı əsl dövlətçi mövqeyi nümayiş etdirdi. Əlbəttə, daha konkret danışa bilərdi. Ən azı Q. Njde ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin özünün ayrıca mövqeyi var. Rusiya Xarici İşlər Nazirliyinin 2 işçi qrupu məhz ondan ötrü Ermənistanda olub və mətbuatda yayılmış məlumatları öyrənib, sonda ortalığa mövqe qoyub. M.Zaxarova gərək o sənədin ruhuna yaxın danışardı.

M.Zaxarova K.Zatulini başa salmağa cəhd etdi ki, onun mövqeyi Rusiya dövlətinin mövqeyi deyil. Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur.

Bir müddətdən sonra K.Zatulin yenə Dağlıq Qarabağın Azərbaycana məxsusluğu fikri ilə hesablaşmayacaq. Çünki Rusiyanın dövlət maraqları onun üçün vacib deyil. Onun üçün vacib Ermənistan dövlətinin maraqlarıdır və Ermənistandan gələn bəzi naz-nemətlərdir. Bu, bank hesabları da ola bilər, digər variantlar. Artıq biz bu sahədə nəyisə dəqiq araşdırmaq gücündə deyilik, amma çox yaxşı olardı ki, Zatulin özü bu barədə açıqlama versin.

AzNews.az