Deputatdan təklif: Mitinq edənlər polisə yox, səngər qazmağa aparılsın

Qarabağ mövzusunu hansısa formada spekulyasiya etmək olmaz, bu olduqca təhlükəlidir

“Çağrışlar Qarabağ üzərindən idi, ilk baxışda normal vətəndaşlıq duyğuları ilə bağlı proses kimi görünə bilər. Ancaq tədbirin, yürüşün təqdimatını sosial şəbəkədə verən şəxs və ya şəxslər tərəfindən hökumətə, polisə qarşı aqressiya açıqca sezilirdi”.

AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Bakının mərkəzində FB-dən canlı yayınla reportajı verilən yürüşlə bağlı müşahidələrindən danışarkən deyib: “Aldığım məlumata görə, bir qrup insan xaotik şəkildə Qobudan Sədərək bazarı istiqamətinə 7-8 kilometrlik yolu yürüyərək şəhərin mərkəzinə doğru yürüməyə cəhd edirdi. Digər qrup isə Xocahəsənin mərkəzində yolu taxta barrikadalarla bağlayaraq Qarabağ mövzusunda şüarlar səsləndirirmiş. Maraqlıdır ki, hər iki proses ermənilərin hücumundan sonra, həm də gec saatlarda başlamışdı. Polisin, rayon icra hakimiyyət başçısının dağılışmaq çağırışlarına rağmən aqressiv formada yürüşə davam edirdilər. Demək ki, mahiyyhətcə dövlətə dəstək yürüşü deyil, Qarabağ şüarları ilə təqdim olunan etiraz tədbiri idi”.

Millət vəkili bildirib ki, polisin təmkinli davranışına baxmayaraq sosial şəbəkədə yürüşü izləyən trol şəbəkəsi Qarabağdan heç nə yazmırdı, sadəcə Azərbaycan polisini təhqir edirdilər: “Maraqlıdır ki, sanki Tovuza hücum edən Ermənistana da, buradakı polisin çağrışlarına tabe olmayanlara da eyni mərkəzdən hərəkət etmə tapşırığı verilmişdi. Çünki Qarabağla bağlı emosional bir davranış olsaydı, yaşadıqları məkanda bir yerə toplaşıb dövlətimizə və Azərbaycan ordusuna dəstəklərini ifadə edə bilərdilər, yaxud da ilkin xəbərdarlıqdan sonra dağılışa bilərdilər. İş o yerə çatdı ki, Çevik Polis qüvvələri izdihamı əhatəyə aldı və bir neçə nəfəri saxlamaqla, yalnız 2 saat sonra qalanlarını dağılışmağa məcbur etdilər. Bu formada Qarabağla bağlı etiraz inandırıcı görünmürdü, öncədən sanki təşkilatlanmış bir hərəkət vardı, cəbhə xəttində pozuculuğun daxildə pozuculuq formasında davamına bənzəyirdi. Təbii ki, hüquq-mühafizə orqanları bu hadisəni təfərrüatı ilə araşdırıb öz mövqelərini açıqlayacaqlar, ancaq fikrimcə bu məsələyə yalnız karantin qaydalarını pozmaq kimi yanaşılmamalıdır, bu cür süni ajiotajın mənbəyi dəqiq müəyyənləşməlidir”.

Fazil Mustafa qeyd edib ki, Qarabağ mövzusunu hansısa formada spekulyasiya etmək olmaz, bu olduqca təhlükəlidir: “Buna sosial narazılıq kontekstində də baxmaq ölkəmiz və hamımız üçün mənfi nəticələr doğura bilər. Əlbəttə, dəstəkverici, yaxud da əsgərlərimizə ruh yüksəkliyi gətirən aksiyalar keçirmək olar, ancaq aqressiya heç bir halda dövlətə, orduya, polisə yönəlməməlidir. Bu formada kimlərsə qanundankənar Qarabağda döyüşmək adı altında sosial tələbli mitinq və ya yürüş keçirmək istəyirsə, onları polis bölmələrində və ya həbs yerlərində saxlamanın doğru olmadığını düşünürəm. Ayrı-ayrılıqda xüsusi ayrılmış nəqliyyat vasitələrinə yığaraq döyüş bölgəsinə səngər qazmağa və ya ordu personalına texniki köməklik göstərməyə aparmaq olar. Əsl vətənpərvər bundan qətiyyən inciməz. Əksinə fəxr edər ki, mən də ölkəm üçün, ordum üçün bir işə yaradım. Silahla davranmaq qabiliyyəti olanları da ehtiyat qüvvənin hazırlandığı kampa göndərmək olar. Yəni sözümün canı budur ki, kim olursan ol, Qarabağ mövzusunda səmimi davranmalısan, bu mövzudan başqa məqsədlər üçün istifadə etmək ləyaqəti olan azərbaycanlı üçün yolverilməzdir”.

Səidə Vahid

AzNews.az