Aviqdor Liberman: "Haqq-ədalət Azərbaycanın tərəfindədir"

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

“Beynəlxalq hüquq, tarixi gerçəklik, habelə İsrail dövlətinin mənafeyi baxımdan haqq-ədalət Azərbaycan tərəfindədir”.

AzNews.az xəbər verir ki, bunu İsrailin rusdillilər partiyası kimi tanınan Evimiz İsrail (“Yisrael Beiteinu”) Partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli “Vesti” nəşrinə açıqlamasında deyib.

“Qarşıduran tərəflərin hər birinin bu çoxdankı münaqişəyə, onun səbəb və hərəkətverici amillərinə dair öz görüşləri olduğunu başa düşürəm. Tarixdən gördüyümüz kimi, hələ Sovet İttifaqı yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub. Ermənistan baş naziri vəzifəsində Dağlıq Qarabağdakı klanlarla bağlı olmayan ilk şəxs olan Nikol Paşinyanın seçilməsindən sonra müsbət dəyişiklik olacağına bəslənən ümidlər özünü doğrultmadı. İrəliləyiş əldə etmək bir kənara, Paşinyan daha da sərt mövqe tutaraq Dağlıq Qarabağ Ermənistandır və nöqtə deyə məlum bəyanat verdi”, - deyən partiya lideri beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb”.

“Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Ötən müddət ərzində İsrail hökumətinin başında kimlərin durmasına, xarici işlər naziri kim olmasına baxmadan bu mövqe ardıcıl olaraq həyata keçirilib. Azərbaycan və ona münasibət məsələsinə dair İsrail siyasi rəhbərliyində yekdillik var. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”, - o qeyd edib.

BMT Təhlükəsizlik Şurasının (TŞ) bu günə təyin olunan iclasına dair fikir bildirən sabiq nazirin fikrincə, bu cür iclasın təyin olunması faktının özü dondurulmuş münaqişələrin olmadığına dəlalət edir: “TŞ iclasından sonra hər hansı irəliləyiş gözləməzdim. Məncə, bununla bağlı nəsə icad etməyə də ehtiyac yoxdur. Mövcud olan Minsk formatı çərçivəsində vaxtilə bir sıra müsbət təkliflər irəli sürülüb. Görünür, qrupun həmsədrləri - ABŞ, Fransa və Rusiya daha fəal mövqe tutmalıdır”.