35 yaşında ermənilərə girov düşən həkim Şəmsi Şıxəliyev əsirlik həyatından danışır 35 yaşında ermənilərə girov düşən həkim Şəmsi Şıxəliyev əsirlik həyatından danışır

Əsirləri erməni qəbirləri üstündə kimlər qurban kəsirmiş?

35 yaşında ermənilərə girov düşən həkim Şəmsi Şıxəliyev əsirlik həyatından danışır

Şəmsi Şıxəliyev 1993-cü il, 28 avqust tarixində işğalçı Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb. O, əslən Füzulidən olsa da həmin dövrdə Bakı şəhər qeydiyyatında olub. Şəmsi Şıxəliyevin ailəsi Füzulinin aşağı Seyidəhmədli kəndində yaşayırdı. Müharibə zamanı ailəsinin evi tərk edərkən apara bilmədiyi əşyalarını götürmək üçün kəndə gəlir.
Həmin vaxt onun ailəsi İmişlinin İmamverdilər kəndində məskunlaşıb. Kəndə gedərkən qonşu kənddən olan 15 yaşlı oğlan uşağı onu da özü ilə aparmağı xahiş edir. Yeniyetmənin sözünü yerə salmayan qəhrəmanımız Şükürbəyli kəndi ilə Aşağı Seyidəhmədli kəndinin arasında olan körpünün yanında “Zərif” bulaqdan su içmək istəyərkən ermənilər hər ikisini girov götürüb. Tibb Universitetini bitirən Şəmsi 17 gün Xocavənd rayon Edilli kəndində əsirlikdə qalıb.
Müsahibimiz deyir ki, əsir düşdüyü vaxt orada 15 nəfər girov olduğunu görüb. Ermənilər əsir və girov götürdükləri azərbaycanlılardan kəndlərdən götürülən qənimətlərin daşınması üçün fəhlə kimi istifadə ediblər. Gecə boyunca isə döyüşlərdə ölən hər bir erməni hərbçisinə görə bir azərbaycanlı əsiri döyüblər. Erməni komandirlərinin sevdiyi əsgər öldüyü zaman yaşlı və yaralı əsirləri aparıb qəbri üstə başını kəsiblər. İşgəncələrə dözməyən əsirlər gecə üç nəfər bir yerdə qaçmağa cəhd ediblər. Həmin vaxt digər azərbaycanlılar onlardan əllərini və ağızlarını bağlamağı xahiş edib. Səbəb onların qaçdıqlarını xəbər vermədikləri üçün alacaqları cəzadan qaçmaq olub. Lakin üç nəfərdən birinin minaya düşməyi onların yerinin bəlli olmasına səbəb olur: ”Gecə 12-dən səhər saat 4, 5-ə qədər qaçırdıq. Dayanmadan qaçırdıq. Burada üzüm plantasiyaları var idi. Məftillərin arasından bir təhər keçib gedib qaçırdıq. Bir anda partladı. Birinin ayağını, birinin çiynini, o birisinin qarın boşluğunu yaraladı. Ermənilər bu səsi eşidib gəldi. Bizi atdılar Kamazın kuzasına gətirdilər bura. Möhkəm döydülər. Kim gəldi döydü. Haradasa huşsuz vəziyyətdə idim. Üç gün özümə gəlmədim.”

Həkim Şıxəliyev bundan sonra Edilliyə, oradan da Yerevana aparılıb. Təkbaşına yenidən qaçmağa çalışır. Buna görə də, yeməkxanada işləyən bir erməni qadınla əlaqə yaradır. Onun bu qaçışı da uğursuzluğa düçar olur. Tutularaq yenidən saxlanıldığı hərbi hissəyə qaytarılır. Bu qayıdışında da onu ağır işgəncələrlə qarşılayırlar: ”Orada yeməkxanada işləyən bir qadınla mehribanlaşmışdım. İnsan adam idi, nə olsun erməni qadın olanda. O deyirdi ki, mən təsəvvür eləyirəm anan-bacın nə zülm çəkir orada sənin barəndə. Əlaqələrin verdi mənə. Əlbəttə maddi marağı da var idi. Evinin ünvanını da vermişdi. Hansı avtobusa minim, təzə paltarlar tapmışdım geyinmək üçün... Hərbi hissədən çıxanda qonşuluqda da hərbi hissə də var idi. Oranın nəzarətçisi məni görüb tanıdı. Onlar bizi tanıyır. Çünki bizi gətirib onlara göstərirdilər. Necə ki, zooparkda heyvan göstərən kimi. Orda tutdular məni. Çox zülm verdilər. O qədər döydülər ki, başıma elə zərbə vurmuşdular ki, başımda elə bil ikinci baş yaranmışdı. Bir ay yataqda qaldım. Uşaqlar qaşığın ucunda su verirdilər mənə. Yemək də yeyə bilmirdim. Çənəm də işləmirdi.”
Adını Eduard Qriqoryan kimi xatırladığı erməni general həkim Şəmsinin qardaşının Rusiyada yaşadığını öyrənir. Erməni general Şəmsinin Rusiyada yaşayan qardaşının maddi imkanının yaxşı olduğunu təsbit edir. O, azərbaycanlı girovla qardaşının əlaqəsini təmin edir. Bundan sonra danışıqlar başlayır... İki ay davam edən danışıqlardan sonra 8 min ABŞ dolları qarşılığında Şəmsinin geriyə qaytarılmasına razı olurlar: ”Bir il altı ay on səkkiz gün əsirlikdə qaldım. Sonra elə oldu ki, qardaşım əlaqə tapdı. Kiçik qardaşım Rusiyada yaşayırdı. Əlaqə tapdı məni orada saxlayan komandirlə. Sonra razılaşdılar ki, məni pulla satsınlar. Əvvəlcə on min dollar dedilər. Sonra qardaşım bunlarla danışdı. 8 min dollara razılaşdılar. Bu müddətdə məni hərbi hissədən çıxardıb gətirib Eduard adında general saxlayırdı. Səhv eləmirsəmsə Qriqoryan idi soyadı”.

General bacısı və xalası oğlanlarını Saratova yola salır. Şərtlərə görə onlardan biri Şəmsinin qardaşının yanında qalmalı, digəri isə pulu götürüb İrəvana qayıtmalıydı: “İki nəfər getdi Saratova qardaşımın yanına bacısı oğluydu ya da xalası oğluydu. Biri qaldı qardaşımın yanında girov kimi, o biri səkkiz min dolları gətirib çatdırdı generala. Məni götürüb gətirdilər Leninakana. Sonra Gümrü deyirdilər adına. Leninakandan verdilər Gürcüstan ermənisinə. O da gətirdi Sazaxlıdan keçirdi. Tblisidən gətirdilər Qazaxın Qırmızı körpüsünə. Oradan gizli yolla keçirdilər Azərbaycana oturdum avtobusa gəldim Bakıya.”

1 il, 6 ay, 18 gün sonra həkim öz azadlığına qovuşur... 35 yaşında girov düşdüyü zaman bir övladı olan Şəmsi Şıxəliyevin əsirlikdən qayıtdıqdan sonra daha iki övladı olub. Artıq nəvə sahibi olan sağlamlıq keşikçimiz Bakı xəstəxanalarından birində çalışır.

- Buranı görəndə hansı hisləri keçirirsiniz?

- Heç kimə arzu olunmayan hisləri keçirirəm. Sizi inandırım ki, mən o vaxtı ermənilərin özlərinə də deyirdim. Ümidsizlik olur də... məlum olmur ki, sizi bir saatdan bir dəqiqədən sonra öldürərlərmi. İnsan nagüman olur. Yaşamaq istəmirsən. Ata da, ana da, bala da, hər kəs yaddan çıxır. Ölmək istəyirsən. Mən sizi inandırım ki, nə qədər azərbaycanlı sevinirsə bizim bu qələbəmizə, yenidən bu torpaqlara gəlməyə, mənim indiki gəlişimlə o gəlişimi tərəziyə qoyanda mən ikiqat sevinirəm. Hər bir şəxsdən artıq sevinirəm.
Şəmsi Şıxəliyev Azərbaycana qayıtdıqdan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan üzrə nümayəndələrinə Ermənistan tərəfində əsr və girov götürülmüş Azərbaycan vətəndaşları barədə məlumat verir. Məhz onun məlumatından sonra həmin vaxtadək barələrində heç bir məlumat olmayan soydaşlarımızın kimliyi məlum olur. Beynəlxalq Qızıl Xaç Komitəsi isə danışıqlar apararaq həmin girov və əsirlərin bir neçəsinin Azərbaycan tərəfinə qaytarılmasına nail olur. Hərbi cinayət işi açılmış hərbçilərin saxlanma şəraiti və qidalandırılma problemləri qismən də olsa aradan qaldırılır.