“Daşaltıdan kürəyimdə Şuşaya çıxardığım ölümcül yaralı sonradan hərbi prokuror oldu...”

“44 günlük savaşdan sonra bizim yaralı vəziyyətdə hərbi hospitalda yatdığımızı eşidən Tacəddin Mehdiyev əlində sovqatla gəlib bizi ziyarət etdi...”


Yanvarın 26-ı 1992-ci ilin həmin günü yenicə yaradılan Milli Ordunun təxribatlar nəticəsində uğursuzluğa düçar olmuş Daşaltı əməliyyatından 30 il keçir.

Həmin əməliyyatın iştirakçılarından biri, yaşı 60-a yaxınlaşmasına rəğmən 44 günlük savaşda da fəal iştirak edərək ağır kontuziya almış Nərimanov Şəhid Ailələri Cəmiyyətinin sədri Cümşüd Sultanov Moderator.az-a açıqlamasında bəhs edilən əməliyyatın son epizodlarından biri haqda danışıb.

“1992-ci il yanvarın 26-a keçən gecə xidmət etdiyim Laçın alayına xəbər gəldi ki, Şuşadan Daşaltıya hücum başlayıb. Səhər tezdən döyüş yoldaşlarımla bərabər Şuşaya çatdıq və Daşaltı yaxınlığındakı yarma deyilən yerə gəlib çıxdıq. Ara-sıra atışma səsləri gəlirdi. Bir də eşitdim ki, dərədən bir inltili səs gəlir, diqqət etdim ki, Azərbaycan dilində kimsə köməyə çağırır. Yaxınlaşdıq ki, bir nəfər hərbi formada qarın içərisində donmuş vəziyyətdə zorla danışır.

Yoldaşlar əvvəlcə dedi ki, bəlkə bu ermənidir, onlar da azərbaycanca bilirlər. Lakin mən ermənilərin danışıq tərzinə bələd olduğumdan müəyyən hərfləri, sözlərin tələffüzündən onun azərbaycanlı olduğuna əmin oldum. Yaxınlaşıb baxdım ki, boynunun arxasından qəlpə yarası alıb, al qana boyanıb və bədəni qarın içində tamamilə donmaq üzrədir, artıq son nəfəsidir. Avtomat silahı da özü ilə bir təhər xeyli yolu sürünə-sürünə gətirmişdi. Silah da, demək olar ki, donub qoluna yapışmışdı...

Xülasə, onu kürəyimə alıb qarın içi ilə zor-birtəhər yuxarı Şuşaya doğru çıxardım, yol boyu dizlərimi yerə qoymaqdan şalvarım cırıq-cırıq olmuşdu. Yaralı dedi ki, məni birbaşa nazirin yanına apar. Səhv etmirəmsə, xüsusi təyinatlı zabit idi. Adı İlyas, soyadı İsmayılov idi. Onu həmin vaxt Şuşaya gəlmiş və Daşaltı əməliyyatına bilavasitə rəhbərlik edən Müdafiə naziri general Tacəddin Mehdiyevin olduğu hərbi komissarlıq binasına apardım. Orada məni qarşıladılar və yaralını Tacəddin müəllimin otağına apardılar. Yaralını xəstəxanaya göndərdikdən sonra nazir soruşub ki, İlyas İsmayılovu kim xilas edib. Bir də gördüm, məni nazirin yanına çağırdılar. Tacəddin müəllim mənə dərin təşəkkürünü bildirdi.

Həmin yaralının xəstəxanadan verdiyi açıqlamaları o vaxt “ANS” telekanalı da çəkib göstərmişdi. 30 il öncə Daşaltı əməliyyatında həyatını xilas etdiyim İlyas İsmayılov sonradan, səhv etmirəmsə, Göyçayın hərbi prokuroru oldu. Onu deyim ki, Tacəddin Mehdiyevi bəziləri Daşaltı əməliyyatının uğursuzluğunda suçlasalar da, mən o zamanlar vətənpərvər, ordunun, döyüşçünün qayğısına qalan bir general kimi tanımışam. Hətta 44 günlük savaşdan sonra mənim və onun tanıdığı digər döyüşçü yoldaşlarımın yaralı vəziyyətdə hərbi hospitalda yatdığımızı eşidən Tacəddin Mehdiyev əlində sovqatla gəlib bizi ziyarət etdi, sonra da xeyli müddət telefonla bizimlə, həkimlərimizlə əlaqə saxladı” – deyə keçmiş döyüşçü vurğulayıb.