Ermənistan təxribatlarının ağır nəticələrini yaxın zamanlarda hiss edəcək - Millət vəkili

Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində atəşkəsi yenidən pozub və Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib.

“Yüz illərlə xaricdən bəzi dairələrin ermənilərə dəstəyi nəticəsində qurulmuş erməni mifi artıq dağılmaq üzrədir”.

Bu sözləri mövzu ilə bağlı AzNews.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O açıqlamasında bildirib ki, bu hallar Ermənistanda şovinist və revanşist əhval-ruhiyənin güclü olduğunu göstərir:

“Bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib danışıqlara girir, digər tərəfdən isə Rusiyaya sülhməramlılarının nəzarətindəki ərazidə olan erməni hərbi kontingenti vaxtaşırı təxribatlar törədir, hətta burada müdafiə sistemləri də qurmağa çalışır”.

Deputat deyib ki, Ermənistan hələ də dərk etmir ki, uduzub:

"Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək əzmində və gücündədir. Bunun qarşısını isə heçnə ala bilməz. Yüz illərlə xaricdən bəzi dairələrin ermənilərə dəstəyi nəticəsində qurulmuş erməni mifi artıq dağılmaq üzrədir. Bunu Ali Baş Komandanın apardığı siyasət, Azərbaycan xalqının əzmi həyata keçirdi. Azərbaycan silahlı qüvvələri Ermənistanın istənilən təxribatının qarşısını almağa qadirdirlər və vaxtaşırı bunu edirlər. Hesab edirəm ki, Ermənistan özünün çirkli fikirlərindən əl çəkməlidir. Əgər Ermənistan təxribatlara davam edəcəksə, hər təxribatın qarşısı bir neçə qat artıq güclə alınacaq və Ermənistan bunun ağır nəticələrini yaxın zamanlarda hiss edəcək”.

Rəşid Qarayev