Tanınmış portalda tamaşa ilə bağlı resenziya çap edilib Tanınmış portalda tamaşa ilə bağlı resenziya çap edilib

Zülmətə hakim “Ağ və qara” - Kukla Teatrı Rusiya mətbuatında

Tanınmış portalda tamaşa ilə bağlı resenziya çap edilib

Rusiyanın tanınmış mədəniyyət portalı rewizor.ru Sergey Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında nümayiş olunan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Ağ və qara” tamaşası haqında resenziya çap edib.

AzNews.az Zülfüqar Əhmədzadənin tərcüməsində resenziyanı təqdim edir.

Zülmətə hakim “Ağ və qara”

İşıq daim nur saçır, zülmət onu qucaqlaya bilməz...

Sergey Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının səhnəsindəki ”Ağ və qara” . Bu, S. Obraztsov adına Beynəlxalq Kukla Teatrı Festivalında Azərbaycandan gələn kuklaçıların təqdim etdiyi tamaşanın adı idi.

"Ah tənhalıq, sənin xasiyyətin necə də sərtdir”.

Hər halda bu sözlər yetkinləşmiş, püxtələşmiş, dünyanın hər üzünü görmüş Şərq gözəli Bella Axmadulinanındır. Amma əgər sən dünyaya kor doğulmuş uşaqsansa, onda necə? Təəssüf ki, sənin tənhalığın ikiqat acı olacaq. Oxucu, kədərli, amma işıqlı, içi gözəllik və nurla dolu bir pritça haqda danışmaq istəyirəm.

Soyuq, soyuq, ürpərti və zülmət. Oğlancığaz dünyaya kor doğuldu və ana onu adamlardan uzaqda böyütdü. Çünki dünya qəddar və biganədir. Amma ”sağ qalmaq, mövcud olmaq üçün sən qəlbində işıq yandırmalısan ki, dünyanı öz təsəvvüründə görə biləsən”- ana ölüm ayağında oğluna belə öyüd verdi.

Ana... Tamamən işıq və qaranlığın kontrastı üzərində qurulmuş bu kukla tamaşasında oğlanın anası bəyaz geyinib... O, sanki oğlunun dəhşətli taleyinin qaçılmazlığına kədərlənən Müqəddəs Məryəmdir. Və bütün dünyanı gəzən oğulun yeganə dostu və köməkçisi əl ağacıdır.

Cıdırların, yığnaqların

Məbədlərin və barların

Dəbdəbəli məzarların

İzdihamlı bazarların

Bu dünyanın və bu qəmin

Ulu Roma və Məkkənin

Mavi günəşin altında

Heç dayanmayan bir köç var...

Gedir, gedir hey zəvvarlar.

(İosif Brodski)

Oğlan gedir, gedir və tək yol yoldaşı onu müşayiət edən küləkdir. Külək onun əsas yol göstərəni, müəllimidir.O, sanki müdriklik bəxş edən, islam dininin elçisi olan Ruhdur. “İnsanların gözü olsa da onlar görmürlər”. Ah, çox şeyi onlar görmür və görmək istəmirlər. Ana haqlı idi - cəmiyyət amansız, ədalətsiz və riyakardır. O, fərqli olanı, zəifliyi, xeyirxahlığı və mərhəməti qəbul eləmir. Hətta təbiət özü belə - leylək, kəpənək, gözəl inci - başqalarından fərqlənən insanı qəbul edə bilmir.

Bəzən düşünəndə özüm-özümə

Ki, sönüb işıqlar həyat yolumda

İçimdə gizlənən istedad isə,

Mənə verilibmiş lap əbəs yerə,

Mən xidmət edirəm yaradanıma

Və sadiq qalıram ona andıma

(Con Milton)

Şər qüvvənin daşıyıcları – şeytani maskalar oğlanı dənizin dibinə atırlar. Orada isə onu yalnız balıq xilas edərək günəşə, işığa tərəf yuxarı qaldırır. Pritçanın son akkordu qüssəlidir- yalnız bir anlığa oğlanın gözləri açılır, zira, günəşin doğuşu ilə o, yenidən kor olur, amma onun Ruhu hamımıza səmavi, ilahi işıq verir.

Başqa güc gərəyin deyildir sənin

Sadəcə sən onun duy nəfəsini

Uzağa, göylərə uzanıb gedən,

Yenicə doğulmuş o pak səsini

(Veronika Tuşnova)

Əsl sənət həmişə assosiativ və çoxplanldır. Fiv hökmdarı Edip haqda - onun fiziki görməsinin itməsi və mənəvi anlamda gözünün açılması əfsanəsi, bu dünya qədər qoca və əbədidir. Çünki göy qübbəsi altında heç nə yeni deyil. Qədim Ellada şəhərinin şahı Edipin faciəsi, çox sonralar belçikalı yazıçı və filosof Moris Meterlinkin, rus yazıçısı Mixail Bulqakovun, rus bəstəkarı İqor Stravinskinin, avstriyalı yazıçı Huqo fon Qofmanstalın, niderland rəssamı Piter Breygelin əsərlərində müxtəif ladlarda ifadə edilib. Biz onları hər dəfə qəlbin, ruhun korluğu və ruhun həqiqət anına çatmasından söhbət düşəndə xatırlayırıq. Onların qəhrəmanları ilə birlikdə, itkilərinin acısını yaşayırıq, iztirab çəkirik, ancaq ruhun, idrakın gözü ilə görmək mümkün olan gözəlliyin dərkinə cəhd edirik. Biz hamımız müdrik Tülkünün dərsini xatırlayırıq (Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəsrindəki Tülkü obrazı nəzərdə tutulur-red.):"…yalnız ürəklə yaxşı görmək olur. Ən vacib şeyləri gözlə görmək olmur”.

Məşhur kəlamı də xatırlayırırq: “onlar korların kor başçılarıdır; kor koru aparısa, onda hər ikisi quyuya düşəcək, çünki ruhun korluğu, cahillik daha çox faciəyə gətirib çıxarır” (kəlam “İncil”dəndir-red).

Bütün bunlar tamaşanın rejissoru Kamran Şahmərdanı da, Rusiya Milli Teatr mükafatı “Qızıl maska”nın diplomantı, gözəl rəssam Tatyana Melnikovanı da qayğılandırır. O, bu poetik pritçanın bütün qəhrəmanlarını parlaq, ifadəli və yaddaqalan verib.

Birilərinin qəddarlığı, digərlərinin gözəlliyi soyuq və isti rənglərlə, jestlərlə, hərəkətlərlə təsvir olunub. Tamaşa mərhəmətlə, ahəngdarlıqla, dərin kədər və idrakın nuru ilə dolğunlaşdırılıb.

İnsan qəlbləri – qəlblər fərqlidir

Saymaqla bitməz onlar

Qəzəblisi, xeyirxahı, vecsizi var

Və birdə təlatümlü qəlblər var

(Veronika Tuşnova)

Ölkənin əsas kukla teatrının tamaşası, müxtəlif xalqların zəngin mədəni ənənələrindən çox şey mənimsəyib. Qədim əfsanə və hekayələrin elementləri, xristianlıq mətnlərinin altmənalarıyıla səslənir. Çünki məhz balıq, İsa Məsihin adını ifadə edən monoqramdır, - o, oğlanı xilas edərkən,əslində bizi də xilas edir.

Dünyada yeganə bir gözəllik var

Xeyr Elladanın allahlarını demirəm

Nə də danışmıram vurğun arzudan

Nə ağır dağları düşünürəm mən

Nə dəniz, nədə ki gur şəlaləni

Qadın baxışının təmizliyini...

Dünyada yeganə bir gözəllik var

O açdı bizimçün haqqa qapını

Unutma bizimçün çarmıxa gedən

İsanın könüllü iztirabını

(Konstantin Balmont)

Azərbaycan Dövlət Kukla Teatrının irsi güclü və gözəldir. Əbəs yerə teatr şair, nasir, dramaturq, pedaqoq və tərcüməçi Abdulla Şaiqin adını daşımır. O, 1881-ci ilin fevralında Tiflisdə ruhani ailəsində doğulub, elə oradaca ilk təhsilini alıb. Sonra isə təhsilini, İranın şərqində yerləşən, Firdovsinin və Ömər Xəyyamın uyuduğu, son əbədiyyət yeri-tarixi Xorasan vilayətində davam etdirib. Abdulla Şaiq rus, fars,ərəb dillərini, Şərq ədəbiyyatını mükəmməl bilib. Lermontovun və Puşkinin, Çexov və Qorkinin, Krılovun və Nekrasovun, Defo və Şekspirin əsərlərini doğma dilinə çevirib. Onların hər biri isə insan ruhunun xilası barədə yazıblar.

Marina Abramova

AzNews.az