Hər şey yaxşı olacaq! Hər şey yaxşı olacaq!

Nar mövsümü: “Start” kino festivalından reportaj

Hər şey yaxşı olacaq!

DUA

İndiki dünyada ciddi sənət festivallarının əhəmiyyətini vurğulamaq həyatın əhəmiyyətini vurğulamaq qədər absurddur. Sənət festivalı bir ölkənin yaşam gücü deməkdir, əgər haqqında danışdığın ölkədə sənət festivalı keçirilirsə, bu fakt ölkə haqda çox şeyi deyir. Və həm də bir şeyi deyir: Hər şey yaxşı olacaq! Bəlkə də sənət festivalları uzaq-uzaq diyarlarda bir-birini tanımayan insanlara bu üç kəlməni dua kimi ötürmək üçündür.

Sənət festivallarının fərd üçün, ölkə üçün, dünya üçün belə bir xilasedici gücü var. Xüsusən, bu festival kino kimi, teatr kimi durğunlaşmış, adamları eyni suallarla və eyni cavablarla qocalmış bir cameədə keçirilirsə, əməlli-başlı bayramdır. Hər şey bir yana, gerçək sənət festivalı insanlara ümid və sevgi ötürür. Bu ümid - sevgi-dad söhbətini də unutmayaq, ona bir də qayıdacağıq.

KİNO ƏFSANƏSİ

Azərbaycanda kinonun vəziyyətini öyrənmək üçün filmlərə ayrı-ayrı baxıb təhlil etmək lazım deyil. İki-üç faktı bilmək kifayət edir. Məsələn, ölkədə qeyri-kommersiya istiqamətli müstəqil kino üçün imkanlar çox aşağıdır. Bu istiqamətdə yeganə istehsalçı qurum faktiki olaraq dövlətdən asılı “Azərbaycanfilm” kinostudiyasıdır. Və il-ildən müstəqil və sənət kinosuna dəstəkverici layihələr yoxa çıxır. Ölkədə tammetrajlı filmlər festivalı keçirilməyəli illər oldu. Yalnız neqativləri sadalamaq kimi çıxmasın, amma əgər gəlirindən dövlətə vergi verən vətəndaş öz haqqı çatanı – sənət filminə baxmaq zövqünü ala bilmirsə, qalan hər şey əfsanədir. Küçədə sorğu etsən, 10 adamdan soruşsan 8-i deyəcək ki, “kino qabaqlar var idi, indi kino nə gəzir?”

Ya da kommersiya filmlərinin adını çəkəcək. Hər şey ondan başladı ki, bazar iqtisadiyyatına, ölkə müstəqilliyinə keçibən daha azad filmlər görəcəyimizə ümidliykən, əksi baş verdi. Bölgələrdə sovet zamanından qalmış kinoteatrlar dağıldı. Bu sistem indi yalnız paytaxtda, daha çox kommersiya filmləri göstərən 3-4 kinoteatrın nümunəsində işləyir.

START

Bu gün doqquzuncu dəfə beynəlxalq qısa filmlər festivalı keçirən dostumuz Fehruz Şamıyev üçünsə hər şey elə o zaman başlayıb. İndi işğalda olan Cəbrayılın bir kəndində yay klubunda baxdığı Fellininin “Yol” filmi ilə. İşə bax, ucqar bir kənd klubunda kolxozçuya dünya kinosunun şedevrlərindən birini təqdim edən bir sistem indi yoxdur, amma bu dadı unutmayan insanlar var - özünü bir çınqıl qədər əhəmiyyətsiz sanan Celsominalara, Zampanolara ümidin, sevginin dadını ötürməkdə israrlıdırlar.

İndi sizə təqdim edəcəyim Startçılar komandasından danışıram. Daha doğrusu, o komandanın bir hissəsindən. Çünki Startdan yolu keçən gənclərin hamısından yazmaq mümkün deyil, məqsədimiz də başqadır: festival həyəcanını sizinlə bölüşmək…

Noyabrın 11-i. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi IX Start Beynəlxalq Qısa Filmlər Festivalının başlanmasına lap az qalıb. Festivalın ofisində hərbi dildə desək, baş qərargahında hər kəs işin həyəcanını, gərginliyini yaşayarkən, reportaj həvəsinə düşürəm. “Ştab”da baş o qədər qarışıqdır ki, reportaj etmək niyyətimi elə gizli də saxlayıram. Evdən oğurluq edən adam kimi (festivalın təşkilati heyətindən sayılıram) gah o küncə, gah bu küncə çəkilib, rakurs seçirəm, arabir işə başı qarışan uşaqlara provokativ suallar verirəm. Əslində az da olsa, komandada olduğum üçün öz iştirakıma dair xeyli məsələni bilirəm. Və üstəlik 2004-cü ildən bəri, bu doqquz ilin hər biri gözümün önündədir: Ta ki, köhnə Kino İttifaqının Hökumət evində yerləşən köhnə zalından keçirilən ilk festivaldan tutmuş bu günlərdə izlədiyim filmlərədək.

Sizə elə bu başdan deyim ki, festivaldakı işim özü də toy-bayram idi. Heç zaman bunun qədər rahat bir iş təsəvvür etməzsiniz. Belə çətin gəlir. Amma bunun qədər kefli bir iş xəyal belə etməzsiz. Festivalın sürprizi “Ölkədə kino festivalları azdır, tammetrajlı filmlər festivalı ümumiyyətlə keçirilmir və bu baxımdan bizim festivaldan gözləntilər böyükdür”.

Bunu dostumuz, festivalın prezidenti Fehruz Şamıyev söhbət əsnasında deyir. Yoldaş Şamıyevin sözlərini qəribçiliyə salmayaq. Alternativlər yoxdur, tammetrajlı festivallar yoxdur, kino əhli kinoteatrlarda arabir bir seanslıq göstərilən sənət filmini dörd gözlə gözləyir. Belə olan surətdə “Start” öz üzərinə daha bir kino hadisəsini götürüb: İran rejissoru Cəfər Pənahinin ən son filmi, bu il Kann kinofestivalında ən yaxşı ssenari mükafatında qalib olmuş “Üç üz” filmini festival çərçivəsində nümayişini təşkil etməyi. 16 noyabrda saat 19:00 “CinemaPlus Gənclik Mall” kinoteatrında gəlib həmin filmə baxa bilərsiniz.

CİNEMOBİLE VƏ PİTÇİNQ

Builki festivalın yenilikləri nələrdir? Məsələn, bu il festivalın beynəlxalq və yerli olmaqla iki əsas müsabiqə prqoramından da başqa həvəskar gənclərin müsabiqəsi olan -“Cinemobil” adlı mobil filmlərin müsabiqəsi də mövcuddur.

Bundan başqa, ilk dəfə olaraq kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədi ilə Pitçinq də keçiriləcək. Ümumilikdə isə festival boyunca 30 ölkədən yüz film izləyəcəyik.

JÜRİ

Bütün festivallarda olduğu kimi, “Start”da da maraq doğuran məqam münsiflər heyətidir. “Özləri özlərini seçir, əşi” ənənəsinə zidd getmək kimi çıxmasın, obyektivlik vacib məsələdir. Bunu da, əsasən, jürinin tərkibinə əsasən təxmin edirlər. Odur ki, festivalın beynəlxalq müsabiqə proqramının münsiflər heyəti ilə sizi tanış edirik: Ayaz Salayev (Azərbaycan. Kinoşünas, rejissor) – münsiflər heyətinin sədri, Kambuzia Partovi (İran. Ssenarist, rejissor), Gülbara Tolomuşova (Qırğızıstan. Kinotənqidçi, rejissor), Tobias Bühner (Almaniya. Prodüser), Zəhrə Bədəlbəyli (Azərbaycan. Şairə, musiqiçi, prodüser).

Yerli müsabiqədə münsiflər heyətinin üzvləri: Mirbala Səlimli – Kino və Teatr rejissoru İlqar Fəhmi – Şair, yazıçı, kinodramaturq Cavid Təvəkkül – Kinorejissor, prodüser.

“QIZIL NAR”

Bir də ən vacibi “ Qızıl Nar”... Festivalın əsas mükafatıdır. Bir simvol olaraq məhz bunun seçilməsindən xeyli məmnunam. Ona görə yox ki, başqa ölkələrdə “qızıl portağal” ya “qızıl ərik” var. Çünki, nar mifologiyamızda xüsusilə adı hallanan bir meyvədir. Sirr simvolu kimi nağıllarda, sevgi və ya həyat simvolu kimi rəsmlərdə, xalçalarda ümumiyyətlə, bir metafora kimi şifahi və yazılı düşüncəmizdə özünə yer etmiş bir meyvədir. Daha düzü, nar bir meyvədən artıqdır. Estetikliyi də öz yerində. O zaman estetik təfəkkürümüzdə bunca kodlaşmış nar niyə milli kinofestivalın simvolu olmasın ki? Syart festivalı da elə bunu deyir və nar mövsümündə al qırmızı proqram çıxarır qarşımıza: aldım bir dənə, açdım yüz dənə...

Aliyə Dadaşova,

AzNews.az

image description image description image description image description image description image description