1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filminin rejissoru Hüseyn Seyidzadədir. 1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filminin rejissoru Hüseyn Seyidzadədir.

Eybəcər oyunbazlıq - Tofiq Kazımov “Kommunist” qəzetində məşhur filmi belə tənqid etmişdi

1956-cı ildə çəkilən “O olmasın, bu olsun” filminin rejissoru Hüseyn Seyidzadədir.

Ekran əsəri Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında lentə alınıb. Filmdə Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Mustafa Mərdanov, İsmayıl Osmanlı kimi məşhur aktyorlar rol alıb. “O olmasın, bu olsun” filminin nümayişindən sonra “Kommunist” qəzetinin 1956-cı il, 9 dekabr tarixli sayında Tofiq Kazımov kəskin tənqidi yazı çap etdirib.

“Müvəffəqiyyətsiz film” adlı həmin məqaləni təqdim edirik.

“Müvəffəqiyyətsiz film”

Son illərdə Bakı kinostudiyasında müəyyən canlanma əmələ gəlmiş və yeni kino filmlərinin yaranmasında irəliyə doğru bir neçə cəsarətli addım atılmışdır. Buna misal olaraq studiyanın son zamanlarda istehsal etdiyi “Bəxtiyar”, və “Görüş” filmlərini xatırlaya bilərik. Doğrudur, bu filmlərdə də biz az-çox ciddi nöqsanlara, bəzən primitiv həll olunmuş səhnələrə, “tələbə işi” xarakteri daşıyan bəzi cəhətlərə təsadüf edirik. Lakin bütün bu nöqsanlarla bərabər adlarını çəkdiyimiz filmlərdə müəyyən bir fikir, arzu, əsl sənətə doğru meyil və bitkinlik hiss olunurdu. Buna görə də bu filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.

Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ekranlaşdırılması təşəbbüsü öz-özlüyündə nəcib və mühüm bir məsələ kimi ictimaiyyətimizin diqqət mərkəzində dururdu. Geniş tamaşaçı kütləsi bu filmin ekrana çıxmasını böyük maraq və səbrsizliklə gözləyirdi. Çünki böyük kompozitor və dramaturq Ü.Hacıbəyovun “Məşədi İbad” musiqili komediyası xalqımız tərəfindən həmişə sevilə-sevilə qarşılanmış, uzun illərədən bəri Azərbaycan teatrının repertuarından düşməmiş və bu günə qədər də öz təravətini itirməmişdir.

Budur, nəhayət çoxdan bəri arzu etdiyimiz gün gəlib çatdı. Bakının küçələri “O olmasın, bu olsun” filminin afişa və reklamaları ilə bəzədildi. Kino-teatrların qarşısında uzun növbələr əmələ gəldi, kino-teatrın salonları tamaşaçılarla doldu... ekran işıqlandı. “O olmasın, bu olsun” filmi (ssenarisi S.Rəhmanın, quruluşu H.Seyidzadənindir, operatoru Ə.S.Atakişiyevdir) göstərilməyə başlandı.

...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar...

İşıq yanır və tamaşaçı çox haqlı olaraq belə bir sual verir: “Görəsən bu film böyük kompozitor Üzeyir Hacıbəyovun məşhur “Məşədi İbad” əsərinin əsasındamı çəkilmişdir?” Biz cəsarətlə deyə bilərik: Yox! Filmin rejissoru H.Seyidzadə və operatoru Ə.S.Atakişiyev Hacıbəyovun əsərinin satirik kəskinliyinin ifşaedici qüvvəsini, təravətini, xalqımıza məxsus yumşaq, həm də gözəl yumorunu nə duymuş, nə də dərk edə bilmişlər. Onlar filmdə zahiri əyləncələrə, məhdudluğa, şablona yol vermişlər; Halbuki əsərin özü bunlardan çox-çox uzaqdır.

Musiqili komediyadakı xarakterlər, hadisələr, situasiyalar köhnə Bakını çox səlis və realistcəsinə əks etdirir. Komediyada olduğu kimi, ssenaridə də iki cəbhə bir-birinə qarşı qoyulmuşdur. Bunların birində tələbə Sərvər və gənc Gülnaz, o birində isə insan qəlbini belə pul ilə satın almağa çalışan qoca tacir Məşədi İbad, anlaşılmaz dildə danışan pantürkistlər, yalançı “maarifpərvərlər” və başqa bu kimi tüfeylilər durur.

Sabit Rəhman kino sənətinin imkanlarını nəzərə alaraq birinci cəbhəni bir qədər də genişləndirmək məqsədilə Sərvərin ətrafına tərəqqipərvər tələbələr toplayır, eyni zamanda əsas hadisə obyektlərini çox haqlı olaraq Rüstəm bəyin evindən mümkün qədər kənara çıxarmamağa çalışır. Çünki satira janrı belə tələb edir. Məhz buna görə də ssenaristin müəllifi əsərin əvvəlində Bakının möhtəşəm mənzərələrini verdikdən sonra, bizi onun küçələrindən keçirib İçəri şəhərə aparır. Daha sonra belə yazır: “... bizim nəzərimizi böyük bir hasar cəlb edir. Bu hasarın arxasında Rüstəm bəyin ikimərtəbəli evi var...” Bu təsvirdən sonra ssenarinin müəllifi bizim diqqətimizi yenə də Üzeyir Hacıbəyovun əsərində verilmiş mühitə çəkib aparır... Bu hasarın arxasında insan səadəti tapdalanır. Burada iyrənc və tamahkar qoca öz mənfur nəfsini söndürmək üçün gənc və gözəl bir həyatı satın almağa can atır. Burada bütün mənəviyyatını itirmiş doğma ata öz cibini doldurmaq üçün yeganə balasını qurban verir və s.

Rejissor və operator isə bütün bu lövhələri mahir bir rəssam fırçası ilə rəsm etmək əvəzinə, heç bir sənət istiqamətinə daxil olmayan, heç bir fikrə tabe olmayan, heç bir məna daşımayan qarışıq rəngli, qarışıq səhnələr çəkməklə canlarını qurtarmışlar. Bu filmə baxdıqda elə bir təsir oyanır ki, sanki sükançısız bir gəmi gah sağdan, gah soldan, gah irəlidən, gah da geridən əsən küləklərin əsiri olub hansı bir sahilə yan alacağını bilmir və onun sərnişinləri (filmdə çəkilən artistlər) başsız qalaraq nə edəcəklərini bilmirlər.

Hər şeydən əvvəl filmdə Məşədi İbad obrazı yoxdur. Bu rolu ifa edən Ə.A.Ağayev çox məlahətli, yumşaq yumora malik olan bacarıqlı aktyordur. Lakin o heç cür Məşədi İbad deyil. Bu onu sübut edir ki, rejissor H.Seyidzadə filmin təməl daşını düz qoymamışdır. Məhz buna görə də Ağayev filmdə ayaq altında tapdalanan, çox tez və asanlıqla yumşalan, dəqiqə başı əlini cibinə atan, o qədər də yaşlı olmayan zavallı bir baqqaldır. Belə çıxır ki, Məşədi İbad yalnız Rüstəm bəyin fırıldaqlarının növbəti qurbanlarından biridir. Filmdəki Məşədi İbadda biz o qədər böyük evlənmək həvəsi görmürük. Bəs elə isə bütün bu hadisələr nəyin üzərində qurulur? Axı, filmdəki Məşədi İbad cavan və nisbətən məlahətlidir. Bu məşədi İbadın evlənməsi o dövr üçün çətin bir məsələ deyildi. Doğrudur, filmin ortasında bir-iki kadrda operator texniki surətdə Məşədi İbadın gah çənəsini uzatmaq, gah alnını şişirtməklə eybəcərləşdirməyə çalışır. Lakin bu xarici bir effekt olaraq heç də obrazı xarakterizə edə bilmir. Əksinə, tamaşaçı bu anlarda kino aparatının xarab olduğunu zənn edir. Heç şübhəsiz ki, Məşədi İbad obrazının daxili aləmi düzgün açılsa idi, belə bir foqqusçuluğa lüzum olmazdı.

A.S.Gəraybəyli (Rüstəm bəy), M.Mərdanov (Həsənqulu bəy), M.Sənani (qoçu Əsgər), İ.Osmanlı (Rza bəy), ayrı-ayrılıqda inandırıcı və maraqlı obrazlar yarada bilmişlər. Biz ona görə “ayrı-ayrılıqda” deyirik ki, bu aktyorların da ifası heç bir rejissor fikrinə tabe olmadığından, sənətkarlıqla verilmiş konsert nömrələrini xatırladır və filmin ümumi ahəngilə heç bir vəhdət təşkil etmir.

Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir. Məsələ burasındadır ki, hər bir rejissor müəyyən bir əsərin quruluşunu verdikdə obrazlı düşünməli və əsərin ictimai mahiyyətinə xüsusi diqqət yetirməlidir. Quruluşdakı ayrı-ayrı obrazlar müxtəlif xarakterli, müxtəlif məqsədli, canlı inandırıcı insanlar olmaqla bərabər müəyyən bir ictimai təbəqəyə mənsub olmalıdırlar. Bütün bunların nəticəsində quruluşdan vahid bir məqsəd, tamamlanmış bir fikir doğmalıdır. Əgər biz filmə bu tələblə yanaşsaq bir çox obrazların səthi verildiyini qeyd edə bilərik. Bəlkə rejissor bütün diqqətini tərəqqipərvər cəbhəni canlı surətdə yaratmağa vermişdir? Yox! Təəssüflə qeyd etməliyik ki, biz bu cəbhəni filmdə daha zəif halda görürük.

Xalqımızın Üzeyir Hacıbəyov, Əzim Əzimzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Ərəblinski kimi sevimli tərəqqipərvər nümayəndələri hələ heç bir sənət əsərində öz canlı əkslərini tapmadıqları və buna böyük haqları olduğu bir halda (çünki bu görkəmli nümayəndələrimizin hər birinə ayrı-ayrılıqda böyük sənət əsərləri həsr edilməli, özü də onların həyatlarını təsvir edən əsərlər son dərəcə məsuliyyətli olmalıdır), rejissor Seyidzadə onların hamısını bir yerə toplayıb karikatura şəklində vermişdir. Əvvələn, bu epizodun Məşədi İbadla heç bir əlaqəsi yoxdur. İkincisi, bu parlaq simaların hərəsinə bir-iki kəlmə söz verib onları quru sxema şəklində göstərməyə rejissora kim haqq vermişdir?! Elə buna görə də tamaşaçı bu xadimləri tanıya bilmir.

Bir neçə söz də əsərin baş qəhrəmanları haqqında. Sərvər və Gülnaz rollarında çəkilən A.Mirzəquliyev və T.Gözəlova xaricən çox qəşəng gənclərdir. Bəlkə də istedadlıdırlar. Lakin onlar filmin əvvəlindən axırına kimi məqsədsiz, fikirsiz və cansız foto şəkilləri kimi nümayiş olunurlar. Gülnazın verildiyi kadrlar bir qanun kimi həmişə gah gül-çiçəklər, gah göyərçinlər, gah da qəfəsdə fəğan edən bülbüllərlə bəzənir. Lakin bütün bunların içərisində ən cansızı Gülnazın özüdür. Rejissor gənc istedadlarla heç bir yaradıcılıq işi apara bilməmişdir. Əgər aparmışdırsa da filmdə bu işin nəticəsi qətiyyən görünmür. Sərvərin də gözlərində, hərəkətlərində, davranışlarında heç bir məna oxuya bilmirik. Doğrudur, Ağayevin Məşədi İbadı ilə mübarizə aparmaq, onu qorxutmaq çətin məsələ deyildir. Çünki o elə əvvəldən yazıqdır. Lakin Rüstəm bəy, qoçu Əsgər kimi adamlarla üz-üzə gəlməyə qüvvətli, oynaq fikirli, cəsarətli Sərvər lazımdır. Mirzəquliyevin ifasında isə biz bu xüsusiyyətlərin heç birini görə bilmirik.

Filmdə musiqili komediyaya xas olan Hacıbəyov melodiya və xalq musiqi intonasiyalarına qətiyyən riayyət olunmamışdır. İstedadlı kompozitor Fikrət Əmirov bütün diqqətini hər şeydən əvvəl Hacıbəyov yaradıcılığının mahiyyətinə və uzun illərdən bəri xalq tərəfindən sevilən “Məşədi İbad” melodiyalarının daha axıcı və daha yaxşı səslənməsinə verməli idi. Lakin Əmirov tərəfindən aparılan musiqi redaksiyası qarışıq və anlaşılmazdır. Nəticədə Hacıbəyov üslubu tamamilə itmişdir.

Məşədi İbadın mahnılarını oxuyan Mirzə Babayev səsinin ahənginə milli koloritimizə yad rənglər verir. Məşədi İbad estrada xanəndəsi deyil. Sənəm, Gülnaz və Məşədi İbad üçlüyü isə tamaşaçıları ancaq əsəbiləşdirir. Bir çox musiqi parçaları əsassız surətdə atılmışdır. Bəlkə quruluşçu rejissorun fikrincə komediyanın musiqisi saxlansaydı film həddindən artıq uzana bilərdi. Lakin məsələ burasındadır ki, filmdə onsuz da lazımsız, artıq parçalar çoxdur. Onların hesabına Hacıbəyovun mahnıları salınsaydı həm film, həm də rejissorun işi daha yaxşı olardı.

Operator işi də çox qəribə təsir buraxır. Film rəngli çəkildiyi üçün operatordan xüsusi məharət tələb olunurdu. Lakin filmdə verilən rənglər və kompozisiyalar tamaşaçının zövqünü oxşamır. Portretlər obrazların daxili aləmini aça bilmir.

Mahnı oxuyan aktyorların yalnız ağızları tərpənir, gözlər, ürəklər oxumur...

Bakı kinostudiyasının yaradıcı kollektivi “O olmasın, bu olsun” filminin müvəffəqiyyətsizliyindən ciddi nəticələr çıxarmalı və öz gələcək işində belə ifratlara, peşakarlığa və zövqsüz filmlərin ortaya çıxmasına yol verməməlidir.

© AzNews.az