“Zelenski səmimi olsa da, siyasətdə uzaqgörənliyi kifayət etmir” - Həşim Səhrablı

“Lider faktoru hər bir dövlətin, eləcə də millətin həyatında ən önəmli amillərdən biridir. Lider sadəcə posta oturan şəxs və ya sistemin başında olan fiqur deyil. O, xalq və dövlət birliyini təmin edə bilən, aradakı gərginlikləri aradan qaldıran, haqlı olanların haqq səsini qoruyan və hərəkət edənləri sustura bilən şəxsdir. Ekstremal hallarda dövlətin və millətin gələcəyini xilas etmək üçün lider faktorunun formalaşdırdığı altyapı zəruridir. Bir dövlət çətin vəziyyətə düşəndə, işğal, təbii fəlakət və ya sosial-mədəni böhran zamanı onu xilas edəcək yeganə qüvvə birlikdir. Birliyi təmin edən isə sözsüz ki, lider faktorudur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr göstərir ki, hər bir ölkənin təhlükəsizlik arxitekturasının formalaşdırılmasında güclü, prinsipial və strateji düşüncəyə malik liderin rolu həlledicidir. Azərbaycan nümunəsi bunu açıq şəkildə ortaya qoyur: 30 illik işğal dövründə ölkə haqq səsini dünyaya çatdırsa da, özlərini demokratiyanın, insan hüquqlarının və qlobal təhlükəsizliyin qarantları adlandıran qüvvələr bunu eşitmək istəmirdilər. Buna baxmayaraq, Azərbaycan heç kimdən real yardım almadan, öz gücünə haqq müharibəsində qalib gəldi, ərazi bütövlüyünü bərpa etdi və dünyanın yeni reallığını qəbul etməsini təmin etdi. Bu proses Prezident İlham Əliyevin xarizmatik liderliyinin, strateji baxışının və dövlət maraqlarını hər şeydən üstün tutan siyasi iradəsinin nəticəsi kimi qiymətləndirilir.

Siyasi şərhçi bildirib ki, Ukraynada təəssüflər olsun, milli lider çatışmazlığı mövcuddur.”

"Bu, Zelenskinin səriştəsizliyi, dövlətə və millətə xidmət etməməsi və ya xəyanətkar olması ilə bağlı deyil. Zelenski gecə-gündüz, yorulmadan və əzmlə 4 ildir ki, müharibədən doğan çətinliklərdə ölkəsini və xalqını qorumaq üçün çalışıb. Lakin hər insanın bir vergisi, istedadı və bacarığı var. Zelenski bütün Ukraynanın yükünü daşıyacaq, ölkəni bütün sınaqlardan tam uğurla çıxaracaq qədər güclü bir lider deyilmiş. Reallıq onu göstərir ki, o, beynəlxalq siyasəti düzgün qiymətləndirə bilməyib. Hər nə qədər vətənini, dövlətini və millətini sevsə də, siyasətdə uzaqgörənlik göstərə bilməyib. Bayden administrasiyasının dəstəyi ilə Ukrayna ordusu Rusiya kimi dünyanın ikinci ən böyük ordusuna ciddi zərbələr vurmağı bacarıb, amma Zelenski lider kimi uzaqgörənliyi ilə seçilə bilməyib. O, gələcəkdə baş verə biləcək vəziyyətləri düzgün hesablaya bilməyib və komandası ilə birlikdə alternativ planlar hazırlaya bilməyib. Ukrayna hakimiyyəti bu məsələni idarə edə bilmədi və Bayden dövrü sonrası Kamala Harrisin seçilməməsi fonunda, Trampın yenidən iqtidara gəlişi ilə liderlik problemi daha da aydın oldu. Bu, Zelenskini aciz və ya səriştəsiz göstərmir, lakin lider faktorunun çatışmazlığı açıq şəkildə görünür. Ukraynanın ən optimal çıxış yolu, daxili siyasi böhranı aradan qaldırmaq və müharibəni ən az itki ilə dayandırmaq üçün güclü bir liderin seçilməsidir. Yəqin ki, Zelenski özü də bunu anlayır. Onun son dövrlərdə atdığı addımlar, təlim-təhlil prosesində hazırlaşdığının göstəricisidir. Artıq onun getməsi və yerinə həqiqətən millətə xidmət edə biləcək birinin gəlməsi zamanı yaxınlaşır. Bu prosesin reallığı və xarici tərəflərin buna nə dərəcədə şərait yaradacağı gələcəkdə aydın olacaq. Amma qeyd etmək lazımdır ki, Ukraynanın uğursuzluğunun səbəbi yalnız lider çatışmazlığı deyil. Bayden dövründə Qərbdən və ABŞ-dan tam dəstək aldıqları zaman mübarizə daha uğurlu idi. Dəstək kəsildikdən və xarici yardımların arxası gəlmədikdən sonra uğursuzluq qaçılmaz oldu. Burada həm də kənar faktorları qiymətləndirmək lazımdır. Ukraynanın düşdüyü vəziyyətin birinci səbəbi, ona qarşı Qərb dairələrinin, xüsusilə ABŞ-nin indiki hakimiyyətinin maraqlarına uyğun davranaraq Ukraynanı yarı yolda qoymasıdır. İkinci səbəb isə lider çatışmazlığıdır. Lider riskləri vaxtında düzgün qiymətləndirməli, milli resursları nəzərə almalı və strategiyasını buna uyğun qurmalı idi. Ümid edək ki, bundan sonra Ukrayna üçün vəziyyət yaxşılaşacaq, işğal ölkənin bütün ərazisinə yayılmayacaq və xaos, vəhşət ən qısa zamanda sona çatacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az