- Redaktor masası
- 21:49
- 1 477
İlham Əliyev türk dövlətlərini daha iddialı məqsədlər ortaya qoymağa çağırdı - TƏHLİL
Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi.
Tədbirin "Gülüstan" sarayında təşkil olunması bu təşəbbüsə dövlətimizin və vətəndaş cəmiyyətimizin verdiyi önəmi ən bariz şəkildə ortaya qoyur.
Forumun açılışında Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev tribunadan dövlət başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdi.
Hikmət Hacıyev bildirdi ki, indiyədək türk dövlətləri arasında 34 fərqli əməkdaşlıq formatı mövcud olsa da, bu səviyyədə QHT-lər arasında bu səviyyədə tərəfdaşlıq platforması olmayıb.
Bu açıqlamada da qeyd olunduğu kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu Türk dünyasının inteqrasiya prosesində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Təkcə dövlətlərarası siyasi əməkdaşlıq deyil, cəmiyyətlərin bir-birinə yaxınlaşması, ictimai diplomatiyanın güclənməsi və vətəndaş cəmiyyəti xəttinin vahid platformada birləşməsi bu tədbiri strateji hadisəyə çevirir. Bu forum TDT-nin gələcək institutlaşma xəttində QHT sektorunu artıq mühüm aktor kimi tanıdır və təşkilat daxilində sosial, humanitar və ictimai koordinasiyanın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətində bir nüans xüsusi diqqətimi çəkdi:
“Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.”
Zənnimcə, bu çağırış bir tərəfdən Türk dünyasının mövcud imkanlarının qiymətləndirilməsi, digər tərəfdən isə gələcək mərhələnin intellektual konturlarının müəyyənləşdirilməsi baxımından prinsipial əhəmiyyət daşıyır.
Türk dövlətlərinin artan potensialı mədəni bağlarla məhdudlaşan ənənəvi əməkdaşlıqdan strateji güc mərkəzinə doğru keçidi sürətləndirir. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal iqtisadiyyat və logistika sahələrində yüksələn imkanlar TDT-nin artıq yalnız regional platforma deyil, qlobal oyunçuya çevrilməsinə zəmin yaradır.
Bu səbəbdən Prezidentin vurğuladığı “iddialı məqsədlər” ifadəsi həm obyektiv reallığa, həm də siyasi iradəyə söykənir.
Türk soylu dövlətlərin ayrı-ayrılıqda təsir gücü kifayət qədərdır, amma birlikdə onların yaratdığı snerji çoxqütblü beynəlxalq sistemdə yeni güc mərkəzinin yaranmasına səbəb ola bilər. Bu isə planlaşdırmanı, koordinasiyanı və institusional çevikliyi daha vacib edir.
Məhz buna görə “çevik mexanizmlər” çağırışı TDT-nin yalnız qərar qəbul edən deyil, qərarı icra edən dinamik platformaya çevrilməsini zəruri edir. Böhran zamanlarında operativ reaksiya, qısa müddətdə koordinasiya və vahid mövqe formalaşdırmaq üçün yeni strukturlara, daha çevik əməkdaşlıq modellərinə ehtiyac yaranır. TDT-nin gələcək mərhələsi məhz bu operativlik üzərində qurulmalıdır. Əks halda təşkilat gücünü tam reallaşdıra bilməz.
İlk Həmrəylik Forumunun məhz QHT-ləri bir araya gətirməsi inteqrasiyanın cəmiyyətlər səviyyəsində dərinləşməsinin ən mühüm göstəricilərindən biridir. Dövlətlər arasında siyasi qərarlar cəmiyyətlərarası bağlara arxalananda, uzunmüddətli və dayanıqlı olur. Türk dünyasının birliyinin gələcəyini məhz bu sosial əsas təmin edəcək.
Bu baxımdan forumun keçirilməsi strateji məqsədlərə xidmət edən ictimai diplomatiyanın gücləndirilməsi anlamını daşıyır.
“İddialı məqsədlər” həm də psixoloji baryerlərin aşılması, Türk dövlətlərinin özünəinam mərhələsinə qədəm qoyması deməkdir.
Bu, artıq potensialı olan, lakin siyasi ifadəsi zəif birlik deyil- real gücə, artan təsir imkanlarına malik olan yeni geosiyasi faktordur.
Prezident İlham Əliyevin mesajı bu özünəinamın siyasi proqramlaşdırılması kimi oxuna bilər.
Azərbaycan bu prosesin önündə gedən dövlət kimi TDT-nin praktiki əməkdaşlıq platformalarına çevrilməsi üçün təşəbbüslər irəli sürür və təşkilatın real nəticələr əldə edən struktur kimi formalaşmasına töhfə verir.
Qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyi bir vaxtda TDT-nin qarşıya qoyduğu iddialı hədəflər həm də yeni geosiyasi konfiqurasiyanın tələbidir. Böyük güclər arasında rəqabət, enerji böhranları, təhlükəsizlik çağırışları Türk dünyasının həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan daha sıx koordinasiyasını zəruri edir.
Bu kontekstdə forum tədbirdəki digər çıxışçılar tərəfindən də dəfələrlə vurğulandığı kimi, inteqrasiyanın başlanğıc nöqtəsidir.
Türk dövlətləri üçün bu mərhələ yeni strateji realizmin və praktiki fəaliyyət fəlsəfəsinin formalaşdırılmasını tələb edir.
Taleh Şahsuvarlı