- Mədəni adam
- 30 Noyabr 2018 10:24
- 5 752
İBM şirkətində Azərbaycan tanıtımı – VİDEO + FOTOLAR
Macarıstan paytaxtında təşkil olunmuş sərgidə ölkəmiz layiqincə təbliğ olunub
Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən nüfuzlu IBM şirkətində mədəniyyətlərarası sərgi keçirilib.
Tədbir təşkilatçılarının AzNews.az-a verdiyi məlumata görə, noyabrın 28-də baş tutan sərgidə şirkətin azərbaycanlı əməkdaşları ölkəmizi layiqincə təmsil ediblər.
Əvvəlcə Günay Rəsulova və Humay Həsənova Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, turizm əhəmiyyətli yerləri, paytaxt Bakıya təyyarə biletləri, xalçaçılıq mədəniyyətimiz, muğamımız, milli geyimlərimiz, musiqi alətlərimiz, milli rəqslərimiz və s. haqqında sərgi iştirakçılarına məlumat veriblər.
Sonra Kamran İbiyev və Sevinc Ömərlinin ifasında milli geyimdə “Uzundərə” rəqsi hər kəsin böyük marağına səbəb olub. Ardınca, fərqli millətlərdən olan qonaqların da iştirakı ilə “Yallı” rəqsi oynanılıb.
Maraqlı oyunlar vasitəsi ilə Azərbaycan və Macar dillərindəki sözlərdə olan bənzərliklərin göstərilməsi, sözlərimizi xaricilərin tələffüz etməyə çalışması da maraqlı təəssürat yaradıb.
Tədbirdə İBM şirkətinin Ukrayna, Macarıstan, Kuba, İordaniya, Filippin və Kabo-Verde Adaları Respublikasından olan əməkdaşları da öz ölkələrini təbliğ ediblər.
Qeyd edək ki, təqdimatın təşkilatçıları – həmyerlilərimiz Kamran İbiyev IBM-də proqramçı, Sevinc Ömərli biznes-analitik, Günay Rəsulova satınalma assistenti, Humay Həsənova assistent vəzifəsində fəaliyyət göstərirlər.
Güntay
AzNews.az