- Mədəni adam
- 1 Dekabr 2018 12:04
- 8 142
Məmməd Araz şeirləri bizə həmişə həyan olub – ANIM GÜNÜ
Məmməd Arazın şeirlərində xüsusən vətən mövzusu çox səmimi işlənilib
Bu gün böyük Azərbaycan şairi Məmməd Arazın anım günüdür. O, 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
AzNews.az qələm adamlarının Məmməd Araz yaradıcılığı haqqında fikirlərini təqdim edir.
Musa Urud (şair): “Məmməd Araz bütün dövrlər üçün Azərbaycan ədəbiyyatında öz yeri, oz nəfəsi olan böyük şairlərdən biridir. Məmməd Araz sözü ilə ozü tən-dürüst olan az saylı söz ustadlarımızdandır. Peyğəmbər kimi ali mənsəb və halal adam olan Məmməd Arazın poeziyasında da saxta söz, haram kəlmə yoxdur. Məmməd Araz həm də gözəl günlərin carçısı, azadlıq və milli birliyin uğrunda sözü ilə doyüşən vətənpərvər şairdir. Amma Məmməd Arazın mübarizəsi qışqırıqçı inqilabçılıq deyildi, öyrədən və yol göstərən poeziya nümunələrində öz əksini və təsdiqini tapırdı. Xeyirxah və təmənnasız insan idi. Nə bu dünyada, nə onun malında gözü olmayan Ucalıqların adamı idi. O ucalıqların ki, oradan Vətən genış, millət qürurlu görünürdü”.
Azad Qaradərəli (yazar): “Məmməd Araz 20-ci yüzilliyin ikinci yarısında yetişən böyük şairlərimizdən biridir. Mənə görə o çağın 5 böyük şairi varsa, biri Məmməd Arazdır. Mən Məmməd Arazın azman bir səslə şeir söyləyən çağlarını görmüşəm. 72-ci ildə tələbələrlə görüşə gəlmişdi. "Nobel nitqi" şeirini söyləyəndə zal titrəyirdi səsindən. Az sonra o azman səsi susdurdular. Şairi elə günə qoydular ki, ömrü boyu xəstə oldu. Amma onun poeziyası sınmadı, əyilmədi. Məmməd Arazın bir zəif cəhəti vardı ki, həddindən artıq tribun şairi idi. Bəlkə də bu onun aşırı vətənpərvərliyindən irəli gəlirdi. Belə sənətkarlar bilərəkdən öz yaradlcılıqlarını xalqa, vətənə qurban verirlər. Məmməd Araz Vətən, millət qurbanı olan şair idi”.
Sevinc Elsevər (yazar): Məmməd Araz sevilən şairdi. Daha çox orta məktəb illərində sevirdim onun şeirlərini. Bəlkə o zamanlarda daha çox vətən sevərdim, ona görə, bilmirəm. Məmməd Arazın şeirlərində xüsusən vətən mövzusu çox səmimi işlənilib. Heç vaxt boğazdan yuxarı, şablon təsiri bağışlamayıb mənə onun vətən, torpaq, millət haqqında yazdığı şeirlər. Bu xüsusiyəti ilə xatırlayıram həmişə”.
Rəşad Məcid (şair): “Məmməd Araz şeirləri ilə həmişə hayımıza gəlib, bizə həyan olub. Nə qədər insanın çətinlikdən, dardan qurtarmasında Məmməd Araz şeirlərinin rolu olduğunu gözümlə görmüşəm. Şeir insanı güclü edir, şeir oxuyanı əzmək, ona qalib gəlmək mümkün deyil. Azərbaycan dilində də Məmməd Araz poeziyası var, bu poeziyanın gücü var. Ona görə də bu güc hər zaman xalqımızla bir yerdə olacaq və şeir, poeziya bizi yaşadacaq, ruhumuzu qoruyacaq. Nə qədər Məmməd Araz poeziyası yaşayır, bizi də əzmək mümkün olmayacaq”.
Əvəz Qurbanlı (şair): “20-ci əsr Azərbaycan poeziyasını Məmməd Arazsız təsəvvür etmək çətindir. Məmməd Araz, təkcə ədəbiyyat adamı kimi deyil, həm də ictimai xadim, fikir adamı kimi Azərbaycan xalqının yaddaşında özünə əbədi yer tutub. Nəinki yer tutub, hətta deyərdim, milli məfkurəmizdə yeni bir yol açıb. Ədəbiyyatımızda isə Məmməd Arazla yeni bir epoxa başlayıb.
Bütün bunlarla bərabər, Məmməd Araz imzasını formalaşdıran əsas amillərdən biri də onun totalitar sovet dövründə milli ziyalı ideyalarını cəsarətlə irəli sürməsi idi”.
© AzNews.az