- Mədəni adam
- 6 Dekabr 2018 12:27
- 4 605
“Tamaşaçı Fəxrəddin Manafova baxmağa gəlir” - Firdovsi Atakişiyev
“Bu xəbərə çox üzüldüm”
“Fəxrəddin Manafovun teatrdan çıxdığını dünən bildim və bu xəbər məni çox kədərləndirdi”.
Bu sözləri AzNews.az-a açıqlamasında Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev söyləyib.
O, tezliklə kompromis yaranacağına və incikliyin aradan qalxacağına ümid etdiyini bildirib: “Fəxrəddin müəllim sənəti sevən insandır. İnanıram ki, onun sənət sevgisi kiməsə olan incikliyinə qalib gələcək”.
Əməkdar artist daha sonra əlavə edib ki, çəkilişlərdə olduğu üçün teatrda baş verənlərdən və Fəxrəddin Manafovun teatrdan ayrılma səbəbindən xəbərsizdir: “Amma mən inanıram ki, hər şey qaydasına düşəcək. Ailədə hər cür söz-söhbət olur. Nəticədə hər şey çox gözəl olacaq, Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsi öz sevimli aktyorunu heç vaxt itirməyəcək. Çünki tamaşaçı Fəxrəddin Manafov adına gəlir, tamaşaçı Fəxrədddin Manafova baxmağa gəlir. Onu sevir və həmişə də sevəcək. Fəxrəddin müəllim mənim sənətdə böyük qardaşdır, göstəricidir, mayakdır. Mən onu çox sevirəm və bu qarşılıqlıdır. Mən də bu teatrda böyük qardaşsız qalmaq istəmirəm və əlimdən gələni eləməyə hazıram ki, hər şey öz qaydasına düşsün. Çünki səhnədə Fəxrəddin müəllimlə rol paylaşmaq mənə xüsusi ləzzət verir. İnşallah hər şey yaxşı olacaq, Fəxrəddin müəllim yenidən səhnədə öz krallığını göstərəcək”.
Xatırladaq ki, Xalq artisti Fəcrəddin Manafov mətbuata açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrından çıxdığını bildirib.
AzNews.az