Böyük rus yazıçısı Aleksandr Soljenitsının anadan olmasından 100 il keçir Böyük rus yazıçısı Aleksandr Soljenitsının anadan olmasından 100 il keçir

Süleyman Rüstəm onun haqqında yazmışdı: “Fahişədən...” – SOLJENİTSIN-100

Böyük rus yazıçısı Aleksandr Soljenitsının anadan olmasından 100 il keçir

Bu gün böyük rus yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) Aleksandr Soljenitsının (1918-2008) anadan olmasının 100 illiyidir. O, təkcə yaradıcılığı ilə deyil, həyatı ilə də hər zaman rəğbət oyadıb. Soljenitsın ömrünün bir hisəssini həbs düşərgələrində keçirməyinə baxmayaraq, heç zaman sovet istibdadına boyun əyməyib, əsərlərində daim qırmızı imperiyanın iç üzünü göstərib.

Onun 1962-ci ildə nəşr olunan “İvan Denisoviçin bir günü” əsəri isə böyük müzakirələrə səbəb olub. Dövrün sovet reallığı üçün böyük hadisə hesab edilən əsər qısa müddətdə Soljenitsınə böyük şöhrət gətirdi, xaricdə də onun əsərlərinə diqqət artırıldı. Artıq SSRİ-də dissdent kimi qəbul edilən yazıçı 1970-ci ildə aldığı Nobel mükafatını yanız 1974-cü ildə əldə edə bildi.

Çoxları Soljenitsının mükafat almasını onun ədəbi uğuru kimi deyil, Rusiyaya yönəlmiş siyasi qisas kimi qiymətləndirir. Elə bir çox əsərlərində də Soljenıtsın daha çox böyük bir imperiyanın həyata keçirdiyi qansız siyasətə fokuslanır, onun məhv etdiyi insan talelərini qabardır, QULAQ gerçəkliyini, Stalin amansızlığını dünyaya təqdim edir.

Bu gün 100 illiyi qeyd olunan Soljenıtsına münasibət birmənalı deyil. Biz də bu məqsədlə ədəbiyyat adamlarına üz tutduq: “Aleksandr Soljenitsının rus ədəbiyyatında yeri və əhəmiyyəti nədir?”

AzNews.az sorğunu təqdim edir.

Yazıçı Səfər Alışarlı:


“Sovet epoxasında Aleksandr Soljenitsın, Andrey Saxarov, Mixail Bulqakov kimi nəhəng və mübariz insanlar olmasaydı, yəqin ki, o siyasi rəzalətin ömrü daha uzun olardı. Soljenitsının əsərlərində bədii düşüncə siyasi düşüncəyə, insan azadlığı, fikir, əqidə azadlığı uğrunda mübarizəyə tabedir. Onun nəsri bu baxımdan publisisitikdir. Qəddar rejimin ifşası məhz belə, yarıbədii, yarıpublisistik üslübü tələb edirdi. Aleksandr İsayeviç öz əqidəsinə görə sovet rejimi tərəfindən qaralanıb həbsxanalarda, sürgünlərdə çürüdüləndə bizim şairlər gözəlin yanağında qara xalı vəsf edərək, kim o xala daha çox qurban verə bilər yarışmasına çıxırdılar. (Prinsipcə, o poeziya yalnız Əliheydər Qarayev kimi satqınları yetişdirə bilər və nəticə etibarilə, ağaları onlara üzərində yaşadıqları doğma torpağı da çox görərlər.)

Soljenitsinin həyat və yaradıcılığına gücdən başqa heç nə tanımayan qırmızı dövrün ədəbi estetikası və siyasi prizmasından baxmaq lazımdır. O zaman onun nəhəngliyi, ümumbəşəri əhəmiyyəti daha parlaq və aydın görünər. Soljenitsın ömrünün son illərində verdiyi müsahibədə müasir Rusiya mütləqiyyətinin cəmiyyətdə yenidən formalaşmış köhnə aparıcı qüvvələrlə çuğlaşmış mahiyyətini şərh edərək deyirdi ki, belə bir çuğlaşma sovet dövründə baş versəydi, fəlakətin ömrü 70 yox, 170 il olardı.

Soljenitsının həyatı bəşəriyyət üçün həqiqi mübarizə və qələbə örnəyi olaraq daim yaşayacaq. Allah onun o biri dünyasını işıqlı eləsin!”

​Tənqidçi Məti Osmanoğlu:



“Soljenitsının adını ilk dəfə orta məktəbdə, 9-cu sinifdə oxuyanda eşitmişəm. 1974-cü ildə SSRİ-dən qovulandan sonra ona qarşı ağır bir “ifşa” kampaniyası başlanmışdı və Azərbaycan yazıçıları da bu kampaniyadan kənarda qalmamışdılar. İndiyə qədər dəqiq yadımdadır ki, həmin kampaniyaya qoşulmuş “Ədəbiyyat və incəsənət” qəzetində Süleyman Rüstəmin bir şeiri dərc olunmuşdu. Şeirdə belə misralar var idi:

Fahişədən nə fərqi sözünü satanların,
Sözünü satanların – özünü satanların...

Sonradan mən universitetin filologiya fakültəsində təhsil aldım. Həmin vaxt tələbələr arasında dissident yazıçılara və ədəbiyyata xüsusi rəğbət var idi.

Əslində, Sovet hökumətinin Soljenitsını rəsmi şəkildə ölkədən qovması əks effekt yaratmışdı. Bu fakt həm Rusiyada, həm də digər Sovet respublikalarında narazılıq ruhunu gücləndirir, Soljenitsının toxunduğu mövzulara marağı artırırdı.

Soljenitsın öz zəmanəsi üçün ədəbiyyatın edə biləcəyi ən böyük fədakarlığı etdi və buna görə də onu ehtiramla yad etməyə dəyər.”

Yazıçı İlqar Fəhmi:



“Şəxsən, mən onu bəyənmirəm, çünki yaradıcılıq enerjisini nifrətdən alan sənətkarları sevmirəm. Soljenitsın isə həyatda onunçün yaradılan imkanlardan istifadə edə bilmədiyinə görə bütün nifrətini sistemin, xalqın, dövlətin üstünə tökən adamlardandı. Əslində sovet cəza sistemi onu bu cür təqib eləməsəydi, heç yazıçı kimi o qədər də tanınmazdı. Çünki onun yaradıcılığının əsasını təşkil edən məhbəs, təqib, düşərgə motivlərini ondan da gözəl yazanlar var idi. Lakin onlar nifrətlə yazmırdılar, ən ağır, çətin, qaranlıq situasiyada da işıq və inam tapırdılar. Misal üçün, Varlam Şalamovu nümunə gətirərdim. Soljenitsın isə məqsədli şəkildə hər şeyi olduğundan da qara göstərirdi. Xırda bir element deyim, misalçün, şeir idi deyəsən, bir yerdə yazırdı ki, yalandan Zoya Kosmodemyanskaya tipli bütlər uydurub gəncləri müharibənin ət maşınından keçirdirdilər.

Bəli, həqiqət çoxdu bu fikirdə. Lakin sual oluna biler: Neyləməliydilər? Torpağı, vətəni faşistlərə verib oturmalıydılar? Yəni belə mübahisəli fikirlər üzərindədi onun yazıları. Əlbəttə, çoxları mənimlə razılaşmaya bilər, çünki bu gün bizdə də o yolu getmək istəyənlər çoxdu. Ancaq yenə öz fikrimdə qalıram: Sənət, ədəbiyyat saxtakarlıq sevmir, nifrət sevmir, kin-küdurət sevmir. Əvvəl-axır, bu çirkabı atır üstündən, təmizlənir...”

Mirmehdi
AzNews.az