"Ramiz Rövşən yaradıcılığında həyat eşqi yoxdur" "Ramiz Rövşən yaradıcılığında həyat eşqi yoxdur"

Ramiz Rövşən bu gənclərin şairi deyil? - Sorğu

"Ramiz Rövşən yaradıcılığında həyat eşqi yoxdur"

Bu gün tanınmış şair Ramiz Rövşənin doğum günüdür. Onun 72 yaşı tamam olur. AzNews.az bu münasibətlə gənc şairlər arasında “Sizin üçün Ramiz Rövşən kimdir?” sualı ilə sorğu keçirib.

Cavabları təqdim edirik:


Cəlil Cavanşir:

“Ramiz Rövşən mənim üçün Azərbaycan ədəbiyyatının önəmli simalarından biri, böyük şair və ciddi şəxsiyyətdir. Düşünürəm ki, Azərbaycan şeirində bütöv bir mərhələ Ramiz Rövşənlə bağlıdır. Onlarla şair var ki, Ramiz Rövşən məktəbindən çıxıb, ona bənzəməyə çalışıb. İstənilən halda o böyük şairdir”.


Aqşin Evrən:

“Ramiz Rövşən haqqında bir dəfə demişdim ki, “yaxşı şairdir, amma mənim şairim deyil”. O səbəbdən belə demişdim ki, Ramiz Rövşən Azərbaycan poeziyasında öz şeirləri ilə xüsusi yerlərdən birini tutur, ancaq mənim üçün sənət bəşəri məsələdir və Ramiz müəllimin şeirlərində bu bəşəriliyi görmədiyim üçün bir oxucu, şair kimi onun şeirlərini sevə bilməmişəm. Tutaq ki, 10 il əvvəl bəyəndiyim şeirləri var idi, ancaq dünya, türk və Azərbaycan poeziyası (Əli Kərim, Salam Sarvan, Əlisəmid Kür, Həmid Herisçi və s.) ilə yaxından tanış olduqca həmin şeirlər məndə təsir gücünü itirdi.

Bir də məncə, R,Rövşənin şeirlərində məna faktı insan, sevinc, ağrı faktının önünə keçir.

Təbii, bu fikirlərim Ramiz Rövşəndən heç bir zərrə aparmır. İstənilən mətnə ən doğru qiyməti zaman verəcək.

Dəyərli Ramiz müəllimi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı içində keçən rahat günlər arzulayıram. 80 illik yubileyini görək!”


Seymur Su:

“Ramiz Rövşəni 3-4 il əvvəl, hansı ki, təzə-təzə başlamışdım şeir yazmağa, çox da təqdir etmirdim. Çox ideologiyapərəst idim və elə düşünürdüm ki, ədəbiyyat rasionallıq içərməlidi, siyasi, sosial məziyyətlərin güzgüdəki əksi olmalıdı. Tam metafizikaya yuvarlanmış şairlərə qarşı fikrim müsbət deyildi, həmçinin də Ramiz Rövşənə. Amma sonradan ədəbiyyatın əslində necə də böyük bir varlıq olduğunu zaman-zaman kəşf etdim. Demək ki, o zaman fikirlərim tam formalaşmamışdı. Ədəbiyyatdan vasitə kimi istifadənin sənətə necə də böyük xəyanət olduğunu dərk etdim. Ədəbiyyatı hansısa sahənin, formasiyanın ya da ideolojik fikrin köləsi etmək düzgün deyil. Və onda anladım ki, Ramiz Rövşən estetikası necə də bütün bu kənar təsirlərdən arınmış bir sənətkarlıqdır. Şəxsiyyətpərəstliyi sevmirəm, bu dediyim cümlə də ona pərəstiş deyil, subyektiv həqiqətimdir ki, Ramiz Rövşən bir mərhələdir. Sənətkarımıza bundan sonra yaşayacağı illərdə sevincli günlər və təbəssümlü sabahlar arzu edirəm”.


Oğuz Avaz:

“Ramiz Rövşən mənim şairim deyil. Ancaq o demək deyil ki, Ramiz Rövşən şair deyil. Onun şeirlərini oxuyandan sonra həmişə ümidsizliyə düşmüşəm. Həyatın yükünü, ağırlığını, bozluğunu çiyinlərimdə hiss etmişəm. Belə olanda da Nazim Hikmetin şeirləriylə o yükdən xilas olmuşam. Mənə elə gəlir Ramiz Rövşənin yaradıcılığında günəş, həyat eşqi yoxdur. Halbuki yaradıcı insan oxucuya gül-çiçək, sevinc, günəş bəxş etməlidir. Mən öləndə qəbrim üstə istəmirəm ki, qara paltarlı qadın ağlasın. Hamı rəngli geyinsin.”


Eminquey:

“Keçən ilin bu günü bir status yazmışdım ki, Ramiz Rövşən 50 ildir ölümə şeir yazır, amma hələ də ölüb qurtara bilmir. Mənə sağdan da döşədilər, soldan da. Hətta Rəşad Məcidlə də aramızda inciklik oldu. O, məni dostluqdan çıxartdı. Bir-iki gün sonra AYB-də Gənc ədiblərin tədbirində Rəşad müəllim bu status məsələsinə toxundu. Dedim ki, mən Ramiz Rövşəni şair kimi kiçimsəmirəm ha, ölümdən bu qədər yazması məni incidir deyə yumora çəkmişəm. Tədbirdən çıxanda Natavan klubunun girişində Rəşad Məcidlə Ayxan Ayvaz söhbət edə-edə çıxanda Ayxan məni görüb Rəşad müıəllimə dedi:

- Eminqueyi də Ramiz Rövşənə görə dostluqdan silmisiz.

Rəşad müəllim mənə tərəf çöndü, salamlaşdıq. Dedi ki, axşam mənə yaz, dostlaşaq.

Yəni sözümün canı bu ki, camaatın Nazim Hikməti, Can Yüceli, Necib Fazili var, qaldırır qoyur dağın başına, "gözüm üstə qaşım var" demir, biz niyə bizdən əvvəlki yaxşı şairləri kiçimsəyək ki? Amma ümümilkdə mənim şairim deyil”.

AzNews.az