"Sevmək Nigarın həm də gücüdür". "Sevmək Nigarın həm də gücüdür".

"Onu sevməyə məcburam” - Əməkdar artist İlahə Əfəndiyeva

"Sevmək Nigarın həm də gücüdür".

Azərbaycanın ən istedadlı sənətçilərindəndir İlahə Əfəndiyeva. Səsi, gözəlliyi, ifası ilə Azərbaycan səhnəsinə alqış qazandıran isimdir. Öz əxlaqı və dünyagörüşü ilə Azərbaycanda qadın sənətçi statusunu yüksəldən bir simadır. Bu günlərdə onu redaksiyamıza dəvət etdik və yaradıcılığı ilə bağlı söhbətləşdik.

AzNews.az əməkdar artist, Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva ilə müsahibəni təqdim edir.

- İlahə xanım, səhnəyə dahi Üzeyir bəy Hacıbəyovun “Koroğlu” operasında Nigar obrazı ilə gəlmisiniz. Necə oldu ki, Opera və Balet Teatrı belə böyük obrazı tələbə bir qıza həvalə elədi?

- Opera və Balet Teatrına 2003-cü ildə gəlmişəm. Amma geniş səhnəyə 2004-cü ildə Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Nigar obrazı ilə çıxmışam. Gənc və təcrübəsiz olsam da, geniş səhnəyə məhz belə böyük obrazla gəldim. Tələbə idim, Bakı Musiqi Akademiyasında oxuyurdum. Bütün vokal ifaçıları kimi sınaq dinləmələrinə getmişdim. Məni həmin imtahana müəllimim Elmira Quliyeva gətirmişdi. İlahə Əfəndiyeva kimi tanınmağımda onun zəhməti danılmazdır. O, məni teatrın rəhbərliyinə təqdim edib dedi ki, “bu qızı dinləyin, xoşunuza gəlsə, götürün”. İmtahanda teatrın baş dirijoru Cavanşir Cəfərov da iştirak edirdi. Teatrın direktoru Akif Məlikov mənə qulaq asdı. Ürəyim istəyən bir parçanı ifa etdim, ardınca da “Koroğlu” operasında Nigarın ariyasını oxudum. Yarımçıq saxladılar, dedilər ki, bizə lazım olan bir səsdir. Elə oradaca Nigar obrazını mənə həvalə elədilər. Belə bir rolun öhdəsindən necə gələcəm deyə həyacan məni boğurdu. Bu partiyanı Firəngiz Əhmədova, Fidan və Xuraman Qasımova bacıları, Qənirə Kərimova kimi sənətkarlar ifa edib. Belə sənətkarlardan sonra Nigarın ariyasını oxumaq ikiqat məsuliyyət tələb edirdi. O gündən bu günə kimi Nigarı oynayıram. Hər dəfə də böyük məsuliyyət, həyacan keçirirəm. Hərdən mənə sual verirlər ki, ifalarınız arasında sizə hansı obraz yaxındır? Deyirəm ki, “Koroğlu”ya dəyməyin, o toxunulmazdır. Bu səbəbsiz deyil. Səhnədəki bütün naliyyətlərimi “Koroğlu”sayəsində qazanmışam. Bu obrazdan sonra mənə “Nigar” deyirlər. Hansı səhnədə olsam, mütləq Üzeyir Hacıbəyovdan nə isə oxuyuram.

- “Koroğlu”nun Nigarı ilə İlahə Əfəndiyeva arasında oxşarlıq var?

- Bəli, aramızda oxşarlıq çoxdur. Ailəsinə qarşı üsyan qaldıran, sevgisi uğrunda mübarizə aparan bir xanımdır Nigar. Sevən, fədakar qadındır. Sevmək Nigarın həm də gücüdür. Əlbəttə, Nigarın da zəif cəhətləri var. Ancaq bu zəiflik onun zərifliyindən doğur. Koroğlunun yanında necə zəif olmamaq olar? Görün, Nigar necə bir xanımdır ki, Koroğlu onu seçib.

- Səhnədəki Nigar obrazı sizi həyatda nə qədər dəyişdirdi?

- Bənzərliyimiz çoxdur. Hər dəfə mən Nigar obrazında səhnəyə çıxanda elə bilirəm özüm-özümü oxuyuram. Xasiyyətimiz və xarakterimiz çox oxşayır. Həm üsyançı, həm öz sözünü deyən, həm də çox sevən bir qadındır. Məncə bu hər qadında tapılmayan xüsusiyyətdir. Səhnəyə “Koroğlu” ilə gəlsəm də, sonradan operanın bütün repertuarındakı tamaşalarda yer almışam. Bununla belə onların arasında mənə ən yaxını Nigardır. Bəlkə teatra, səhnəyə bu obrazla gəldim deyə onu bu qədər sevirəm.

- Bu obrazdan yorulan, bezən vaxtlarınız olub?

- Qətiyyən...Hər dəfə adam bir əhval-ruhiyyədə olur və hər dəfə də obraza o nöteyi nəzərdən baxıram. Bütün obrazlarım mənim övladlarımdır. Onun hər birisinin üstündə zəhmətim var. Neçə ki, övladlarını yedirdib, geyindirib və cəmiyyətə layiqli şəkildə təqdim edirsən, obrazların da elədir. Hər obrazı olduğu kimi tamaşaçıya çatdırmaq lazımdır.

- İlahə Əfəndiyevanın tamaşaçı auditoriyası necədir?

- Yetərincə tamaşaçım var. Bunlar Opera və Balet Teatrının tamaşaçılarıdır. Bəzən tamaşaçılar evə, teatra zəng edib soruşurlar ki, filan tamaşa nə vaxt olacaq? Operanın öz sevənləri, hətta fanatları olanlar da var. Bir qrup tamaşaçı var ki, onlar operasız qala bilmir.

- Bəzən deyirlər ki, 50 yaşında Məcnun, yaxud da Leyli olar? Siz necə 50 yaşınızda Nigar oynayarsınız?

- Əgər zahiri görkəmim və səsim ona imkan versə, 50 yaşında belə Nigar oynayaram. Opera və Balet Teatrının öz kriteriyaları var. Yox, görkəmim buna imkan verməsə oynamaram. Elə vokalçı var ki, 50 yaşında belə min oxuyana dəyər. Vokal sənətində təcrübə zaman keçdikcə artır. Amma səsi oruyub saxlamaq şərtləri də var. Hər ifaçının öz rejimi var. Yuxu, qidalanma, əsəb və stresdən uzaq olmalısan.

- “Koroğlu”nun Nigarı səhnədə yıxılıb?

- Yox, heç zaman. Amma müəyyən şeylər olub. Məsələn, ayaqqabımın kabloku döşəməyə girib, söz yadımdan çıxıb, qəfil yadıma nəsə, düşüb, məni gülmək tutub, yaxud da başıma su tökülüb. Amma bütün bu vəziyyətlərdən elə çıxmışam ki, nəinki tamaşaçı, hətta rejissor belə hiss etməyib. İllərin təcrübəsi budur. Obrazı yaşamaq üçün illər keçməlidir. Mən eyni zamanda həm də aktyoram, ifaçı obrazı yaşamalıdır. Elə olub ki gözümdən yaş sel kimi axıb. Hətta bəzən ünsiyyətdə olmayan insanla da səhnəyə çıxmaq, onu sevmək məcburiyyətindəyəm. Ayrı yol yoxdur, onu sevməyə məcburam. Düşmənim də olsa, belə obrazı tədim etmək üçün onu səhnədə sevmək məcburiyyətindəsən.

- Aktyor az maaş alır, dolanışıq isə gündən-günə çətinləşir. Bu sənətə gəldiyiniz üçün peşiman deyilsiniz?

- Səs Allah vergisidir. İllər boyu əziyyət çəkmişəm. Nə qədər səhnədəyəm öyrənəcəm. İfaçı yerində durmamalıdır. Sənətinin xatirinə hər cətinliyə dözməlisən.

- Akademik bir sənətiniz var, dinləyiciləriniz elit təbəqənin nümayəndələridir. Ara müğənnilərə necə qulaq asırsınız?

- “Zəhləm gedir” də deyə bilmərəm, amma əsəblərimə toxunur. Onların da öz dinləyiciləri var. Həmin mahnılara əl qaldırıb oynayanlar da var ki, mən ona qarşı gedə bilmərəm. Bayağı musiqi nə qədər az olsa, sənət o qədər çox inkişaf edər. Sənət boğulur. Bu gün bütün toylarda bayağı musiqilər səslənir. Toylarda kimsə məndən oxumaq üçün xahiş edəndə ancaq öz repertuarıma uyğun oxuyuram. Özüm musiqi dinləyəndə korifeylərə qulaq asıram.

- Tez-tez xarici ölkələrə gedirsiniz. Başqa teatrlardan iş dəvəti almısınız?

- Almışam, amma getməmişəm. İndi də təkliflər gəlir. Anayam, iki uşağım var, mənim ücün əsas ailədir. Əvvəl deyirdim ki, mənim üçün sənət birinci yerdədir, indi isə ailəm və uşaqlarım o yeri üstələyib. Ailə hər şeydən üstündür.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description