Allahsız adam cilovsuz at kimi sərhəd tanımır Allahsız adam cilovsuz at kimi sərhəd tanımır

İnsanı vəhşilikdən qurtarmağa heç bir dinin gücü çatmayıb...

Allahsız adam cilovsuz at kimi sərhəd tanımır

AzNews.az Sim-sim.az-a istinadən Aydın Talıbzadənin “İki “T”: Triyer və Tarantino” yazısını təqdim edir.

Əgər bu filmi dinləməsən, ona baxmaq mənasız. Janrını da heç düzgün müəyyənləşdirməyiblər: biri yazır bu, dəhşət filmidir, o biri deyir trillerdir, üçüncüsü də qışqırır ki, dramdır. Olsun ki, marketoloqlar filmi satmaq, müasir seyrçini daha çox ilgiləndirmək məqsədilə onu belə reklam eləyiblər. Yox, film nə ondandır, nə bundan: film fəlsəfi pritçadır, anlamağın mümkünsüzlüyü, mənaların mənasızlığı haqqında fəlsəfi pritçadır, dini mifologiya ilə, dini kitablarla, sənətlə, memarlıqla, dünyanı və insanı izah etmək istəyən filosoflarla, hətta peyğəmbərlərlə qiyabi dialoqdur.

Lars fon Triyer kino dilində vizual obrazların köməyilə fikirləşən və danışan filosofdur: “Bu evi Cek inşa edib” (2018) filmisə onun fəlsəfi bəyanatıdır. Bu bəyanatda o, üç nəsnəni təhlilə çəkməyə çalışır: yaradılışı, insanı və ictimai-sosial mifologiyanı. Triyerin filmi kinorentgendir: bu kinorentgen tarixin, cəmiyyət və mədəniyyətin anatomiyasına tuşlanıb. Daha doğrusu, rejissoru maraqlandıran əsas fenomen mövcudiyyətin arxetipidir, yəni arxetiplər arxetipidir.

Nə, nə üçün və necə idarə olunur?

Bilən varmı?

Yox.

Bilə də bilmərik.

Film cavabsızlıqdan başlayır.

Film cəhənnəm qapılarından başlayır.

Film etirafdan başlayır.

“Bu evi Cek inşa edib” filmində Cek qəhrəman deyil, tanrı deyil, iblis deyil, funksiyadır. Onun arxasınca mədəniyyət tarixini əyninə don eləmiş qərinələr sənədli kinonun kadrları ilə “sürünür”: tarix və ekzistensiya determinizm əlaqəsində götürülür. Ekzistensiya tarixsizdir, amma tarixi ekzistensiya yaradır.

Ev ekzistensiyadan tarixə, inancdan dinə keçid mərhələsidir.

Tarix evlərin tikilib sökülməsilə səciyyələnir. Əgər elə onda soruşulur: dünyada abadlıq çoxdur, ya xarabalıq? Süleyman peyğəmbərin hüzuruna gəlməyən bayquşun hesablamalarından biri elə bu. Evlər işarədir, xarabalıqlar – simvol.

Triyer öz personajını ingilis folklorundan götürdüyünü gizlətmir. Ona görə gizlətmir ki, personaja arxetip-model kimi baxır. Cek kukla-robotdur, öldürmək alətidir, xaraktersiz birisidir: yalnız instinkt və reflekslərin səsinə qulaq asır.

Sözlər insanların üzlərinə tutduqları ələkdir. Biz sözlərimizlə instinkt və reflekslərin üstünü örtürük. Bu ələyə maska da demək mümkün. Lakin faydası nə? Onsuz da heç kim bəraət almayacaq. Cinayətimiz ömrümüzə nöqtə-nöqtə düzülmüş qətllərdir. Biz qatil olmağa doğulmuşuq, qatil olmağa planlaşdırılmışıq.

Yaşamaq üçün öldürməlisən.

Ağaclar yerin altını “yeyir”. İnsanları torpağa basdırırlar. Deməli, ağaclar insanları “yeyir”. Biz ev tikəndə ağacı, daşı, torpağı öldürürük. Beləcə, hər şey bir-birini yeyə-yeyə gedir, “öldürə-öldürə” yaşayır. Yemək üçün əvvəlcə öldürmək gərək... Qida zəncirinin məntiqi budur və hamı bu qida zəncirinin içindədir!

Əslində, qida zənciri qətl zənciridir və bu həqiqətdən bir kimsə qaça bilməz. Həyat deyilən bir nəsnə bu cür strukturlaşdırılıb: nə səndən asılıdır, nə məndən. Onda belə görünür ki, düşünən düz düşünməyib. Səhv tanrının səhvidir. Ancaq bu səhvdirmi? Öldürüb ölmədən həyat bir əfsanə. Həyat ölümsüz olsa, yaşamaq eşqi, yaşamaq uğrunda çabalar da həməncə ölər. Bəlkə də elə buna görə insana Qatil adı verilməliydi...

Bəs mənəviyyat nəmənə? Bəs ruhsallıq? Yoxsa biz hamımız cəhənnəm əhliyik? “Zahid, məni aldatma, cəhənnəmdə od olmaz; onlar ki yanırlar, odu burdan aparırlar”. Hay-hay, şair sözüdür, əlbəttə, inanma: yerin “damarları” ilə fırlana-fırlana gəlib vulkan ağzından bayıra loqquldayan lavalar ki bizdən deyil.

Amma bizi gözlər!

Gözlərmi?

Bəlkə bu da bir mif, bir nəsihət, bir cilov? Hərçənd insan neyləsin? Onun yaşadığı ömür həsəd aparılası ömür deyil: özünlə daimi mübarizə bezdiricidir. Mənəviyyat bir şey deyir, bədən başqa şey istəyir: beyin isə heç cür haqlı-haqsızı müəyyənləşdirə bilmir.

Odur ki, kinorejissor Triyer xilas ideyasına skeptik yanaşır, bunu uydurma sanır, aldanış sanır və öz qəhrəmanını anbaan cəhənnəm oduna yaxınlaşdırır. Cek əlacsızdır, qəfəsdəki quş kimidir, kinorejissorun ovcundadır və praktiki şəkildə onun qaçası yeri yoxdur.

Lars fon Triyer sanki Cekin yaxasından yapışıb onu uçurumun üstündə saxlayır və yalnız finalda yumruğunu boşaldıb öz kuklasını nəhəng anakonda kimi qıvrıla-qıvrıla qızaran cəhənnəmin qaynar mərkəzinə buraxır.

Bütün qatillərin aqibəti budur. İndi özünüz fikirləşin ki, Cek kimdir? Mühəndis, memar, şofer, aktyor??? Cek heç kimdir, Triyerin oyuncağıdır. Məgər biz də tanrının oynatdığı kuklalar deyilik? Məgər O, müəyyənləşdirmir ki, kimini cənnətə atacaq, kimini cəhənnəmə? Bəşər tarixində bütün dinlər insanların instinktlərilə mübarizəyə yönəlməyibmi? Ancaq hələ də insanı vəhşilikdən qurtarmağa heç bir dinin gücü çatmayıb. Çünki insan ən çox öz instinktlərini sevir.

Ov qatillik universiteti sayılmazmı? Ovdan müharibələrə bir addımlıq yol qalmırmı? Müharibədə insanlar ovlanmırmı? Bəs rəssamların çəkdiyi natürmortlar qatilliyə bir eyham kimi götürülməzmi? İncəsənət ölümdürmü, ölüm incəsənətdirmi? Nə qədər dirisən, əbədi deyilsən, ölürsən, əbədi olursan. Mənasızlığın sonu varmı? Allahsız adam cilovsuz at kimi sərhəd tanımır. Allah öləndə əxlaq qalmır və sən hər şeyə icazəlisən. Buradan o yana isə ömür yolu cəhənnəm yoludur.

Bax, arxetip-mənanı, arxetip instinkti, arxetip-dəyəri axtara-axtara beləcə düşünür Lars fon Triyer və bunu düşünə-düşünə digər kinorejissor Kventin Tarantino ilə məzələnir, ona bir uşaq kimi yanaşır, lağ eləyir, aktrisa Uma Turmanın personajını müasir geyimli XX əsr ifritəsi kimi yolun kənarına çıxarır və onu qətllər silsiləsinin hərəkət mexanizmini işə salan impuls – ilkin təkan qismində görükdürür. Epizod bir yandan Tarantinonun “Kriminal qiraət” (Miya Uolles – Uma Turman), o biri yandan “Mənfur səkkizlik” filmlərilə baxışır. “Bu evi Cek inşa edib” filmi zahirən Kventin Tarantinonun kino təfəkkürü, kino təhkiyəsi tərzində üslublaşdırılıb. Batində isə Triyer bəlkə də öz rejissor həmkarını ittiham edir, onu filmlərində göstərdiyi vəhşiliklərə, saysız-hesabsız qətllərdən, qan fışqırmalarından aşırı ləzzət duyub əyləndiyinə görə dartıb özüylə bərabər cəhənnəmə aparır. Mümkünmü? Ola bilər. Niyə də ki yox? Hərçənd Cek daim öz təsəvvüründə ucaldacağı evi layihələşdirməklə məşğuldur və bu kontekstdə Tarantino qəhrəmanlarından daha bir pillə yuxarıdadır, daha çox yaradıcıdır. Lakin bu nəyi dəyişir ki? O, öz evinin layihəsini cıza-cıza, bu layihənin fraqmentlərini gerçəklikdə quraşdıra-quraşdıra, quraşdırdığını sökə-sökə bir də görür öldürdüyü insanların bədənlərindən cəhənnəmin heykəlini, cəhənnəmin qapısını və cəhənnəmin özünü inşa edib.

Xatırlayırsınızmı “Mənfur səkkizlik” filminin ilk epizodunu: qarlı meşə yolu ilə irəliləyən dilicanı? S.L.Ceksonun personajı bir “qafalar ovçusu” kimi dilicanı saxlatdırıb ora minmirmi, yeni qətllərin təhrikçisi olmurmu?

“Bu evi Cek inşa edib” filminin əvvəlinci kadrlarında da Uma Turmanın personajı furqonlu balaca qırmızı avtobusu inad-xahişlə saxlatdırıb şoferin yanına əyləşir, bütün yol boyu ona qorxularını, şübhələrini danışa-danışa öz ölümünü və qətllər sırasını provokasiya eləyir, başqa sözlə, Ceki maskasının içindən çıxardır. Maskasını kənara tullayan Cek tərəddüd etmədən onu təngə gətirmiş qadını qətlə yetirir.

Həvva ananın roluna və fantaziyalarına bir eyhammı bu?

Bəlkə də...

“Din yox olsaydı yer üzündə əgər”... insan həməncə vəhşiyə dönərdi...

Lars fon Triyer dünyanın ən böyük faşistidir, dəccalıdır.

Lars fon Triyer dünyanın ən böyük humanistidir, antifaşistidir.

Bununla belə o, amansızcasına amerikalı Kventini “ucuz” bir rejissor qismində qanına “qəltan eləyir”, onun yararsızlığını faş eləyib aləmə göstərir. Tarantinonun “Billi öldürmək”, “Kriminal qiraət” filmlərində olduğu kimi Triyerin “Bu evi Cek inşa edib” filmi də beş hadisə, beş toqquşmadan ibarətdir və hər bir toqquşma qətllə nəticələnir. Bu qətllər Cekin (Mətt Dillon) özünü anlamaq, özünü tanımaq, özünü kəşf və ifşa etmək dərdinin ifadəsidir. Çünki heç kim heç kimi eşitmir. Hamı öz “eqo”suna vurğundur. Hamı nərgizlik dənizində üzür. Hamı öz intellektilə məşğuldur. Hamı özünü simvollardan asılı etmiş psixopatdır. Psixopatlarda isə empati olmur. Odur ki, bağırsan da heç kim köməyə gəlməyəcək. Cek öz sonuncu qadın qurbanına deyir ki, nə qədər istəyirsən, qışqır, çığır, heç kəs dadına yetişməyəcək. Qəribədir, qətli qətl ardınca törədən Cekin özünü də heç kim görmür. Ona görə ki, cəmiyyət biganələr cəmiyyətidir.

Öldürmək və öldürməmək üçün insanlara simvol, adət, rituallar lazımdır ki, özlərinə bəraət qazandırsınlar, öz suçlarını öz gözlərində yusunlar, özlərini təmizə çıxartsınlar. Bir halda bu simvol qadağadır, digər halda – icazə. İnsana insan qalmağın hüdudlarını məhz simvollar, işarələr göstərir. Onlar, sadəcə, bir xatırlatmadır.

Mifologiyanı simvollar yaradır, simvolları – cəmiyyət. Miflər simvollar haqqında xalq fantaziyalardır.

“Faust”un müəllifi, almanların filosof şairi Qütenin bir vaxtlar kölgəsində rahatlanıb şedevrlər yaratdığı palıd ağacı sonralar ölüm kameralarına gedən əsirlər üçün seyr obyekti idi. Buhenvaldda cəza düşərgələrini məhz bu palıdın böyründə tikmişdirlər. Tarixin kinayəsimi? Cəhənnəmi inşa edən kimdir?

Biz instinktlərimizin çiyinlərində cəhənnəmə gedirik.

Adamı Tanrı öldürür, təbiəti – insan. Kimdir qatil?

Cek öz evlərində sakit yaşayan milyonlardan birisidir. Bu milyonlardan hər birinin içində aşkarlanmamış qatil mürgüləyir.

Cəhənnəm özünəməxsus qətl, cəza, cəllad variantıdır. Amma nə insanları yaxşılaşdıra bilir, nə də – cəmiyyəti. Çünki arxetipi qorxudur.

Hərçənd cəhənnəmin özü də simvoldur.

Bu filmində Lars fon Triyer yüzilləri bir-birilə görüşdürür və sonucda görür ki, heç nəyi dəyişmək mümkünatı yoxdur. İnsan davam edir və instinktlərinin çaldığı havaya qol götürüb oynayır. Əgər insan robota dönüşsə, bəlkə onda problemlər aradan qalxar: ona görə ki, bütün maraqlar, istəklər anındaca sönər, işıqla qaranlığın arasındakı fərq itər, cənnətlə cəhənnəmə ehtiyac qalmaz.

Mən bu filmi izləyə-izləyə düşündüm ki, Triyer kinodan “küsür”, seyrçisini aldatmaq istəmir. Amma özünün də xilas resepti yoxdur. Resepti olmadığı üçün də axırda gəlib “süqutun gözəlliyinə”, “çürüntünün alicənablığına”, “xarabalıqların möhtəşəmliyinə” tapınmaq fikrinə düşür. Bu filmə baxdıqdan sonra insan özünənifrət bayraqlarını dalğalandıra bilər.

İnsanları ümidlə aldadanda onların ömrü uzanır. Ümid həmişə xeyirxahlıqdır. Triyer isə cəhənnəm köpəyi kimi bütün ümidləri insanların əlindən qapıb xilasın mümkünsüzlüyünü seyrçiyə fasiləsiz təlqin edir.

Çünki bu cəhənnəmi Cek inşa edib. Bu o deməkdir ki, cəhənnəmin müəllifi biz özümüzük. Cəhənnəm içimizdədir.

Bu dəhşətli bilgiylə yaşamaq necə də məhvedicidir.

Amma əgər sən cəhənnəmin hər hansı bir formada mövcudluğuna inanırsansa, deməli, sən hələ də Allahdasan!

Allah ümiddir!

Allahla yaşamaq da asanlaşır, ölmək də: çünki cəhənnəmdən qurtulmağa ümid yaranır.

Hətta Allah cəhənnəmdə də seçimi insanın əlindən almır. Kifayətdir ki, Cek yolunu dəyişsin.

Sonucda Allahın özü də mənəviyyat çevrəsinin ən ali simvoludur.

Film cavabsız qurtarır.

Film cəhənnəmin dibində qurtarır.

Film sükutun etirafı ilə qurtarır.

Ola da bilər ki, Lars fon Triyer cəhənnəmin təbəqələrini vizuallaşdıra-vizuallaşdıra, Stiksin sularını göstərə-göstərə, qaynar lava istisilə ətrafı qızarda-qızarda kino sənətinin Dante Aligiyerisi adlandırılmaq iddiasında bulunur. Elə isə onun bu ümidini əlindən almayaq. Biz ki Triyerə oxşamırıq?

Ağlın müştəbehliyi, “eqo”nun hikkəsi yox, ürəyin sevgisi hər zaman qalib olur.

Mən bir də onu fikirləşdim ki, Triyerin bu filminin mövzusunu XX yüzildə artıq çoxdan “çeynənib” və hamıya hər şey aydındır. Bu müstəvidə Yorqos Lantimos XXI əsrin kinodüşünəri kimi mənə daha maraqlı görünür. Əgər kinomif Triyerdə qurtarıbsa, cəhənnəmin içinə daxil olubsa, Yorqos Lantimos üçün kinomif hələ də seyrçini insaniyyətlə duyğulandırmaq imkanlarını tükətməyib.

Elə ona görə də Triyer öz kinomifi və kinodilində “boğulur”.

BU CƏHƏNNƏMİ CEK İNŞA EDİB.

KİNONU CƏHƏNNƏMƏ DÖNDƏRƏN MÜƏLLİF TRİYERDİR.

Elə isə onun Cekdən nə fərqi?

Hərçənd bütün bunlar Lars fon Triyerin “kino dahisi” adlandırılmaq şansını heç bir qırıq da azaltmır.

AzNews.az