- Mədəni adam
- 24 Yanvar 2019 12:29
- 3 995
“Atam qardaşını 50 ildən sonra gördü” - Xalq şairinin qızı
31 dekabr yeni bir dövrün başlanğıcına təkan verdi
“31 dekabr 1989-cu il Söhrab Tahir üçün 50 illik hicrana, ayrılığa son qoymaq və dünya azərbaycanlıları arasında birliyin, ünsiyyətin, qardaşlığın daha da güclənməsi anlamına gəlirdi. Çünki sabahısı gün –1990-cı ilin 1 yanvarında Söhrab Tahir artıq heç üzünü görə bilmədiyi xalasıoğlu və bibisioğlu ilə məhz Bakıda görüşəcəkdi”.
Bunu Moderator.az-a açıqlamasında mərhum Xalq şairi Söhrab Tahirin qızı Nəsibə Tahiri deyib.
Qeyd edək ki, Söhrab Tahir çağdaş Azərbaycan poeziyasında həsrət şairi kimi tanınır. O, əslən Güneydən olsa da, gənclik çağlarından Arazın bu tayına gəlmiş və baş verən məlum olaylardan sonra bir daha geri dönə bilməmişdi. Bu səbəbdən də , ailəsindən, yaxınlarından haradasa, 40-50 ilə qədər uzaq qalmışdı.
Həmin ayrılıqların bitmə anını isə Nəsibə xanım bu cür nəql edir və 1989-cu il dekabr hadisələrinin atasının həyatında tutduğu önəmli rolu vurğulayır:
“İnsanlarımız Cənubdan sərhəd söküləndən sonra keçib, bu taya gəlirdilər. Bu elə bir sevinc idi, mən onu sizə heç çatdıra bilmirəm. Lakin 1990-cı ilin mart ayında Söhrab Tahir üçün daha böyük bir ayrılığın-50 illik qardaş ayrılığının sonu gələcəkdi. Bir sözlə, 31 dekabr 1989-cu il hadisəsi şairin həyatında yeni böyük və şanlı bir səhifəni açacaqdı; həm onun şəxsiyyətində, həm də yaradıcılığında yaranan yeni bir dönəmin başlanğıcı olacaqdı.
Bu hadisələrə isə təbii ki, sevinirdi, bunu ondan artıq kim istəyə bilərdi. Onunla bərabər bu taya köçən, onunla bu taya qızılbaş orduda zabitlik etmək üçün bu tayda hərbi məktəbə gələn silahdaşları, fədai dostları istəyə bilərdi. Uzun ayrılıqdan param-param olmuş azərbaycanlılar istəyərdi. 31 dekabr XX əsrin sonunda dünya qədər qədim olan Azərbaycanımızın tarixində yeni bir dövrün başlanğıcına təkan verdi. Qol qoydu, imza atdı. Xalqımızın azadlıq hayqıran səsi ucaldı, xalqımızın birlik, birləşək səsi ucaldı. 31 dekabr bizim müstəqilliyimizn ilk addımı idi”.
AzNews.az