- Mədəni adam
- 21 Mart 2019 19:43
- 11 399
"Əsgər elə dedi ki, gözlərim doldu": Nigar Şabanova ilə MÜSAHİBƏ
“Cocuq Mərcanlıda musiqi məktəbi tiksinlər”- Əməkdar artist sakinlərin arzusunu dilə gətirdi
AzNews.az əməkdar artist, müğənni Nigar Şabanova ilə müsahibəni təqdim edir:
- Nigar xanım, martın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində böyük bir bayram konserti keçirildi. Həmin konsertdə bir qrup sənət adamı ilə yanaşı, siz də iştirak etmisiniz. Konsertlə bağlı nə deyə bilərsiniz?
- Bəli, dünən Cocuq Mərcanlı kəndində Novruz bayramı ilə əlaqədar gözəl bir konsert proqramı baş tutdu. Konsertdə bir çox müğənnilər, muğam ifaçıları iştirak edirdi. Onların arasında Mətanət İsgəndərli, Mələkxanım Əyyubova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Babək Niftəliyev, İlkin Əhmədov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Ayaz Qasımov, Rövşən Əziz və başqaları qatılmışdı. Konsertdə iştirak etmək bütün sənət adamlarının borcudur. Tədbirə təklif alan hər bir sənət adamı sevinə-sevinə getmişdi. Biz Cocuq Mərcanlıya nə qədər çox getsək, saatlarla konsert versək, orada yaşayanlara nə qədər gülər üz, əhval-ruhiyyə bağışlasaq, yenə də azdır. Konsertin axşam saatlarında keçirilməsi planlaşdırılmışdı. Biz Füzuli rayonuna kimi yaxşı getdik. Elə ki, Füzulini keçdik, məndə bir növ vahimə yarandı. Cocuq Mərcanlıya çatana kimi qəribə hislər keçirirdim. Orada yaşamaq həqiqətən çox qürurvericidir. Ona görə, orada yaşayanlara qəhrəman adı verərdim. Biz Cocuq Mərcanlıda yaşayan hər bir sakinin qarşısında baş əyirik. Çünki cəbhə xəttinə yaxındır, döyüş zonasıdır. Orada yaşamaq, torpağı qoyub getməmək böyük ürək tələb edir. Mən o yolu gedəndə özlüyümdə qürurlandım. Orada hər an hər bir təhlükə gözlənilir. O kənddə yaşamaq ücün möhkəm iradəyə, güclü vətən sevgisinə malik olmalısan. Kəndə çatanda cəbhədə əsgərləri gördük. Bəlkə, yüz dəfə onlara "qurban olaram" dedim. Əsgərlərin analarının əllərindən opürəm, qarşılarında baş əyirəm, onlar olmasa, biz burada rahat yaşaya bilmərik.
Orada bir əsgər yaxınlaşdı. Sənədləri yoxlayıb, adımızı yazırdılar. Mən ona dedim ki, özünüzü qoruyun. O qədər dua etdim ki... Allah onları saxlasın, onların da anaları var, ürəkləri parçalanır, gecəni yatmırlar ki, balamız əsgərdir. Əsgər dedi ki, “Nigar xanım, biz bu gün yuxusuz qalmasaq, sizin kimi ana-bacılarımız necə sakit yaşaya bilərlər? Biz yuxusuz qalmalıyıq ki, analar-bacılar rahat yatsınlar. Bizlər yatmasaq da olar”. Gözlərim doldu. Halal olsun onu doğan anaya, belə övlad yetişdirib. Az olsa belə, biz də borcumuzu yerinə yetirdik, Novruz bayramı ərəfəsində onlara sevinc bəxş etdik.
- Konsertdə kimlər vardı, Cocuq Mərcalıya yaxın ətrafda yaşayanlar da gəlmişdilər?
- Hə, mən oxudum çıxdım. Konsert Azərbaycan televiziyası vasitəsilə canlı yayımlanırdı. Tamaçaşılarımız əsasən Cocuq Mərcanlının sakinləri idi. Yaxın kəndlərdən də adamlar gəlmişdi. Biz Füzulini keçəndən sonra sanki boşluğa düşdük, yolda heç kəs yox idi. Amma Cocuq Mərcanlıya yaxınlaşanda yol boyu maşınlar konsert olan istiqamətə axışırdı. Artıq kənd camaatı da əsgərlərə qarışmışdı. Konsert keçiriləcəyini kim eşitmişdisə, hamısı gəlmişdi. İnsanlar çox sevinirdilər, hətta uşaqlara milli geyimlər geyindirmişdilər. Sakinlər milli yeməklər, şəkərbura, qoğal, paxlava da bişirmişdilər. İnsanlarda çox maraqlı bayram əhval-ruhiyyəsi vardı.
- Konsert zamanı sakinlərlə görüşə bildiniz?
- Bəli, şəkillər çəkdirdik. Çox sağ olsunlar, bizə hər şəraiti yaratmışdılar. Bəzən sənət adamlarına yaxınlaşmağa icazə vermirlər, amma Cocuq Mərcanlıda böyük bir sərbəstlik var idi. Hamı sərbəst şəkildə hərəkət edirdi. Kim istəyirdi, bizə yaxınlaşırdı. Hətta tamaşaçılar sənət adamları üçün ayrılan otağa belə girib-çıxırdılar. Bizimlə şəkil çəkdirmək istəyirdilər. Yəni heç bir polis nəfəri bizi tamaşaçılardan ayırmadı.
- Cocuq Mərcanlı sakinləri sizinlə görüşdə arzularını dilə gitirdimi. Ən böyük istəkləri nə idi?
- Bir valideyn yaxınlaşdı. Dedi ki, “biz Bakıdan uzağıq. Uşaqlarımın gözəl səsi var. Amma onları aparıb-gətirməyə gücümüz çatmır. İstərdik ki, Cocuq Mərcanlıda Musiqi məktəbi tiksinlər. Burada hər bir uşağın yaxşı səsi var, amma məktəb olmadığından bu uşaqlar musiqi təhsili ala bilməyəcəklər. Çox istəyərdik ki, Qarabağın musiqi məktəbi Cocuq Mərcanlıda davam eləsin”. Prezidentimiz, Mədəniyyət Nazirliyi inşallah onların arzusunu həyata keçirər. biz də istərdik ki, orada bir musiqi məktəbi tikilsin. Anaların arzusu ürəklərində qalmasın. Onsuz da onlar yetərincə həsrət çəkiblər, sıxıntıda yaşayıblar. Heç olmasa, bundan sonra dərdlərini unutsunlar.
- Söhbətin əvvəlində dediniz ki, sizdə bir həyəcan vardı. Bu həyəcanın arxasında nə dayanırdı?
- Orada yaşayanların böyük ürəkləri var. Biz bəzən eşidirik ki, atışma oldu, yaralanan var və s. Onlar hər an nəsə gözləyirlər. Dinc sakinlərin tez-tez narahat olması xoşagəlməz haldır. Mən onların orada necə yaşamasını gördüm. Bir an özümü onların yerində hiss etdim. Çətindir. Əgər daxilində bir vicdan varsa, mütləq həmin hissləri keçirəcəksən. Əlimiz kiməsə çatmır, yol uzaq, getmək olmur. Düşünürdüm ki, onlar da rahat yaşamaq istəyir. Öz torpağəmızdır. Niyə öz torpağımızda qorxu içində yaşayaq? Amma Cocuq Mərcanlı sakinlərinin belə bir qorxusu yoxdur. Onlar cəbhədə mərdi-mərdanə dayanan əsgərimizə güvənir. Allah onları qorusun!
Bahar RÜSTƏMLİ
AzNews.az