- Mədəni adam
- 30 Mart 2019 19:51
- 6 956
"Mirzə Cəlil bu müzakirələri təxmin etmişdi" - Yadigar Cəfərli
"Bu üzü-sözü nurlu kişinin qorxduğu, axırda başına gəldi"
Şair dostumuz Şəhriyar del Gerani maraqlı bir polemika başlayıb.
Bu yandan Cəlil Məmmədquluzadənin anadan olmasının 150 ili tamam olur. O yandan da gənc şair təklif verir ki, Mirzə Cəlilin bəzi hekayələri gərək redaktə olunsun.
Niyə, çünki ədib müəyyən əsərlərində xalqımızı çox aşağılayıb.
Nümunə kimi də “Novruzəli” hekayəsini göstərir. Oxuyanların yadında olar: bu hekayədə ağsaqqal kişi adi məktubu poçt qutusuna ata bilmir. Axırda da böyük bir qalmaqal salıb qazamata düşür.
Heç belə də şey olar ki, o sinndə adam məktubu qutuya ata bilməsin?!
Xatirimdədir ki, biz tələbə olan vaxtlarda – danışıram 90-cı illərin ortalarından, mərhum yazıçı-publisist Rafiq Tağının da Mirzə Cəlilə qarşı məzmunca buna bənzər bir neçə yazısı müəyyən səs-küy yaratmışdı.
Bəri başdan deyim ki, belə mövqeləri bölüşmürəm.
Mirzə Cəlili diqqətlə, lap belə zərrəbin götürüb sətirbəsətir öyrənmədən bu cəmiyyəti anlaya bilməzsən.
Bununla belə aradan təxminən bir əsr keçəndən sonra Mirzə Cəlilə qarşı belə hücumların başlanmasına da çox sevinirəm.
Qəribədir hə?!
Onda, nəhayət, sözümün Mustafasına keçim.
İş orasındadır, hamıdan çox Cəlil Məmmədquluzadə özü arzulayırdı ki, aradan bir əsr ötəndən sonra Azərbaycanda ona hücum edəcək, hətta xalqa böhtan atmaqda suçlayacaq Şəhriyar kimi gənclər olsun.
Görək naşiri olduğu “Molla Nəsrəddin” jurnalının 17 fevral 1907-ci il tarixli nömrəsində ədib nə yazmışdı:
“Ay yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra “Molla Nəsrəddin”in köhnəlmiş və qat yemiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız. Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, “bu rəhmətlik Molla Nəsrəddin bizim rəhmətlik babalarımıza böhtan deyib, çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Germaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar!”.
Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz!”
Bu üzü-sözü nurlu kişinin qorxduğu, axırda başına gəldi.
İndi Mirzə Cəlilin ünvanına, həqiqətən, belə deyənlər var.
Və nə yaxşı ki var.
Deməli, arzusuna çatıb. Çəkdiyi zəhmət boşuna getməyib.
Yüz il əvvəl balaca bir məktubu poçt qutusuna sala bilməyən Novruzəlinin nəvə-nəticə-kötücələrinin səs-sədası indi NASA-dan, Google-nin baş ofisindən, nə bilim Böyük adron kollayderindən gəlir.
Bir mütəfəkkirin böyüklüyü də elə bu deyilmi?!
Yadigar Cəfərli
AzNews.az