- Mədəni adam
- 2 Aprel 2019 10:29
- 15 474
Dünyasını dəyişən Rövşən Almuradlı kimdir?
Bu gün səhər saatlarında rejissor Rövşən Almuradlı vəfat edib.
Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub.

1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek olub.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş verib.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.
1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olub.
1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olub.
1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.
R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində bir çox film tamaşalara quruluş verib.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olub.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.
Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş verib.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

AzNews.az