- Mədəni adam
- 4 Aprel 2019 15:11
- 11 680
Teatr mənim üçün birincidir - Ziya Ağa
Badımcan qızartmasını çox sevdiyimi deyə bilərəm
AzNews.az Akademik Milli Dram Teatrının gənc aktyoru Ziya Ağa ilə müsahibəni təqdim edir:

- İlk öncə özünüz haqda danışın, tamaşaçılar sizi daha yaxından tanısın.
- Artıq internet dövrüdür, vikipediyada demək olar ki, hər məlumat var. Amma əlavə olaraq badımcan qızartmasını çox sevdiyimi deyə bilərəm.
- İlk ixtisasınız incəsənətdən uzaq sahə olub, bu nə ilə bağlı idi?
- Əgər təsadüf kimi yanaşsam, bu barədə geniş danışardım, amma mən təsadüflərə inanmıram. Allahın bizə bəxş etdiyi zəruriyyətlərə inanıram deyə, nə deyə bilərəm ki.
- Teatra kinodan gəlmisiz. Bundan sonra hansı sahəyə daha çox meyllənmək fikrindəsiniz?
- Mən bunu həmişə demişəm, təkrarlamaqdan da çəkinmirəm. Teatr mənim üçün ən birincidir, bir növ əlifdir.
- Yeni kino və serial təklifləri varmı?

- Bəli, var.
- Bu günlərdə Moskvada ölkəmizi uğurla təmsil etdiniz, festival necə keçdi?
- Bizim üçün bayram idi. Tamaşalara baxdıq, dərslər aldıq, master-klaslarda olduq. Peşəmizə dair yeni şeylər öyrəndik və s. və ilaxır.
- Səhv etmirəmsə, ermənilər də eyni tamaşa ilə qatılıblar festivala.
- Bəli, eyni tamaşa ilə qatılmışdılar.
- Gənc yaşda, Otello kimi şah obrazı canlandıraraq “Ən yaxşı kişi rolu ifaçısı” nominasiyasında qalib olmaq, yəqin ki, böyük xoşbəxtlikdir.
-Təbii ki, böyük xoşbəxtlikdir. Bu teatrla mənim aramda olan xoş günlərimizdən biridir.

- Hansı rolu ifa etmək arzusundasınız?
- Dostoyevskinin “Roskolnikov”u və Şekspirin “Kral Lir” əsərindəki Təlxəyi.
- Təhsil aldığınız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaradıcı gənclər üçün yetərli mühit varmı?
- Artıqlaması ilə var. Mən sabah qruplarında təhsil alıram, bizim dekanımız Bella xanım, biz ona “mamulya” deyirik, az qala evində yemək bişirib bizim üçün gətirsin.
- Sizcə yeni gələn aktyor nəsli insanları teatra qaytara biləcəkmi?
- Çox istəyərəm. Bizim ölkəmizdə, universitetimizdə, bu sahədə məndən yüz dəfə istedadlı gənclər var. Əl-ələ verib bunun üçün çalışacağıq.
- Ən böyük yaradıcılıq arzunuz nədir?
- Arzum budur ki, Bakıda hara baxsam, teatr görüm, hara baxsam, tamaşaya tələsən insanları görüm, teatrı sevən Bakını görüm.
- Gələcək yaradıcılığınızda uğurlar.
- Çox sağ olun ki, teatrla bağlı söhbət etməyi seçdiniz.

Cavidan Mirzəzadə
AzNews.az