- Mədəni adam
- 5 Aprel 2019 14:21
- 5 024
"İnci" qrupu beynəlxalq festivalda çıxış etdi - FOTO
Hindistanda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etdik
Beynəlxalq Muğam Mərkəzində “İnci” qrupunun “World Sacred Spirit” adlı Beynəlxalq Festivalda iştirakına həsr edilən tədbir keçirilib.
"İnci" qrupunun rəhbəri Elmira Əliyeva AzNews.az-a festival haqqında təəssüratını bölüşüb:
"Festival fevralda Hindistanın Jodhpur şəhərində Naqaur və Mehrangah qalasında baş tutub. Orada Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etdik. "Bayatı-Şiraz" təsnifi və "Nəlbəki" xalq rəqsini ifa etdik. Eləcə də qrupumuz festivalda açılış və bağlanış konsertlərində çıxış etdi.
Gecədə "Bayatı-Şiraz" və "Nəlbəki" rəqsimizi uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunması böyük marağa səbəb oldu.
Festival boyu muğamlarımızdan, təsniflərimizdən geniş istifadə etməyə çalışdıq".
Əməkdar artist Azərbaycanda ilk dəfə kanon ifaçılarının xarici ölkələrdəki festivallara qatıldığını da deyib: "Hindistanın çox gözəl musiqi mədəniyyəti var. Orada rəqslər çox zəngindir. Amma buna baxmayaraq bizim ifamız festivalın favorit nömrəsi idi. İnsanlar tərəfindən milli geyimlərimizə də maraq çox idi. Bizə yaxınlaşıb milli paltarlarımızdakı arqumentləri soruşurdular. Bir çox televiziya və mətbuat orqanlarında qrupumuz haqqında geniş məlumat da verildi".
Qeyd edək ki, "İnci" qrupu festivala Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiyasının təşkilatçılığı ilə qatılıb.
Rəqsanə
AzNews.az