Ədəbi zövqümü korladığına görə təzminat kimi mənə pul qaytarmalısan Ədəbi zövqümü korladığına görə təzminat kimi mənə pul qaytarmalısan

Fazil Mustafa şairə verdiyi 20 manatı geri istəyib - “Yas mərasimində üzərinə yürüdüm”

Ədəbi zövqümü korladığına görə təzminat kimi mənə pul qaytarmalısan

“Kimin əlində pulu varsa, istədiyi formada və sayda şeirlər, romanlar çap edir”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa son illər çap olunan kitablarla bağlı məsələyə aydınlıq gətirərkən deyib. Deputat onları mənasız, köçürmə, sənət adına yaraşmayan kitablar hesab etdiyini vurğulayıb:

“Cəmiyyətdə bayağı müsiqilərin efirə yol almasının əngəllənməsi üçün səslənən təkliflərin başında televiziyalarda Bədii Şuraların yaradılması ideyası gəlirdi. Bəzi televiziyalarda da ya belə şuralar dərhal yaradıldı, ya da əvvəlcədən mövcud olan şuralara əl gəzdirildi. İndi nə dərəcədə daha səviyyəli musiqi əsərlərinin efirdən təqdimatına nail olacaqlar, indidən söyləmək çətindir. Hər halda yaxşı-pis yolunu tapdılar. Ancaq yolunu tapmanın müşkül olduğu bir sahə var ki, burada bayağılığın, səviyyəsizliyin qarşısını almaq çox uzun bir sürə aparacaq. Bu son illərdə partapart dərc olunan mənasız, köçürmə, sənət adına yaraşmayan kitablardır. Demək kimin əlində pulu varsa, istədiyi formada və sayda şeirlər, romanlar çap edir. Burada da ədəbiyyat şurası yaratmaq mümkün deyil ki... Bir neçə il öncənin əhvalatını xatırladım. Qardaş, demək bir nəfər şeir yazan var, hansı yas məclisinə gedirəmsə, onun qarşısında peyda olur və gəlib-gedənə kitabçasını təqdim edib pul istəyir İllər öncə mənə də Təzə Pir məscidinin qarşısında yaxınlaşıb kitabını göstərdi və almamı xahiş etdi. Düşündüm imkansız bir yazardır, kömək olsun deyə 20 manat pul verib kitabçanı da cibimə qoyub uzaqlaşdım. Evə gəldiyimdə kitabçanı əlimə alıb mündəricatına baxdım, ardınca da ilk səhifələrdə olan şeirləri oxumağa başladım. Oxuduqca sənət adına, ədəbiyyat adına tüstüm təpəmdən çıxdı. Şeirin texnikasını, məna və ahəngini normal anladığıma görə, bir-iki bəndi oxuduqdan sonra adamın hansı kəramət sahibi olduğunu müəyyənləşdirmək çətin olmur. İnanın ki, sadəcə pul vermiş olsaydım, o qədər təsir etməzdi, ancaq belə bir kitaba pul vermək bağışlanmaz bir davranış idi və kitabı dərhal bir kənara tolazladım. Növbəti günlərin birində yenə də yas yerindən çıxarkən gördüm adam qarşımda peyda oldu və irişə-irişə pul istədi. Ani olaraq adamdan yaxa qurtarmanın yolunu tapdım. Dərhal üzərinə yürüdüm ki, tez ol, mənim 50 manatımı ver! Adam söylədi ki, nə 50 manat, onu harada vermisiniz? Söylədim ki, kitaba görə sənə 20 manat ötən dəfə vermişdim, oxuduğum andan mənim ədəbi zövqüm korlanıb, indi həmin 20 manatın üzərinə 30 manat da qoyub, ədəbi zövqümü korladığına görə mənəvi təzminat kimi mənə pul qaytarmalısan. Odur-budur, adam harada məni görürsə, dərhal gözdən itir”.

Deputat kitab müəllifi olmanın ağır məsuliyyətini cəmiyyətimizdə hələ də anlamayan xeyli insanın olduğunu bildirib: “Ötən gün kitab təqdimatında bir qadın yaxınlaşıb kitabını oxumasını xahiş etdi. Kitabı verərək söylədi ki, bəs bu, onun beşinci əsəridir. Və and verdi ki, kitabını mütləq oxuyum. Mən də and qarşılığında söz verdim ki, mütləq oxuyacağam. Evə yetişib paltarımı dəyişəndən sonra kitabı əlimə alıb varaqlamağa başladım və yenə də təpəmin ortasından tanış tüstü çıxmağa başladı. Demək qadın peyğəmbərimizin həyatını bir poema formatında yazıb, bütün bəndlərdə ikinci və dördüncü misralarının qafiyə olmasına əməl edib, vəssalam. Məkkədən Mədinəyə yol alıb dayanmadan gedib e...Təkcə bu olsa harasıdır ki? Yaxın-uzaq çevrədə xeyli insanlar var ki, kitab çap etmənin məsuliyyətini anlamadan konveyr kimi buraxırlar e... Tanınmış bir adamı xanımının 10 cildlik şeirlər kitabının tanığı olmuşam. Özü də bu adamlara söyləsən ki, bu kitab biabırçılıqdır, burada poeziyadan, nəsrdən əsər-əlamət yoxdur, bəlkə də xiffətindən yıxılıb ölərlər. Təqribən xəstəyə "sənin sağalmaq ümidin yoxdur!" söyləmək kimi bir şey… Kitab müəllifi olmanın ağır məsuliyyətini cəmiyyətimizdə hələ də anlamayan xeyli insan var”.

Bahar Rüstəmli

AzNews.az