- Mədəni adam
- 9 Avqust 13:58
Ukraynanın Megogo-su BALANS-ın dublyaj etdiyi filmləri oğurladı

Belə faktlarla Azərbaycanın dövlət strukturları ciddi məşğul olmalı və Azərbaycan bazarının proteksiyası məsələsi daha vacib və prioritet səviyyəyə qalxmalıdır
BALANS Milli Dublyaj Studiyasının rəhbəri Sevda Həsənova məsələni ölkə qanunlarına uyğun həll etmək niyyətindədir
www.megogo.az saytında BALANS Milli Dublyaj Studiyası tərəfindən dublyaj edilmiş filmlər yayımlanır. Balans Studiyasının rəhbəri xanım Sevda Həsənova bu işlə bağlı artıq sənədləri məhkəməyə hazırlayıb və məsələni ölkə qanunlarına uyğun həll etmək niyyətindədir.
ANS Şirkətlər Qrupuna daxil olan “Balans Milli Dublyaj Studiyası” nəinki Azərbaycanda, eyni zaman bütün dünyada öz peşəkar və möhtəşəm televiziya, kino və radio dublyaj işləri ilə, eyni zamanda müasir tələblərə və səlist istifadədə olan dilə uyğun tərcümələri ilə məşhurdur. Kommersiya və qeyri-kommersiya işləri ilə Koreya, Çin, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və digər ölkələrin səfirlikləri və dublyaj şirkətləri ilə sıx əməkdaşlıq edir. Balans Studiyası bu illər boyu ona görə seçilir ki, onun səlist və peşəkar dil üslubu, aktyor seçimi, səhnəyə və personaja uyğun danışıq tərzi, adi həyatda istifadə etdiyimiz ifadələr müasir dünyada və eləcə də Azərbaycanda tamaşaçı və dinləyicilər tərəfindən yüksək rəğbət və istəklə qarşılanır və qavranılır.
Lakin son illər Azərbaycanımızın Balans Milli Dublyaj Studiyası davamlı olaraq müəllif hüquqları sahəsində oğurluqla mübarizə aparır, daha dəqiqi, dublyaj və tərcümə “oğuluğu ilə...”. Bu yolu tutmuş bəzi yerli və xarici saytlar bizdən Pretenziya məktubu alan kimi dərhal üzr istəyib müəllif hüquqları Balans Studiyasına məxsus olan dublyaj məhsullarını səhifələrindən yığışdırıblar və “möhtəşəm tərcümə və dublyajdır” deyib məhsullarının dublyajını qanuni yolla bizə həvalə edirlər, digərləri isə məhkəmə çəkişməsi yolunu seçib tamamilə iflasa uğrayırlar.
Hesab edirəm ki, bizim dublyaj etdiyimiz və müəllif hüququ bizə aid olan məhsulları icazəsiz mənimsəyən təşkilatlar işin bütün çətinlikləri və ağırlığını və ağrısını dərk etmirlər.
Azərbaycanın ən peşəkar tərcüməçiləri, sayılıb-seçilən redaktorları, ən gözəl nitq qabiliyyətinə malik olan, illərlə bu sahədə təcrübə toplayıb peşəkarlaşan aktyor heyəti bizimlə çalışır. İstifadə olunan avadanlıq dünyada ən qabaqcıl avadanlıqdır, bir neçə səsyazma studiyaları, Foli studiyası və peşəkar səs rejissorları da Azərbaycan dublyaj sənətinə yalnız şərəf gətirə biləcək amillərdir. BALANS Studiyası illərdir bu işə böyük sərmayə yatırıb, əmək sərf edir, həm maddi tərəfdən, həm də yaradıcılıq nöqteyi nəzərindən. Sözsüz ki, bunları bilməyən balaca “mikki maus” şirkətləri bağışlamaq olar, amma Azərbaycan bazarına pul qazanmağa gələn iri transmilli kompaniyalar bu zəhmətin nə olduğunu bilməli və müəllif hüquqlarına lazımi hörmətlə yanaşmalıdır.
Məsələn, Azərbaycan bazarına hörmətli Bakcell telefon operatorunun himayəçiliyi ilə son aylar sürətlə daxil olmaq cəhdləri edən Ukraynanın Megogo şirkəti beynəlxalq və pul qazanmağa gələn Azərbaycan bazarının qanunlarını bilməli və onlara ciddi riayət etməlidir. Mən düşünürdüm ki, Megogo şirkətinin pirat olduğu vaxtları artıq geridə qalıb və indi o ciddi və qanunlara hörmət edən şirkətdir, lakin onların saytında Azərbaycan dilində səslənən filmlərdə Azərbaycanın BALANS Milli Dublyaj Studiyasına məxsus olan dublyaj məhsullarını görəndə biz pərişan olduq.
Az deyil, studiyamızın tərcümə və qeyri kommersiya məqsədi ilə dublyaj etdiyi “Üçqat təhlükə”, “Yaşıl kitab”, Van Qoq. Əbədiyyət astanasında”, “Hanter Killer”, “Birincilərin zamanı”, “Hakim Dredd”, “Real oğlanlar”, “Oğru ovu”, “Reinkarnasiya”, “Qırmızı nanə”, “Milyarderlər klubu” və s. kimi filmlərin dublyajını Balans Milli Dublyaj Studiyasının və bu filmləri istehsal edən Şirkət və Distribütorlarının icazəsi olmadan necə istifadə etmək olar? Ümidvarıq ki, beynalxalq aləmdə hörməti və yeri olan Megogo şirkətinin rəhbərliyi bu faktı araşdıracaq və bu oğurluqda əli olan dələduzları cəzalandıracaq və Azərbaycan şirkəti olan Balans Milli Dublyaj Studiyasında üzr istəməklə yanaşı, ölkəmizdəki müəllif və digər hüquqlara hörmət edəcək, əks halda sözü gedən əcnəbi şirkətin Balans Studiyasından oğurluğu ilə bağlı əyani faktlar artıq əlimizdədir və onları məhkəməyə dəlil kimi təqdim edəcəyik. Qeyd edim ki, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, “törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi)” müəlliflik hüququnun obyekti hesab edilir. www.megogo.az saytı tərəfindən yayımlanmış filmlərdə müəllifin həm şəxsi (qeyri-əmlak) hüququ, həm də əmlak (iqtisadi) hüquqları pozulub.
“Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən, “Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.”