- Mədəni adam
- 25 Oktyabr 2019 12:56
- 6 088
Müslüm Maqomayevin məzarı ziyarət olundu
"Mən inanıram ki, gələcək nəsillər də onu hörmətlə anacaqlar, xatirəsi daim yaşayacaq"
Oktyabrın 25-i görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin anım günüdür.
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.
F. Əlizadə çıxış edərək M. Maqomayevin Azərbaycan xalqının ən görkəmli nümayəndələrindən olduğunu bildirib: "Onun babası Üzeyir Hacıbəyovla birlikdə Azərbaycan professional musiqisinin əsasını qoyan sənətkardır. Biz hər il iki dəfə, Müslüm Maqomayevin doğum və vəfatı günlərində onun məzarını ziyarət edirik. O, Bakıdan başlamış Parisə qədər bütün dünyada öz səsi ilə Azərbaycanı təmsil edib. Müslüm təkcə professional musiqidə, operada deyil, estrada musiqisində də öz sözünü deyib. O, həm müğənni, həm bəstəkar, həm rəssam idi. Son illərində isə yazıçı kimi də özünü göstərmişdi. Biz onun xatirəsini hər zaman əziz saxlayacağıq".
Müslüm Maqomayevin ilk prodüseri olmuş İldırım Kasimov çıxış edərək sənətkarın xatirəsini hörmətlə anıb.
Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb. (APA)
AzNews.az