“Bu müsabiqənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm" “Bu müsabiqənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm"

Sona Vəliyeva: Nəsimi yaradıcılığına olan hörmət hər yerdə özünü göstərir

“Bu müsabiqənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin "Nəsimi ili” çərçivəsində elan etdiyi "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qalibləri elan olunub.

Tədbirdə həmçinin "Kaspi” nəşrləri” seriyasından iki kitabın – "Əbədiyyət günəşi” və Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında” adlı albom-kitabının təqdimatı baş tutub.

AzNews.az xəbər verir ki, tədbirdə “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, ziyalılar və mətbuat işçiləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Əflatun Amaşov Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb:

“Nəsimi yaradıcılığı nəinki Şərqin, eyni zamanda dünyanın, bəşəriyyətin ən böyük şairlərindən biridir. Onun anadan olmasının 650-ci ili ilə bağlı bu ilin əvvəlindən başlayaraq çoxsaylı tədbirlər keçirilib, Moskvada onun abidəsi ucaldılıb.

Biz bugünkü tədbirimizdə “Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin "Nəsimi ili” çərçivəsində elan etdiyi "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərini elan edəcəyik. Ümumilikdə 60-a yaxın məqalə təqdim olunub. Birinci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 700, 3-cü yerin qalibinə isə 500 manat pul veriləcək”.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxış edərək bu müsabiqənin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, Azərbaycanda Nəsimi irsinin necə dəyərləndirilməsi, qorunması haqda geniş danışıb:

“Bu müsabiqənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edirəm. Mən çox şad oldum ki, bu gün biz Azərbaycanın söz ustadı, dahi İmadəddin Nəsimiyə həsr olunmuş müsabiqənin yekununda görüşdük. Bu gün həm müsabiqənin yekunudur, həm də bu müsabiqənin yekunu olaraq ən yaxşı məqalələrin toplumunu yaradıb kitab ərsəyə gətirdik. Siz bilirsiz ki, biz “Kaspi” ailəsi olaraq bir neçə müsabiqələr keçirmişik. Bu zal iştirakçılarının əksəriyyəti bu müsabiqələrin keçirilməsində iştirak edib, bizim yanımızda olub.

Hər birimizə məlumdur ki, 2018-ci ilin noyabr ayında ölkə başçısı İlham Əliyevin məlum sərəncamı işıq üzü gördü. Bu sərəncamla dahi İmadəddin Nəsiminin 650 illiyi qeyd olunur. Sərəncam Prezident İlham Əliyevin söz sənətinə verdiyi dərin ehtiramın ifadəsidir.

Nəsimiyə, onun yaradıcılığına olan hörmət hər yerdə özünü göstərir. Nəsimi ilinin elan olunması ilə bərabər Nəsimi əsərlərinin dövlət varidatı hesab olunan müəlliflərin sırasına Nazirlər Kabinetinin 210 nömrəli qərarı ilə salınması, Türkiyədə adına sikkələrin kəsilməsi və digər əhəmiyyətli addımlar atılması əlbəttə ki, dərin ehtiram varisliyinin ənənə şəklində ötürülməsidir.

Atdığımız bu addım da həmin o ənənələrin davamı kimi qiymətləndirilməlidir. Təbii ki, bizim gördüyümüz bu iş görülən o işlərin qarşısında çox cüzi bir işdir. Amma biz bunu özümüzə borc bildik.

Bu müsabiqə üçün böyük bir tərkibdə münsiflər heyəti seçildi. Bizim hər zaman müsabiqələrimizdə ədalətli seçim olub. Bu dəfə də münsiflərin verdiyi o qiymətlər ədalətli bir şəkildə həyata keçirildi. Mən bunu hər bir şəxsdə əminlik yaratmaq üçün deyirəm. Çünki ədalət uğrunda şəhid olan bir insana həsr olunan müsabiqədə başqa söhbət ola bilməz”.

Daha sonra Nəsimini körpələrin dili ilə izah edən Fidan Paşasoy “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini yüksək tərzdə deyib.

Tədbirin sonunda müsabiqə qalibləri elan olunub və mükafatlandırılıb.

Səidə Vahid

AzNews.az

image description image description image description image description