Bayağı mahnılar ifa etsəydim, mən də başqaları kimi çox irəli gedərdim Bayağı mahnılar ifa etsəydim, mən də başqaları kimi çox irəli gedərdim

Müslüm Maqomayev sənətində nə pul var, nə də var-dövlət... - Mircabbar Mirbabayev

Bayağı mahnılar ifa etsəydim, mən də başqaları kimi çox irəli gedərdim

Müğənni Mircabbar Mirbabayev AzNews.az-a müsahibə verib.

- Mircabbar bəy, tamaşaçılarınız sizi Azərbaycanın dahi sənətkarı, Xalq artisti, Müslüm Maqomayev sənətinin davamçısı kimi tanıyır. Bununla bağlı nə deyə bilərsiniz?

-10 ildir ki, musiqi ilə məşğulam. Səhnəyə gələn gündən Azərbaycanın dahi sənətkarlarından Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudov ifalarını dinləyirdim. Heç vaxt bu dahi şəxsiyyətlərin mahnılarını ifa etməyi düşünməmişdim. Qulaq asırdım, amma fikirləşirdim ki, onların yaradıcılığı məndə alınmaz. Onların ifaları klassikadır. Yəni öz səsimin hansı tərzdə formalaşdığını bilmirdim. Çünkü estrada, lirika, vokal bunlar ayrı-ayrı janrlardır, ifa etdikçə səs formalaşır. Hərdən mənə sual verirlər ki, niyə populyar mahnılar ifa etmirsən? 29 yaşım var, əgər bu günə kimi bayağı mahnılar ifa etsəydim, mən də başqaları kimi çox irəli gedərdim. Youtube kanalında mən də populyar olardım. Mənim tutduğum yol çətin deyil, amma çox məsuliyyətlidir.

- Müslüm Maqomayev yolu sizə nə qazandırıb?

- Peşəkar səhnə və sənət... Seçdiyim yola görə 5-dən yuxarı dövlət tədbirinə dəvət almışam. Bu, Müslüm Maqomayev yaradıcılığına görədir. Bu gün 100 məclisin 5-də varamsa, bu sənətə borcluyam. Təəssüf ki, bu gün mənim oxuduğum janra Azərbaycanda qulaq asan azdır. Mən kütlənin arxasınca qaçanlardan deyiləm. Razıyam, tanınmayım, qoy məni 30 faiz tamaşaçı tanısın, amma Müslüm Maqomayev yaradıcılığı ilə tanısın.

- Repertuarınız ancaq Müslüm Maqomayev və Rəşid Behbudov yaradıcılığından ibarətdir?

- Xeyr, digər tanınmış bəstəkarların mahnılarını da oxuyuram.

- Məsələn?

- Elza İbrahimovadan çox oxuyuram. “Sən yadıma düşəndə”, “Bağışla”, “Sənə də qalmaz” və s. Bizim populyar mahnılar var ki, arada onlara da müraciət edirəm. Məsələn, “Xalqımın günləri”, “Payız gəldi” və s. Bəyəm bu mahnılara oynamaq olmur? Gərək mütləq “Səni deyirlər”, “Aynada gözəl”, “Bağdagül” kimi mahnılar olsun? Bunlar olmasa oynamaq olmur? Gül kimi mahnılarımız var, ömrüm boyu dədə-nənələrimiz toy şənliklərində bu mahnılara oynayıb.

- Deyirsiniz ki, Müslüm Maqomayev sənətinin davamçısı olmaq məsuliyyətdir. Bəs, bu məsuliyyətdən az da olsa qorxdunuzmu?

- Qorxmaq yox, amma çox tərəddüd elədim. Düşünürdüm ki, görəsən kənardan ifalarım necə görsənir? Mahnını ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Deyirlər ki, Müslüm Maqomayev kimi oxudu. Burada artlıq mən olmuram, məni bənzədirlər. 2016-ci ildə yarışma keçirilirdi: “Azərbaycanın səsi”. Mən orada bəstəkar Nailə Mirməmmədlinin komandasında idim. Orada Müslüm Maqomayevdən oxudum. O yarışmada mənə göstərilən etimad, üstəlik yarımfinala kimi gəlməyim hamısı M. Maqomayevin yaradıcılığından qaynaqlanır. Onda içimdə əminlik yarandı. Mən Müslüm Maqomayevdən oxuya bilirəm. Ardınca da dövlət tədbirlərinə dəvət aldım. Hara getsəm, hansı səhnəyə çıxsam, ilk Müslüm Maqomayevdən oxuyuram, sonra da ayrı mahnılar...

- “Muğam” müsabiqəsinin iştirakçılarından olan Mustafa Mustafayev Qədir Rüstəmovdan oxudu. Qısa zamanda tanındı və sevildi. Çoxları, hətta muğam ifaçıları dedi ki, Mustafanın şöhrətinin arxasında Qədir Rüstəmov sənətini yamsılamaq dayanır. Yəni, sabah bu kimi iradlar sizin də ünvanınıza deyilə bilərmi?

- Təəssüf... Nədənsə bizdə kiminsə erkən uğuruna sevinmirlər, onu qəbul eləmirlər. Qısa zamanda irəli gedənlərə paxıllıq edirlər. Dərhal da onun üstünə yamsılamaq damğası vururlar. Bu qismətə də bağlıdır, gərək adamın naxışı gətirsin. Yəni elə bir məclisə düşə bilərsən ki, bircə ifan ilə qabağa gedərsən. Elə adam var bütün günü efirdədir, amma yenə də qəbul edilmir. Yamsılamağı qəbul etmirəm, qətiyyən. Müslüm Maqomayev yaradıcılığına müraciət edəndə məqsədim o deyildi ki, ətrafım “Müslümü yamsılayır” desin. Qoy desinlər ki, Müslümdən ifa etdi. Yamsılamaq isə parodiyaçılara aiddir. Mənim işim müğənnilikdir.

- Ömrünü səhnədə keçirən müğənnilər var. Amma bir dəfə də olsun dövlət tədbirində çıxış etməyib. 5 dövlət tədbirinin iştirakçısı olmusunuz, sizcə burada repertuarınızda olan mahnıların rolu varmı?

- Əlbəttə, 50/50-yə. Dövlət tədbiri toyxana, ad günü deyil, müğənninin mütləq normal repertuarı olmalıdır. Bir çox sənət adamlarının öz mahnıları var, mənimsə hələ yoxdur. Məsələn, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və s. Bu müğənnilərin hər birinin öz mahnıları var. Əlbəttə Müslümdən oxumasaydım, dövlət tədbirlərinə məni də çağırmazdılar.

- Bu gün əlinə mikrofon alıb səhnəyə çıxanların bir prinsipi var. Qısa zamanda toy tutmaq, varlanmaq, bahalı maşınlar, ev və s. Müslüm Maqomayev sənətində nə pul var, nə də dövlət. Sadəcə sonu kəsilməyən alqış var...

- Hə, bu yol mənə ancaq səhnədən alqış qazandıracaq. Zövqlər korlanıb anlayışı yoxdur. Zövq ya var, ya da yoxdur. Müğənni heç bir tamaşaçının zövqünü korlaya bilməz. Əgər kimsə zirzəmidə yazılan mahnılara qulaq asırsa, deməli zövqü odur. Klassik musiqi dinləyicilərinin sayı yetərincədir. Sadəcə olaraq nisbətdə səviyyəsiz musiqi dinləyiciləri bir az üstünlük təşkil edir. Təəssüflər olsun ki, bu gün hər yerdə pisin reklamı aparılır. Mən çıxış etdiyim tədbirlərdə Müslüm Maqomayev yaradıcılğını ayaq üstə dinləyib, alqışlayanlar var. Bunu danmaq olmaz. Televiziyalarda Bədii Şura yaradılıb. Qısa zamanda bayağı mahnıların qarşısı alınacaq. Getdiyim məkandan da çox şey asılıdır.

- Sosial şəbəkə yaranandan müğənnilərin bəziləri daha mətbuata çıxmaq istəmir. Hətta bəziləri efirlərdə də görünmür.

- Televiziya bir etalondur. Sosial şəbəkə nə qədər inkişaf etsə də televiziyaya çata biməz. Müğənni oradan birbaşa mədəniyyətini nümayiş etdirir. Televiziyaların bəziləri ödənişlidir, sosial şəbəkələrdə isə sadəcə qeydiyyat var, vəssalam. Ona görə də çoxları sosial şəbəkə səhifələrini daha münasib bilir.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description