"Ulduz" filminin yeni versiyası hazırlandı

Filmin 55 illik yubileyi tamam olub

"Ulduz” bədii filminin yeni versiyası təqdim olunub.

AzNews.az xəbər verir ki, filmin bu il həm də 55 illik yubileyi tamam olub. 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami Kinoteatrında “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

“Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edib.

Qeyd edək ki, filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Kinokomediyada iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən söhbət açılır.

Bahar RÜSTƏMLİ

AzNews.az