Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görülüblər

Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNECKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır

Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının müvafiq fəxri adlarına layiq görülüblər. “Gilavar” Azərbaycan Foto Klubunun üzvü Allahkərim Abbasov federasiyasının rəssamı (Artist FIAP), Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nadejda Cavadova isə federasiyasının üstünlük (Excellence FIAP) fəxri adlarını və diplomlarını əldə ediblər.

Bununla da bu qurumun fəxri adlarına layiq görülən azərbaycanlı fotoqrafların sayı 4-ə çatıb.

Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNECKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli və mükafatlar qazanmalıdır. Daha sonra Beynəlxalq Foto Sənəti Federasiyasının Direktorlar Şurasının və Bədii Komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur.

Qeyd edək ki, buna qədər Azərbaycandan Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbirləri İlqar Cəfərov və Rəşad Mehdiyev layiq görülüblər.

Eyni zamanda, Beynəlxalq Foto Sənəti Federasiyası Direktorlar Şurasının qərarı ilə “Gilavar” Azərbaycan Foto Klubu və klubun həmsədri Rəşad Mehdiyev FIAP təşkilatının Azərbaycan üzrə təmsilçisi təyin olunub.

AzNews.az

image description image description image description